Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.4-cü yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyası
1. “Xüsusi müsadirə edilmiş əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində dərc edildikdən sonra Qərarla təsdiq edilmiş Təlimata uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
1.1. “Xüsusi müsadirə edilmiş əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimat” (bundan sonra – Təlimat) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Təlimat Qaydanın 3.1.1 – 3.1.7-ci yarımbəndlərində əhatə olunmayan xüsusi müsadirə edilmiş əmlakın (bundan sonra - əmlak) hərraca çıxarılması və hərracda satılması qaydalarını müəyyən edir.
1.3. Bu Təlimatda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
1.4. Bu Təlimatın 1.2-ci bəndində göstərilən əmlakın hərrac yolu ilə satışı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Xidmət) tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra – Təşkilatçı) tərəfindən təşkil edilir.
2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Qaydanın tələblərinə uyğun olaraq təhvil alınmış əmlakın satışı Hərrac komissiyası tərəfindən həyata keçirilir.
2.2. Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (3 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər) və Baş Prokurorluğun (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə olmaqla daimi fəaliyyətdə olan Hərrac komissiyası yaradılır. Komissiyanın sədri İqtisadiyyat Nazirliyinin nümayəndələri sırasından təyin edilir.
2.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiyanın işində mütəmadi olaraq iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair Təşkilatçı məsələ qaldıra bilər. Bu halda həmin şəxs digər şəxslə əvəz olunur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.
2.4. Hərrac gününə ən azı 30 (otuz) gün qalmış Təşkilatçı rəsmi internet səhifəsində hərraca çıxarılan əmlak haqqında elan yerləşdirilməsini təmin edir.
2.5. Elanda hərracın keçirilmə forması (açıq auksion), hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, hərrac predmetinin adı, daşınmaz əmlakın yerləşdiyi ünvan, əmlakı ətraflı şəkildə təsvir edən video və ya foto görüntü, hərrac predmeti ilə qabaqcadan tanış olma qaydaları, hərrac addımı (ilkin satış qiymətinin 1%-dən az olmayaraq), hərrac predmetinin ilkin satış qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği, ödənişin müddəti və köçürülməsi üçün müvafiq bank hesabı və ya beh məbləğində bank qarantiyası, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə verəcəkləri sənədlərin siyahısı, əmlakın ilkin satış qiyməti (sərbəst qiymətləndirici tərəfindən müəyyən edilən əmlakın bazar qiyməti), habelə beh məbləğinin bank qarantiyası formasında təqdim edilə bilməsi ilə bağlı məlumat, hərracla bağlı əlavə məlumatları almaq üçün əlaqə vasitələri barədə məlumatlar öz əksini tapmalıdır.
2.6. Hərracda iştirak etmək üçün verilən sifarişə behin ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti və ya beh məbləğində bank qarantiyası, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, fərdi sahibkar olduqda VÖEN-nin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə təqdim etməlidir.
2.6-1.Hərracda iştirak etmək üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
2.7. Hərracda bu Təlimatın 2.6-cı bəndində qeyd edilən sənədləri hərracın başlanmasına ən geci 3 (üç) bank günü qalanadək təqdim etmiş (bu Təlimatın 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və müəyyən edilmiş qaydada beh ödəmiş və ya beh məbləğində bank qarantiyasını təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
2.8. Bu Təlimatın 2.6-cı bəndində göstərilən sənədləri təqdim edən (bu Təlimatın 2.6-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) sifarişçi hərracın iştirakçısı olmaq hüququnu əldə edir.
2.9. Təlimatın 2.7-ci bəndində müəyyən edilmiş müddətdən gec daxil olan sifarişlər qəbul olunmur.
2.10. Sifariş və ona əlavə edilmiş sənədlər Təşkilatçı tərəfindən qəbul olunduğu gün qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə sifarişin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi, habelə onların hərracda iştirak etmə nömrəsi, satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir.
2.11. Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda bu barədə rəsmi elan yerləşdirildikdən 30 gündən gec olmayaraq keçirilən üçüncü hərracda həmin əmlakın qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin qiymətinin 10 faizi həcmində, 30 gündən gec olmayaraq keçirilən dördüncü hərracda ilkin qiymətinin 25 faizi həcmində, 30 gündən gec olmayaraq keçirilən beşinci hərracda ilkin qiymətinin 50 faizi həcmində aşağı salınır.
2.12. Hərracın nəticələri hərraca yekun vurulan gün Hərrac komissiyası və hərracın qalibi tərəfindən imzalanan hərrac protokolu ilə rəsmiləşdirilir. Hərrac protokolu iki nüsxədə tərtib edilir, imzalanır. Bu protokol müqavilə qüvvəsinə malikdir. Protokolda Təşkilatçı, Hərrac komissiyasının üzvlərinin adı, soyadı, atasının adı və vəzifəsi haqqında və hərracın qalibi haqqında (fiziki şəxsin adı, soyadı, atasının adı, FİN nömrəsi, fərdi sahibkar olduqda VÖEN-ni, hüquqi şəxsin isə adı, VÖEN-i) məlumatlar, satılan əmlakın adı, daşınmaz əmlakın ünvanı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi, satış qiyməti əks olunur.
