"Yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 noyabr tarixli 187 nömrəli qərarına əlavələr edilməsi barədə
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 198 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 noyabr tarixli 187 nömrəli qərarının 1-ci bəndinin birinci abzasında, 3-cü bəndində və qərarın əlavəsinin adında birinci halda "mənzil" sözündən sonra "və ya torpaq sahəsi" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri başçıları bu qərarın 1-ci bəndinin icrası olaraq 2005-ci ildən başlayaraq növbəti il üçün dövlət büdcəsinin layihəsində qərarda nəzərdə tutulan kateqoriyadan olan şəxslərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hər il aprel ayının 1-dək təqdim edilən vəsaitlərə olan tələbata dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 noyabr tarixli 187 nömrəli qərarının əlavəsindəki formaya mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı ilə yanaşı bələdiyyələrdən alınmış məlumat əsasında torpaq sahəsi uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında da məlumatın daxil edilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 16 fevral 2005-ci il