Azərbaycan Respublikasında yerin təkindən istifadəyə görə ödəmələrdə istisnalar aşağıdakı hallarda tətbiq edilir:
hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və ya icarəyə götürülmüş torpaq sahəsində öz ehtiyaclarının ödənilməsi üçün müəyyən olunmuş qaydada ümumi yayılmış faydalı qazıntılar və təzyiqsiz yeraltı sular hasil edildikdə;
yer təkinin öyrənilməsinə dair elmi-tədqiqat və dövlət proqramları ilə aparılan geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, mühəndis-geoloji araşdırmalar, geoekoloji tədqiqatlar, yeraltı suların rejiminə və balansına nəzarət, eləcə də yerin təkinin bütövlüyünü pozmamaqla görülən digər işlər, bu Qanunun 7-ci maddəsinin birinci hissəsinin 5-ci bəndində qeyd edilən xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılması üçün işlər aparıldıqda.
Mürəkkəb dağ-mədən-geoloji şəraitdə yerləşən, yaxud aşağı keyfiyyətə malik, o cümlədən çətin çıxarılan, kondisiyaya uyğun olmayan, faydalı qazıntıların əvvəl dövlət balansından silinmiş ehtiyatlarını saxlayan yataqların istifadə edilməsini, örtük və yan süxurlardan, dağ-mədən və onunla əlaqədar emal istehsalatının tullantılarından istifadəni, eləcə də əsas və yanakı komponentlərin istehsalını, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqini həvəsləndirmək məqsədilə yer təkinin istifadəçiləri yerin təkindən istifadəyə görə ödənişlərdən qismən azad oluna bilərlər.