20.1. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir.
20.2. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq aparılır.
20.3. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslər nəzarətin aparılmasından beş iş günü əvvəl yazılı şəkildə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək nəzarətin həyata keçirilməsi yeri və vaxtı barədə məlumat verməlidirlər.
20.4. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən şəxslər aşağıdakı hüquqlara malikdirlər:
20.4.1. müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumat almaq;
20.4.2. yaşıllıq ərazisində olan bitkilərin bioloji müxtəlifliyinin qorunub saxlanması və səmərəli istifadəsi üzrə təkliflər vermək;
20.4.3. yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin və qurğuların yerləşdirilməsi layihələrinin ictimai ekoloji ekspertizasını “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil etmək;
20.4.4. yaşıllıqların mühafizəsinə və inkişafına dair qərarların hazırlanmasında və müzakirəsində iştirak etmək, habelə bu sahədə maraqlı olan əhali ilə məsləhətləşmələrin aparılması təşəbbüsü ilə çıxış etmək;
20.4.5. yaşıllıq ərazilərinə baxış keçirmək;
20.4.6. yaşıllıqların mühafizəsinə ictimai nəzarətin nəticələrini media ilə ictimaiyyətə çatdırmaq və ictimai müzakirələr keçirmək;
20.4.7. şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsinin, məhv edilməsinin, yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr qarşısında vəsatət qaldırmaq;
20.4.8. xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazidə mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasını tələb etmək.