Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir.
İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir.
Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur.
Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir.
Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.