Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.
Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi tədbirlərini hökmən göstərməlidirlər.
Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı, avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi barəsində qərarlar hökmən nəzərdə tutulmalıdır.
Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini müvafiq icra hakimiyyəti orqanları hazırlayır və həyata keçirirlər.
Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.