“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 6 sentyabr 2013-cü il
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 173.5-ci maddəsinə əsasən hazırlanmışdır və xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.
1.2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.
1.3. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
1.4. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə eynirəqəmli koda malik olmalıdır.
2.1. Gömrük orqanı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə ekvivalent mallardan istifadəyə şəxsin müraciəti olduğu halda icazə verir.
2.2. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərtilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.
2.3. Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qaldıqda, habelə xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə idxal gömrük rüsum və vergilərində əsassız fayda əldə etməyə imkan yaratdıqda, onların əvəzinə ekvivalent mallardan istifadəyə icazə verilmir.
2.4. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı şəxs ekvivalent mallardan istifadəyə icazə verilməsinə dair müraciət etməmişdirsə, ekvivalent mallardan istifadəyə dair icazə verilməsi barədə şəxsin yenidən müraciət hüququ məhdudlaşdırılmır.
2.5. Bu Qaydaların 2.4-cü bəndində nəzərdə tutulmuş halda icazə alınması üçün şəxs tərəfindən gömrük orqanına ərizə ilə müraciət olunur və ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində göstərilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:
2.5.1. malların yerləşdirilmiş olduğu xüsusi gömrük prosedurunun adı;
2.5.2. xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın adı, XİFMN üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı və ABŞ dolları ilə gömrük dəyəri;
2.5.3. xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın keyfiyyəti və texniki göstəriciləri;
2.5.4. mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda emal əməliyyatlarının təsviri;
2.5.5. ekvivalent malın adı, XİFMN üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı və ABŞ dolları ilə gömrük dəyəri;
2.5.6. ekvivalent malın keyfiyyəti və texniki göstəriciləri;
2.5.7. xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ekvivalent mallarla əvəzlənməsinin səbəbləri.
2.6. Ərizə ilə birlikdə aşağıda göstərilən sənədlər də təqdim edilməlidir:
2.6.1. mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda, malların emal edilməsinə dair bağlanılmış müqavilə;
2.6.2. Gömrük Məcəlləsinin 167.1-ci maddəsində göstərilən xüsusi gömrük prosedurlarına dair alınmış icazə.
2.6-1. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.7. Bu Qaydalara əsasən malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi məqsədi ilə ərizə və digər sənədlər qanunvericiliyin tələbləri nəzərə alınmaqla, elektron şəkildə də təqdim edilə bilər.
2.8. Bu Qaydaların 2.2-ci, 2.3-cü və 2.6-cı bəndlərinin tələblərinə riayət olunduqda, şəxs tərəfindən müraciət təqdim edildiyi tarixdən 2 (iki) iş günü müddətində gömrük orqanı ekvivalent mallardan istifadəyə dair kağız üzərində yazılı və ya elektron formada icazə verir və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat göndərir.
2.9. Bu Qaydaların 2.2-ci, 2.3-cü və 2.6-cı bəndlərinin tələblərinə riayət olunmadıqda (bu Qaydaların 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), ekvivalent mallardan istifadəyə dair icazə verilməsindən imtinaya dair gömrük orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilir və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat göndərilir.
2.10. Malların xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilərkən, şəxsin müraciətinə əsasən ekvivalent malların istifadəsinə də icazə verilir.
3.1. Daxildə emal xüsusi gömrük prosedurundan bu Qaydalarla müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə edilir.
1. 13 fevral 2015-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 fevral 2015-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 226)
2. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)