Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar:
yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa;
yerin təkindən özbaşına istifadə edilərsə;
yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa;
yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə;
geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa;
faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa;
yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə;
yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə;
yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa;
ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə;
yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə;
yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə.
Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır.