Qanunvericilik › Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Xüsusi icra məmurunun vəzifələri

Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Xüsusi icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri vardır:

23.1.1. Reyestrə daxil edildiyi gündən 3 (üç) iş günü müddətində ofisinin yerləşdiyi yer üzrə vergi orqanına uçota alınmaq üçün müraciət etmək;

23.1.2. Palataya üzvlük haqqını ödəmək;

23.1.3. bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra sənədlərini qəbul etmək və icraatına başlamaq;

23.1.4. icraatın gözlənilən xərcləri barədə tərəflərə dolğun məlumat vermək;

23.1.5. icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək;

23.1.6. icra hərəkətlərini qanunda və icra sənədində nəzərdə tutulmuş qaydada və üsullarla həyata keçirmək;

23.1.7. icra icraatında iştirak edən şəxslərə onların hüquq və vəzifələrini, həyata keçirilən icra hərəkətlərinin hüquqi nəticələrini izah etmək;

23.1.8. “Elektron icra” informasiya sistemində icra sənədlərinin qeydiyyatını aparmaq, barəsində icra hərəkətləri həyata keçirilən əmlakın uçotunu aparmaq, icra icraatı ilə bağlı qərarları, aktları, protokolları və digər sənədləri həmin sistemə daxil etmək;

23.1.9. icra icraatı ilə bağlı sənədləri “Elektron icra” informasiya sistemində hazırlamaq və göndərmək;

23.1.10. fəaliyyətinin monitorinqi, yoxlanılması və ya barəsində başlanmış intizam icraatı ilə əlaqədar tələb olunan məlumatları, o cümlədən icra işlərini təqdim etmək;

23.1.11. xüsusi icra məmurlarının etik davranış qaydalarının tələblərinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) metodiki tövsiyələrinə riayət etmək;

23.1.12. qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

23.2. Xüsusi icra məmuru, xüsusi icra məmurunun köməkçisi və digər işçiləri şəxsi, ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergi sirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dair məlumatların, həmçinin digər konfidensial informasiyanın və peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların qorunmasını hər zaman təmin etməlidir (bu Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla).

23.3. Xüsusi icra məmuru icra hərəkətləri ilə əlaqədar olan məlumatları yalnız xeyrinə və ya barəsində icra hərəkətləri həyata keçirilmiş şəxslərə, onların vərəsələrinə və ya nümayəndələrinə bildirə bilər. Xeyrinə və ya barəsində icra hərəkətləri həyata keçirilmiş şəxslər, onların vərəsələri və ya nümayəndələri öz yazılı razılığı ilə xüsusi icra məmurunu həmin məlumatların sirrini saxlamaq vəzifəsindən azad edə bilər. Xeyrinə və ya barəsində icra hərəkətləri həyata keçirilmiş şəxsin vərəsəsi olmadıqda və ya peşə fəaliyyəti ilə əlaqədar xüsusi icra məmuruna qarşı cinayət işi qaldırıldıqda xüsusi icra məmuru məhkəmənin qərarına əsasən belə məlumatların sirrini saxlamaq vəzifəsindən azad edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver