“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 2 may 2012-ci il
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 317.5-ci maddəsinə əsasən hazırlanmışdır və xarici ticarətin gömrük statistikasının (bundan sonra - XTGS) nəşr olunması qaydasını müəyyən edir.
1.2. XTGS rəsmi statistikanın tərkib hissəsidir.
1.3. XTGS mallar üçün gömrük bəyannamələrində və gömrük orqanına təqdim edilən digər sənədlərdə olan məlumatlar əsasında formalaşdırılır.
1.4. XTGS-də malların idxal və ixracının qeydiyyatı onlar üçün tərtib edilmiş gömrük bəyannamələrində əks olunan malların buraxılma tarixinə əsasən aparılır.
1.5. XTGS-yə idxalı respublikanın maddi ehtiyatlarını artıran və ixracı maddi ehtiyatlarını azaldan bütün mallara dair məlumatlar daxil edilir.
2.1. XTGS malların idxalı və ixracı haqqında məlumatları tam və dəqiq əks etdirməlidir.
2.2. XTGS Azərbaycan Respublikasının digər ölkələrlə ticarət-iqtisadi münasibətlərinin vəziyyətini və dinamikasını xarakterizə etməklə, aşağıdakı məsələlərin həyata keçirilməsi məqsədini daşıyır:
2.2.1. xarici ticarət axınının əsas tendensiyasının, strukturunun və dinamikasının təhlili;
2.2.2. xarici iqtisadi fəaliyyətin tənzimlənməsində tarif və qeyri-tarif tədbirlərinin tətbiq edilməsinin nəticələrinin təhlili;
2.2.3. xarici ticarət siyasəti və xarici ticarətin dövlət tənzimləməsi sahəsində qərarların qəbul olunması üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin XTGS ilə təmin edilməsi;
2.2.4. gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına nəzarətin həyata keçirilməsi;
2.2.5. makroiqtisadi göstəricilərin proqnozlaşdırılması;
2.2.6. miqdar, dəyər və orta qiymət indekslərinin hesablanması;
2.2.7. xarici iqtisadi fəaliyyətin inkişafına və xarici ticarət əlaqələrinin genişləndirilməsinə yardım edilməsi;
2.2.8. dövlətin həyata keçirdiyi xarici iqtisadi siyasət tədbirlərindən irəli gələn digər məsələlərin həll edilməsi.
3.1. XTGS-nin formalaşdırılması üçün aşağıdakı əsas göstəricilərdən istifadə edilir:
3.1.1. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə malın kodu;
3.1.2. XİFMN üzrə malın adı;
3.1.3. malın hərəkət istiqaməti (idxal, ixrac);
3.1.4. hesabat dövrü;
3.1.5. malın statistik dəyəri (ABŞ dolları ilə);
3.1.6. malın netto çəkisi (kq);
3.1.7. XİFMN üzrə əlavə ölçü vahidi;
3.1.8. əlavə ölçü vahidi üzrə malın miqdarı;
3.1.9. malın təyinat ölkəsi;
3.1.10. malın mənşə ölkəsi;
3.1.11. malı göndərən ölkə;
3.1.12. ticarət edən ölkə;
3.1.13. malı sərhəddən keçirən nəqliyyat növü;
3.1.14. sövdələşmənin xarakteri.
3.2. Ərazisindən Azərbaycan Respublikasına mal və nəqliyyat vasitələrinin yola salındığı ilk ölkə göndərən ölkə, xarici ticarət əməliyyatının Azərbaycan Respublikasının rezidenti olmayan tərəfdaşının qeydiyyatda olduğu (yaşadığı) ölkə isə ticarət edən ölkə hesab edilir.
3.3. Tərəfdaş ölkə kimi idxalda malın mənşə ölkəsi, ixracda isə malın sonuncu bəlli olan təyinat ölkəsi hesab edilir.
3.4. Aşağıdakı hallarda malların idxalı göndərən ölkə üzrə aparılır:
3.4.1. mənşə ölkəsi bəlli olmayan mallar üçün;
3.4.2. “təkrar idxal” gömrük proseduru altında yerləşdirilən mallar üçün;
3.4.3. XİFMN üzrə mal mövqeyinin 97-ci mal qrupuna (İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat) daxil edilən mallar üçün.
3.5. Malın mənşə ölkəsi və göndərən ölkə məlum olmadıqda, malın idxalı ticarət edən ölkə üzrə aparılır.
3.6. Malın təyinat ölkəsi məlum olmadıqda, malın ixracı ticarət edən ölkə üzrə aparılır.
4.1. XTGS müntəzəm olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) rəsmi internet saytında yerləşdirilməklə, mətbuatda dərc edilməklə və statistik məcmuələr və bülletenlər şəklində nəşr edilməklə yayılır.
4.2. Aylıq məlumatlar növbəti ayın 15-dək Komitənin rəsmi internet saytında yerləşdirilir və Komitənin mətbu orqanında dərc edilir.
4.3. Rüblük məlumatlar həmin rübdən sonra 90 gün ərzində “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası” məcmuəsi şəklində nəşr edilir.
4.4. İllik məlumatlar növbəti ilin ikinci rübünün sonunadək “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası” məcmuəsi şəklində nəşr edilir.
4.5. Məlumatların həqiqiliyinə və dəqiqliyinə inamı artırmaq və onların istifadəçilər tərəfindən düzgün anlaşılmasına nail olmaq məqsədi ilə statistik nəşrlərə məlumatların mənbələri haqqında informasiya daxil edilir və məlumatlar müntəzəm olaraq yeniləşdirilir.
4.6. XTGS aşağıdakı bölmələr üzrə ayrı-ayrılıqda və ya toplu şəklində nəşr edilməklə yayılır:
4.6.1. Azərbaycan Respublikasının xarici ticarətinin ümumi yekunları;
4.6.2. idxal və ixracın aylar üzrə dinamikası;
4.6.3. mallar üzrə idxal və ixrac;
4.6.4. ölkələr üzrə idxal və ixrac;
4.6.5. hər hansı ölkəyə görə mallar üzrə idxal və ixrac;
4.6.6. hər hansı mala görə ölkələr üzrə idxal və ixrac;
4.6.7. ölkə qrupları üzrə idxal və ixrac;
4.6.8. gömrük ödənişləri.
5.1. Hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən xarici ticarət haqqında məlumatlar yalnız gömrük məqsədləri, o cümlədən XTGS-nin formalaşdırılması üçün istifadə olunur.
5.2. Malların idxalı və ixracı haqqında məlumatlar xarici iqtisadi fəaliyyət iştirakçısı ilə bağlı olduqda konfidensial (kommersiya sirri) sayılır.
5.3. Məxfi və konfidensial məlumatlar nəşr edilən məcmuələrdə və bülletenlərdə əks etdirilmir. Məxfilik və konfidensiallıq rejiminin tətbiqi nəticəsində XTGS-də təhrif olunmanın qarşısını almaq, habelə XTGS-nin tamlığını təmin etmək üçün məxfi və konfidensial məlumatlar ümumi yekunda nəzərə alınmalıdır.
1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
3. 5 avqust 2023-cü il tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1266)
4. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)