2.13. Hərracda iştirak üçün ödənilmiş beh öhdəliklərin icrası hesabına aid edilməklə əmlakın satış məbləğinə daxil edilir. Hərracın qalibi əmlakın qiymətini 5 (beş) iş günü müddətində ödədiyi gün hərracın nəticələri dair protokolun bir nüsxəsi ona təqdim edilir və ya istəyinə uyğun sifarişində qeyd etdiyi poçt ünvanına göndərilir. Hərracın qalibi zərərçəkmiş şəxs olduqda ödəniş ona dəyən zərərin məbləğində azaldılır.
2.14. Hərracın iştirakçısı olmadıqda (sifariş verilmədikdə), hərracın qalibi olmadıqda (iştirakçı biletini qaldırmadıqda) və ya hərracın qalibi tərəfindən protokol imzalanmadıqda həmin gün hərracın baş tutmaması barədə protokol tərtib olunur və Təşkilatçı tərəfindən rəsmi internet səhifəsində hərracın baş tutmaması haqqında elan və həmin əmlakın növbəti hərracda satışı barədə elan yerləşdirilir.
2.15. Bu Təlimatın 2.12-ci, 2.14-cü və 2.17-ci bəndlərində müəyyən edilən hallar üzrə tərtib edilən hərracın nəticələri haqqında protokolun surəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və icra məmuruna təqdim edilir.
2.16. Əmlakın satışından daxil olan vəsait həmin əmlakın saxlanılması, satışı və Qaydanın 2.5-ci bəndinə əsasən əmlakın qiymətləndirilməsi ilə bağlı xərclər, o cümlədən məhkəmənin hökmü ilə dövlət nəfinə müsadirə olunmuş əmlak hesabına ödənilməsi nəzərdə tutulan və hərraca qədər ödənilməmiş qalan zərərçəkmişə dəymiş zərərin məbləği çıxılmaqla 3 (üç) iş günü müddətində dövlət büdcəsinə köçürülür.
2.17. Hərracın qalibi əmlakın dəyərini 5 (beş) iş günü ərzində ödəmədikdə hərracın nəticələri ləğv olunur və bu barədə həmin gün rəsmi elan yerləşdirilir. Hərracın qalibi hərrac başa çatdığı gün hərracın nəticələri haqqında protokolu imzalamadıqda və hərracın nəticələri ləğv edildikdə əmlak Təşkilatçıda saxlanılır və ödənilmiş beh hərracı udmuş şəxsə qaytarılmır, bu Təlimatın 2.16-cı bəndində göstərilən xərclər çıxılmaqla 3 (üç) iş günü müddətində dövlət büdcəsinə köçürülür. Bu Təlimatın 2.11-ci bəndində müəyyən edilən müddətlər hərracın baş tutmaması barədə elanın tarixindən hesablanır.
2.18. Hərrac keçirilmədikdə, iştirakçı qalib ola bilmədikdə, habelə beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş şəxslər tərəfindən ödənilmiş beh və ya bank qarantiyası Təşkilatçı tərəfindən təqdim olunmuş siyahı əsasında 10 (on) bank günü müddətində geri qaytarılır. Əmlakın qiymətinin süni surətdə aşağı salınmasının qarşısının alınması məqsədilə hərracın qalibi əmlakı hərracın satış qiyməti ilə almaqdan imtina edərsə, o, eyni əmlakın satışı ilə bağlı növbəti hərraclara buraxılmır.
2.19. Protokolu imzalamaqdan boyun qaçıran Təşkilatçı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
2.20. Hərracın keçirilməsi barədə elanda ayrı qayda nəzərdə tutulmayıbsa, elan verən Təşkilatçı hərracı keçirməkdən qanunvericiliklə müəyyən edilən hallarda, lakin onun keçirilməsi gününə ən geci 3 (üç) iş günü qalmış imtina edə bilər. Təşkilatçı hərracı keçirməkdən həmin müddəti pozmaqla imtina etdikdə, iştirakçılara dəyən zərərin əvəzini ödəməlidir.
3.1. Hərrac qalibinin hərrac predmeti üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün hərrac protokolu qalibin əldə etdiyi əmlak üzərində hüquqlarının dövlət qeydiyyatının aparılması məqsədilə müvafiq dövlət qurumuna Təşkilatçı tərəfindən 5 (beş) iş günü müddətində daşınmaz əmlakın dövlət reyestrinə və daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqana elektron qaydada göndərilir. Əmlak üzərində mülkiyyət hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edilir. Hərracda satılan nəqliyyat vasitələri hərracın qalibinin adına müvafiq inzibati orqanlarda hərrac protokolu əsasında rəsmiləşdirilir.
3.2. Hərracda satılan əmlakın hərracın qalibinə təhvil verilməsi onun müraciəti əsasında 3 (üç) iş günü müddətində Təşkilatçı tərəfindən “Qəbul-təhvil aktı” əsasında həyata keçirilir. “Qəbul-təhvil aktı”nın surəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və icra məmuruna təqdim edilir.
1. 20 dekabr 2023-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312200028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2023-cü il)