21.1. Xüsusi icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn hüquqlarla yanaşı, aşağıdakı hüquqları vardır:
21.1.1. icraatında olan icra sənədinin icrası məqsədilə qanunla müəyyən edilmiş qaydada fiziki şəxslərdən, dövlət orqanlarından və mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərdən məlumat və aidiyyəti sənədlər almaq;
21.1.2. fiziki şəxslərə və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərə icra hərəkətləri ilə əlaqədar tapşırıqlar vermək;
21.1.3. icra hərəkətləri ilə əlaqədar fiziki şəxsləri və vəzifəli şəxsləri çağırmaq;
21.1.4. bu Qanunda nəzərdə tutulmuş qaydada öz fəaliyyətinə görə haqq almaq;
21.1.5. əlavə icra haqqının ödənilməsi şərtlərini tələbkarla qarşılıqlı razılaşdırmaq;
21.1.6. icra işinin materiallarından çıxarışların, habelə sənədlərin surətlərinin çıxarılıb tərəflərə və onların nümayəndələrinə təqdim edilməsinə görə çəkilən xərclərin ödənilməsini tələb etmək;
21.1.7. “Elektron icra” informasiya sistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunan dövlət və digər informasiya ehtiyatları və sistemlərindən borclunun şəxsiyyəti, əmlakı, gəlirləri, olduğu yer və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan digər məlumatları normativ hüquqi aktlara uyğun olaraq real vaxt rejimində əldə etmək;
21.1.8. Azərbaycan Respublikasının əmək qanunvericiliyi və bu Qanunla nəzərdə tutulmuş qaydada işçiləri işə qəbul etmək və işdən azad etmək;
21.1.9. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyətdən istifadə etmək (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya məlumat verməklə);
21.1.10. öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq;
21.1.11. qanunla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.