Qanunvericilik › Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası (İqtisadiyyat Nazirliyi, 05.01.2010) › Tam mətn

Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası (İqtisadiyyat Nazirliyi, 05.01.2010)

Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası (İqtisadiyyat Nazirliyi, 05.01.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qayda “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.2.1. xüsusi iqtisadi zonanın rezidentləri - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər.

1.2.2. Xüsusi iqtisadi zonanın operatoru - idarəetmə sazişi çərçivəsində xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə böyük təcrübəyə malik olan şirkət.

1.2.3. Xüsusi iqtisadi zonanın administrasiyası - xüsusi iqtisadi zonanın fəaliyyət müddətində onun ərazisində yaradılan İqtisadi İnkişaf Nazirliyinin yerli qurumu.

1.3. Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınmasını və onların fəaliyyətinə monitorinqin həyata keçirilməsini təmin edən qurum xüsusi iqtisadi zonanın administrasiyasıdır.

2.1. Xüsusi iqtisadi zonanın rezidentləri və xüsusi iqtisadi zonanın operatoru maliyyə ili başa çatdıqdan sonra növbəti ayın 20-dək fəaliyyətləri haqqında hesabat-statistik məlumatları xüsusi iqtisadi zonanın administrasiyasına təqdim edirlər. Xüsusi iqtisadi zonanın administrasiyası zəruri olduqda hesabat-statistik məlumatların daha qısa müddətdə təqdim edilməsini tələb edə bilər.

2.2. Hesabat-statistik məlumatlar aşağıdakıları əhatə etməlidir:

2.2.1. xüsusi iqtisadi zonanın rezidentinin zonada fəaliyyəti barədə məlumatı;

2.2.2. istehsal və ya emal olunan məhsulun və ya göstərilən xidmətlərin çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişikliklərini;

2.2.3. istehsal və ya emal olunan məhsulun və ya göstərilən xidmətlərin həcmi (istehsalın tam gücü göstərilməklə) və onun dinamikası barədə məlumatı;

2.2.4. rezidentin xüsusi iqtisadi zonada fəaliyyət göstərən işçilərin (yerli, əcnəbi, vətəndaşlığı olmayan) sayı barədə məlumatı;

2.2.5. müəssisənin rəqabət qabiliyyətinin və istehsal və ya emal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi, müasir idarəetmə üsullarının tətbiqi (İSO, HACCP sistemi və s.) üzrə tədbirləri;

2.2.6. istehsal və ya emal olunan məhsulun xüsusi iqtisadi zonadan ixrac istiqaməti və alıcı (və ya alıcılar) haqqında məlumat;

2.2.7. istehsal və ya emal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadəni;

2.2.8. ekoloji tələblərin yerinə yetirilməsinin vəziyyətini;

2.2.9. sosial tələblərin yerinə yetirilməsinin vəziyyətini.

2.3. Xüsusi iqtisadi zonanın administrasiyası hesabat-statistik məlumatları (və ya onların hissələrini) sənəd formasında (kağız daşıyıcısında) alır və tələb olunarsa, elektron formada (elektron daşıyıcıda və ya elektron poçt vasitəsi ilə) da ala bilər.

3.1. Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyətinə monitorinqin həyata keçirilməsinin məqsədi rezidentlərin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində və yaranmış problemlərin aradan qaldırılmasında köməklik göstərilməsindən və onların fəaliyyətinin statistik təhlili və analizinin aparılmasından ibarətdir.

3.2. Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyətinə monitorinq sənəd üzrə və ya baxış keçirilməsi yolu ilə aparılır.

3.3. Rezidentlərin fəaliyyət istiqamətləri, növü və istehsal və ya emal etdiyi məhsul, işçilərin say tərkibi və onların dislokasiyası üzrə qruplaşdırılaraq, xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən aparılan müvafiq informasiya sisteminə daxil edilir.

3.4. Ölkə iqtisadiyyatının, habelə əmtəə bazarlarının ümumi inkişaf meylləri nəzərə alınmaqla, rezidentlərin fəaliyyəti təhlil edilir.

3.5. Təhlilin nəticəsindən asılı olaraq, monitorinqin hansı məsələlər üzrə keçirilməsi müəyyən edilir.

3.6. Monitorinqin məqsədindən asılı olmayaraq aşağıdakı məsələlərin araşdırılması məcburidir:

3.6.1. xüsusi iqtisadi zonanın rezidentinin zonada fəaliyyəti və ya fəaliyyətsizliyi;

3.6.2. istehsal və ya emal olunan məhsulun çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişiklikləri;

3.6.3. müəssisənin rəqabət qabiliyyətinin və istehsal və ya emal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin görülməsi;

3.6.4. biznes plana uyğun olaraq istehsal və ya emal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadə olunması;

3.6.5. icarəsində olan torpaq sahələrinin təyinatı üzrə istifadəsi və icarə müqaviləsinin şərtlərinə əməl olunması;

3.6.7. torpaq sahələrində tikinti və yenidənqurma işlərinin aparılma vəziyyəti.

3.7. Monitorinqin nəticələrinə görə rezidentin inkişaf istiqamətlərinə dair tövsiyələr verilə, rezidentin fəaliyyətinin dəstəklənməsi ilə bağlı tədbirlər görülə və kadrların peşə səviyyəsinin yüksəldilməsində köməklik edilə bilər.

3.8. Xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən normativ hüquqi aktların tələbləri rezident tərəfindən dəfələrlə və ya kobudcasına pozulduqda xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən onun qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıla və rezidentin qeydiyyatı məhkəmə tərəfindən ləğv oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver