28.1. Xüsusi icra məmurlarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçirilir. Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılır.
28.2. Plan üzrə yoxlama 2 (iki) ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılır. Plan üzrə yoxlamanın başlanmasına azı 10 (on) iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndərilir. Plan üzrə yoxlama zamanı xüsusi icra məmurunun fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılır, o cümlədən aşağıdakı məsələlərə diqqət yetirilir:
28.2.1. qanunla müəyyən edilmiş tələblərə, vəzifələrə və müddətlərə əməl olunması;
28.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Palatanın xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarların və digər sənədlərin tələblərinə əməl olunması;
28.2.3. informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən “Elektron icra” informasiya sistemindən istifadənin təşkili;
28.2.4. xüsusi icra məmurunun ofisinin bu Qanunla müəyyən edilmiş tələblərə uyğunluğu;
28.2.5. kargüzarlıq və arxiv işinin normativ hüquqi aktların tələblərinə uyğun təşkili;
28.2.6. xüsusi icra məmurunun bank hesablarındakı pul dövriyyəsi;
28.2.7. xüsusi icra məmurunun standart və əlavə icra haqqının tutulmasının, habelə avans ödənilməsinin qanuniliyi.
28.3. Plandankənar yoxlama aşağıdakı hallarda aparılır:
28.3.1. xüsusi icra məmurunun fəaliyyətində qanunazidd hallara yol verilməsi, etik davranış qaydalarının pozulması barədə mənbəyi məlum olan məlumatlar olduqda;
28.3.2. fəaliyyəti ilə bağlı xüsusi icra məmurundan tələb olunan məlumatlar müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya səhv məlumatlar təqdim edildikdə.
28.4. Yoxlamanı aparan orqanın (qurumun) xüsusi icra məmurunun ofisinə, təşkilati sənədlərinə, icraat materiallarına, arxivinə, digər bütün kağız və elektron məlumat daşıyıcılarına, xüsusi icra məmurunun bank hesablarına, icra sənədi üzrə xüsusi icra məmurunun saxlamasında olan əşyalara sərbəst çıxışı təmin edilir. Xüsusi icra məmuru tərəfindən buna hər hansı formada maneə yaradılması qadağandır.
28.5. Plandankənar yoxlamalar zamanı yalnız yoxlamanın əsasını təşkil edən məsələlərə aydınlıq gətirilir. Yoxlamanı aparan orqan (qurum) yoxlamanın başlanmasından əvvəl yazılı sorğu əsasında xüsusi icra məmurundan müvafiq məlumat və sənədlərin surətlərinin təqdim edilməsini tələb edə bilər. Sorğuda təyin olunan müddət məlumat və sənədlərin surətlərinin hazırlanması üçün yetərli olmalı və 1 (bir) iş günündən az olmamalıdır. Yoxlama xüsusi icra məmurunun normal fəaliyyətinə maneçilik törətməməli, müddəti 5 (beş) iş günündən artıq olmamalıdır.
28.6. Yoxlamanın gedişində, habelə nəticəsi üzrə hazırlanmış sənəddə aşkar edilmiş qanun pozuntularının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması barədə xüsusi icra məmuruna yoxlamanı aparan orqan (qurum) tərəfindən yazılı göstəriş verilir. Xüsusi icra məmuru 7 (yeddi) iş günündən gec olmayaraq qanun pozuntularının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı həmin orqana (quruma) təqdim etməlidir.
28.7. Xüsusi icra məmurunun qərarı nəticəsində hüquqlarına və ya qanuni mənafelərinə zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin müraciətinə baxılması zamanı həmin qərarın qanunsuz olduğu aşkar edilərsə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onun 24 saat müddətində ləğv edilməsi barədə yazılı göstəriş verir.
28.8. Yoxlamalar nəticəsində xüsusi icra məmurunun fəaliyyətində intizam pozuntusunun əlamətləri aşkar edildikdə yoxlamanı aparan orqan (qurum) onun barəsində intizam icraatına başlanılması üçün İntizam Komissiyasına, cinayət və ya inzibati xəta tərkibinin əlamətləri aşkar edildikdə isə səlahiyyətli dövlət orqanına müraciət edir. Səlahiyyətli dövlət orqanına müraciət edilməsi xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir.
28.9. İnzibati nəzarət icraatı zamanı xüsusi icra məmurunun qəbul etdiyi qərar məqsədəuyğunluq baxımından qiymətləndirilə bilməz.
28.10. Xüsusi icra məmurlarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
28.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurlarının fəaliyyətinə metodik dəstək göstərilir və onlara metodiki tövsiyələr verilir.
28.12. Xüsusi icra məmurunun fəaliyyətinə nəzarəti həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin qanunazidd qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.