Qanunvericilik › Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu;

1.0.2. yaşıllıq əraziləri – yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühit (məkan);

1.0.3. yaşıllıqların mühafizəsi – ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər;

1.0.4. yaşıllıqların salınması – yaşıllıq üçün ayrılmış ərazinin əkinə hazırlanmasına, əkin materialının əldə olunmasına və bitkilərin əkilməsinə (yerləşdirilməsinə) yönəlmiş fəaliyyət;

1.0.5. yaşıllıqların qorunması – yaşıllıqlara aqrotexniki qulluq göstərilməsinə, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsinə yönəlmiş tədbirlər;

1.0.6. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu;

1.0.7. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi;

1.0.8. yaşıllıqların məhv edilməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik);

1.0.9. yaşıllıqların zədələnməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsi;

1.0.10. yaşıllıqların bərpası – götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması;

1.0.11. yaşıllıqların bərpa dəyəri – yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmə;

1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına), bərpa edilməsi şərtilə və ya bərpa edilmədən kəsilməsinə yönəlmiş tədbir;

1.0.13. ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki;

1.0.14. kol – oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver