Qanunvericilik › Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Müsabiqə Komissiyası

Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Müsabiqə Komissiyası 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Müsabiqə Komissiyası 3 (üç) üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), 3 (üç) üzvü Palata və 1 (bir) üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Palata və Notariat Palatası öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə 5 (beş) ildən artıq iş stajına malik olan şəxslər sırasından, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini 5 (beş) ildən artıq iş stajına malik olan hakimlər və vəkillər sırasından təyin edirlər. Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən olunur.

9.2. Müsabiqə Komissiyasının tərkibi və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Müsabiqə Komissiyasının sədri Komissiyanın birinci iclasında Komissiya üzvlərinin arasından seçilir.

9.3. Müsabiqə Komissiyasının səlahiyyət müddəti 3 (üç) ildir. 3 (üç) ildən sonra onun üzvlərinin azı üçdə bir hissəsinin Müsabiqə Komissiyasının əsasnaməsi ilə müəyyən edilmiş ardıcıllığa və qaydaya uyğun olaraq rotasiyası həyata keçirilməlidir.

9.4. Müsabiqə Komissiyası daxil olan müraciətlərə baxır, namizədlərlə müsabiqə keçirir və onun nəticələrinə dair qərar qəbul edir.

9.5. Müsabiqə Komissiyasına daxil olmuş müraciətlərə Komissiyanın iclaslarında 2 (iki) ay müddətində baxılır və yekun qərar qəbul olunur. Hər bir iclasın gedişi və qəbul olunan qərarlar tərtib edilən protokolda öz əksini tapmalıdır.

9.6. Müsabiqə Komissiyasının iclası onun azı 6 (altı) üzvü iştirak etdikdə səlahiyyətlidir.

9.7. Müsabiqə Komissiyası öz qərarlarını sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledicidir. Qərarlar iclasda iştirak etmiş bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın qərarı ilə razı olmayan və ya həmin qərarla bağlı xüsusi rəyi olan Komissiyanın üzvü rəyini yazılı şəkildə bildirə bilər. Xüsusi rəy açıqlanmır və işə əlavə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver