Qanunvericilik › “Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026) › Tam mətn

“Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026)

“Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Ədliyyə Nazirliyi, 25.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.2.1-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya

1. “Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E.Nəsibov).

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L.Hüseynzadə).

4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.

III dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Qaydalar “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq hazırlanmış və xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təşkil olunan təlimlərin planlaşdırılması, təşkili, keçirilməsi, iştirakçıların hüquq və vəzifələri, habelə təlim nəticələrinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi xüsusi icra məmurlarının və onların köməkçilərinin fəaliyyətində səmərəliliyin artırılmasını, onlar tərəfindən nəzəri və praktiki biliklərin əldə edilməsi və artırılmasını, vəzifələrinin icrası ilə əlaqədar peşəkar vərdişlərinin inkişafını təmin etməkdən ibarətdir.

1.3. Təlimlər hər 2 (iki) ildən bir icbari qaydada keçirilir.

1.4. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. ixtisasartırma – bilik və səriştələrin, habelə icra sənədlərin növünə uyğun olaraq xüsusi icra məmurlarının konkret sahələr üzrə peşəkarlığın artırılmasının təmin edilməsi;

1.4.2. peşə hazırlığı – praktiki bacarıq və vərdişlərin formalaşdırılması və vərdişlərin inkişaf etdirilməsi, o cümlədən normativ hüquqi aktların tətbiqinin öyrənilməsi.

2.1. Xüsusi icra məmurlarının ixtisasartırma təlimləri onların bilik və səriştələrinin, habelə konkret sahələr üzrə peşəkarlığının artırılmasını təmin etməklə icra prosesinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər sistemidir.

2.2. Xüsusi icra məmurlarının köməkçilərinin ixtisasartırma təlimləri onların icra fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinə, öz səlahiyyətləri çərçivəsində müstəqil işləmək qabiliyyətinin formalaşdırılmasına və peşə biliklərinin artırılmasına xidmət edir.

2.3. İxtisasartırma təlimləri aşağıdakıları əhatə edir:

2.3.1. icra icraatının, o cümlədən icra sənədlərinin növləri üzrə icra icraatının aparılması xüsusiyyətləri;

2.3.2. xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericilik;

2.3.3. məhkəmə qərarlarının icrası sahəsində praktiki problemlər və onların həlli yolları;

2.3.4. təlim ehtiyaclarına uyğun digər sahələr.

2.4. İxtisasartırma üzrə təlim ehtiyacları aşağıdakı qaydada müəyyən edilir:

2.4.1. xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətin nəticələri əsasında;

2.4.2. Xüsusi İcra Məmurları Palatasının (bundan sonra- Palata) təklifləri əsasında.

2.5. Müəyyən edilmiş ehtiyaclar əsasında hər il ixtisasartırma üzrə təlim planı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan – sonra Akademiya) tərəfindən Palata ilə razılaşdırılmaqla hazırlanır, Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilir və rektoru tərəfindən təsdiq olunur.

2.6. İxtisasartırma təlimlərinin məzmunu və müddəti Palata ilə razılaşdırılmaqla Akademiya tərəfindən hazırlanan təlim proqramları əsasında müəyyən edilir. Proqramlar Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilir və rektoru tərəfindən təsdiq olunur.

2.7. Təlimin vaxtı və yeri barədə iştirakçılara azı 10 gün qalmış məlumat verilir.

3.1. Xüsusi icra məmurlarının peşə hazırlığının artırılması onların fəaliyyətində zəruri olan praktiki bacarıq və vərdişlərin təkmilləşdirilməsinə, fəaliyyətinə dair yeni texnologiyaların və innovasiyaların öyrənilməsinə yönəlmiş tədbirlər sistemidir.

3.2. Xüsusi icra məmurlarının köməkçilərinin peşə hazırlığının artırılması onların icra prosesində effektiv iştirakını təmin edən praktiki bacarıqların və vərdişlərin formalaşdırılmasına yönəlir.

3.3. Peşə hazırlığının artırılması üzrə təlimlər aşağıdakıları əhatə edir:

3.3.1. etik davranış qaydaları;

3.3.2. idarəetmə bacarıqları;

3.3.3. kargüzarlıq və arxiv işi;

3.3.4. rəqəmsal bacarıqlar və elektron sistemlərdən istifadə;

3.3.5. mühasibatlıq və ofis idarəçiliyi;

3.3.6. digər zəruri praktiki sahələr.

3.4. Peşə hazırlığı üzrə təlim ehtiyacları aşağıdakı qaydada müəyyən edilir:

3.4.1. xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətin nəticələri əsasında;

3.4.2. Palatanın təklifləri əsasında.

3.5. Müəyyən edilmiş ehtiyaclar əsasında hər il peşə hazırlığı üzrə təlim planı Akademiya tərəfindən Palata ilə razılaşdırılmaqla hazırlanır, Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilir və rektoru tərəfindən təsdiq olunur.

3.6. Peşə hazırlığı üzrə təlimlərin məzmunu və müddəti Palata ilə razılaşdırılmaqla Akademiya tərəfindən hazırlanan təlim proqramları əsasında müəyyən edilir. Proqramlar Akademiyanın Elmi Şurası tərəfindən qəbul edilir və rektoru tərəfindən təsdiq olunur.

3.7. Təlimin vaxtı və yeri barədə iştirakçılara azı 10 gün qalmış məlumat verilir.

4.1. Təlimlər ödənişli əsaslarla və bağlanılmış müqaviləyə müvafiq olaraq həyata keçirilir. Ödənişin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən edilir.

4.2. Təlimə görə ödəniş təlimdən əvvəl həyata keçirilir.

4.3. İştirakçılar Akademiyada təlimə plana və Nazirlik və Palata tərəfindən razılaşdırılmış siyahıya uyğun olaraq cəlb olunur.

4.4. Təlimdə iştirakın üzrlü səbəblərdən mümkün olmadığı hallarda iştirakçı bu barədə əvvəlcədən məlumat verməli və üzrlü səbəbi təsdiq edən sənəd təqdim etməlidir. Bu halda o, növbəti təlimə cəlb edilir.

4.5. Təlim iştirakçıları tədris materialları ilə təmin olunur, onların hüquq və vəzifələri, habelə təlimdən kənarlaşdırılması halları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi” ilə müəyyən edilir.

4.6. İştirakçı təlimdən kənarlaşdırıldığı hallarda ödəniş geri qaytarılmır.

5.1. Təlimin yekununda iştirakçıların əldə etdikləri bilik, bacarıq, səriştə və vərdişlərin səviyyəsinin müəyyən edilməsi məqsədilə Akademiya tərəfindən yekun qiymətləndirmə aparılır.

5.2. Qiymətləndirmə tədris proqramlarına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə müəyyən edilən qiymətləndirmə formalarından istifadə edilməklə həyata keçirilir.

5.3. Yekun qiymətləndirməyə yalnız təlim proqramı üzrə nəzərdə tutulmuş dərslərin azı 80 faizində iştirak etmiş şəxslər buraxılır.

5.4. Qiymətləndirmənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış şəxslərə 5 (beş) iş günü müddətində müvafiq şəhadətnamə verilir.

5.5. Şəhadətnamənin forması Palata ilə razılaşdırılmaqla Akademiya tərəfindən müəyyən edilir.

5.6. Qiymətləndirmənin nəticələrindən narazı qalan iştirakçı bu barədə nəticənin ona məlum olduğu gündən 5 (beş) iş günü müddətində Akademiyanın rəhbərliyinə müraciət edə bilər. Bu halda iştirakçının şikayəti araşdırılır və 3 (üç) iş günü müddətində ona müvafiq izah verilir. İştirakçının şikayəti haqlı olduqda ona şəhadətnamənin verilməsi təmin edilir.

5.7. Təlimdə üzrsüz səbəbdən iştirak etməmək və ya iştirakdan əsassız olaraq yayınmaq “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq intizam pozuntusu hesab edilir və bu hal xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb olunmasına səbəb olur.

5.8. Təlimin nəticələri üzrə ümumiləşdirilmiş hesabat Akademiya tərəfindən hazırlanır və aidiyyəti üzrə Nazirlik və Palataya təqdim edilir. Hesabatda iştirakçıların nəticələri, aşkar edilmiş çatışmazlıqlar və gələcək təlimlərin təkmilləşdirilməsi üzrə təkliflər əks olunur.

5.9. Təlimin nəticələri növbəti təlim ehtiyaclarının müəyyən edilməsi, ixtisasartırma və peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi üçün əsas kimi istifadə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver