Faydalı qazıntı ehtiyatlarının dövlət balansı sənaye əhəmiyyətli yataqlar üzrə hər növ faydalı qazıntı ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, öyrənilmə dərəcəsi, onların yerləşməsi, sənayedə istifadə dərəcəsi, faydalı qazıntıların çıxarılması, itkisi və kəşf edilmiş faydalı qazıntı ehtiyatları ilə sənayenin təmin edilməsi haqqında məlumatları özündə əks etdirir və mineral-xammal bazasının vəziyyətinin uçotu məqsədilə aparılır.
Faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı, hər bir yataq üzrə əsas və yanakı faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, onlarda olan komponentlərin miqdarını, yataqların işlənməsinin dağ-mədən-texniki, hidrogeoloji, ekoloji şəraitini və geoloji-iqtisadi qiymətləndirilməsini səciyyələndirən məlumatları, eləcə də hər bir faydalı qazıntı təzahürünə dair məlumatları özündə birləşdirməlidir.
Dövlət kadastrı faydalı qazıntı yataqlarının kompleks istifadəsi, onların işlənilməsi ilə əlaqədar infrastrukturun səmərəli inkişafı və yerləşdirilməsi məqsədi ilə aparılır.
Faydalı qazıntı ehtiyatlarının dövlət balansı və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan təşkilat və müəssisələrin dövlət geoloji informasiya fonduna təqdim etdikləri hesabatlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib edilir və aparılır.