1.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.0.1. minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan qida, qeyri-qida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu;
1.0.2. yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma;
1.0.3. əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s);
1.0.4. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;
1.0.5. ailədə adambaşına düşən orta gəlir - ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti;
1.0.6. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;
1.0.7. ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı;
1.0.8. minimum əmək haqqı – ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, orta aylıq əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ;
1.0.9. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;
1.0.10. sosial sahəyə aid müəssisələr - sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).