Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası
1. “Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və insan resursları şöbəsi (Aynurə Kərimova) bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Kollegiyanın katibi bu Qərarın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
4. Qərarın icrasına nəzarət nazir müavini Vüqar Kərimova həvalə olunsun.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 03 aprel 2024-cü il tarixli 2/01 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. “Yerin təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlağıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası” “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən hazırlanmışdır.
1.2. Auksiona çıxarılan qeyri-filiz faydalı qazıntı yataq sahələri üzrə yatağın ehtiyat həcmi və digər komponentlər Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları”na uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikasında faydalı qazıntı yataqları və təzahürləri kadastrı planına əsasən hazırlanmış yatağın pasportunda göstərilən geoloji-iqtisadi informasiya aşağıdakı göstəricilərdən (meyarlardan) ibarətdir:
-Əsas faydalı qazıntıların adı;
-Coğrafi koordinatlar;
-Geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyi;
-Yatağın kəşf tarixi;
-Kəşfiyyat şəbəkələri, dağ-qazma və sınaqlaşdırma işlərinin növləri, həcmi, kəşfiyyatın ümumi dərinliyi;
-Yataq ərazisində aparılan geoloji işlərin mərhələləri, tarixi və maliyyə vəsaiti xərcləri;
-Sahənin geoloji (şəraiti) strukturu;
-Yatağın yan süxurları;
-Süxurun mineral tərkibi;
-Süxurun kimyəvi tərkibi;
-Süxurun texnoloji xüsusiyyətləri;
-İstismarın dağ-texniki şəraiti;
-İstismarın hidrogeoloji şəraiti.
1.3. Müsabiqəyə çıxarılan filiz faydalı qazıntı yataqları üzrə faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq müxtəlif olub “Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 176 nömrəli Qərarı əsasında müəyyən edilən texniki-iqtisadi göstəricilərdən (meyarlardan) ibarətdir.
2.1. Hərrac predmetinin başlanğıc qiyməti aşağıdakı formula əsasında hesablanır:
HQmin – Hərrac predmetinin başlanğıc qiyməti
ƏMVD – Mədən vergisi dərəcəsinin əmsalı
Əgeoloji – Yatağın geoloji xüsusiyyətlərini xarakterizə edən əmsal
Ənöv – Faydalı qazıntının növünü xarakterizə edən əmsaldır.
2.1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən ehtiyatları dövlət (və ya sahə) balansında təsdiq olunmuş və uçota alınmış faydalı qazıntı yataq sahələrinin hərrac predmetinin başlanğıc qiyməti aşağıdakı formada hesablanır:
Qeyri-filiz faydalı qazıntı yataqları üzrə: Faydalı qazıntı ehtiyatlarının və yer təki sahələrinin geoloji informasiyasının ekspertizası əsasında müəyyən edilmiş ehtiyat həcmə əsasən;
Filiz faydalı qazıntı yataqları üzrə: Yatağın texniki-iqtisadi əsaslandırılma (TİƏ) layihəsində müəyyən edilmiş əmtəə məhsulu vahidinin topdan satış qiymətinə əsasən.
2.1.2. Faydalı qazıntının ehtiyat həcminin və əmtəə məhsulu vahidinin topdansatış qiymətinin müəyyən edilməsi mədən vergi dərəcəsinin əmsalının (ƏMVD) hesablanması üçün vacibdir.
2.1.3. Geoloji-iqtisadi informasiya əsasında (yatağın pasportunda) yatağın geoloji şəraitinə uyğun olaraq yatağın geoloji xüsusiyyətlərini xarakterizə edən əmsal (Əgeoloji) müəyyən edilir.
2.1.4. Faydalı qazıntının növünü xarakterizə edən əmsal (Ənöv) Dövlət Geoloji İnformasiya Fondunda qeydiyyata alınmış məhdud sayda olan faydalı qazıntı yataqlarının ehtiyat həcmləri nəzərə alınaraq hesablanır və daha yüksək əmsalla qiymətləndirilir.
2.1.5. Hesablama metodikasına əsasən yerin təkindən istifadəyə görə hərrac predmetinin başlanğıc qiyməti hərracın (auksion və müsabiqənin) təşkil edildiyi hər bir faydalı qazıntı yatağının sahəsi üçün ayrıca müəyyən edilir.
2.2. Mədən vergisi dərəcəsi əmsalı (ƏMVD) aşağıdakı formula əsasında hesablanır:
Mvergisi - Faydalı qazıntının ehtiyat həcminə (və ya topdansatış qiymətinə) münasibətdə ödənilməli mədən vergisi;
Məmsal - Mədən vergisini xarakterizə edən əmsaldır.
2.2.1. Faydalı qazıntı növündən (filiz və qeyri-filiz) asılıq olaraq mədən vergisi (Mvergisi):
Müsabiqəyə çıxarılacaq filiz faydalı qazıntı yataqlarının texniki-iqtisadi əsaslandırılmasında (TİƏ) müəyyən edilmiş əmtəə məhsulu vahidinin topdan satış qiymətinə münasibətdə;
Auksiona çıxarılacaq qeyri-filiz faydalı qazıntı yataqlarında yataq sahəsinə dair geoloji informasiyanın ekspertizası nəticəsində müəyyən edilmiş faydalı qazıntının ehtiyat həcminə nisbətdə ödənilir.
2.2.2. Mədən vergisini xarakterizə edən əmsal (Məmsal):
Mədən vergisini xarakterizə edən əmsal filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına görə aşağıdakı kimi müəyyən edilmişdir:
Qeyri-filiz faydalı qazıntı yataqları üzrə – 0,1 əmsal;
Filiz faydalı qazıntı yataqları üzrə – 0,2 əmsal.
2.3. Yatağın geoloji xüsusiyyətlərini xarakterizə edən əmsal (Əgeoloji):
Yatağın geoloji xüsusiyyətlərini xarakterizə edən əmsal yatağa dair geoloji-iqtisadi göstəricilərdə qeyd olunan yatağın (strukturu) geoloji şəraitinə uyğun müəyyən edilir:
Dövlət və ya sahə balansına alınmış sadə faydalı qazıntı yatağı üçün - 1 əmsal;
Dövlət və ya sahə balansına alınmış orta və mürəkkəb yataqlar üçün - 0,5 əmsal.
2.4. Faydalı qazıntını növünü xarakterizə edən əmsal (Ənöv)
Faydalı qazıntı yataqlarının növünü xarakterizə edən əmsal aşağıda göstərilən növlər üzrə əmsallar əsasında hesablanır:
Qeyri-filiz və filiz faydalı qazıntı yataqları üzrə – 1 əmsal;
Ölkə üzrə həcmləri məhdud olan və istehsal prosesində tələb olunan faydalı qazıntı yataqları üzrə (bu Metodikanın 1 nömrəli Əlavəsində göstərilən siyahıya uyğun olaraq) – 2 əmsal.
Hərracda (müsabiqə və auksionda) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:
Ehtiyat həcmi 200000 (iki yüz min) kub metrədək - 540 (beş yüz qırx) manat;
Ehtiyat həcmi 200000 (iki yüz min) kub metrdən 500000 (beş yüz min) kub metrədək- 810 (səkkiz yüz on) manat;
Ehtiyat həcmi 500000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080 (bir min səksən) manat.
“Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası”na
Şüşə xammalı (dolomit)
Mergel (sement xammalı)