Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 11.1-1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə və 13-cü maddəsinin 2-ci hissəsinin b) bəndinə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun 10.5-ci maddəsinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun 22.1.4-cü və 22.1.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 44/1 nömrəli Qərarının 1-ci hissəsi (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 29 sentyabr tarixli 38/5 nömrəli Qərarı ilə edilmiş dəyişiklik) və ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 07 iyul tarixli 19 nömrəli Qərarı (ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 20 dekabr tarixli 18051000017 nömrəli Qərarının 5-ci hissəsi ilə edilmiş dəyişiklik) ləğv edilsin.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qayda Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun (bundan sonra - Qanun) 11.1-1-ci maddəsinə, “Valyuta tənzimi haqqında” Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə və 13-cü maddəsinin 2-ci hissəsinin b) bəndinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun 22.1.4-cü maddəsinə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun 10.5-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində yerli bankın şöbəsinin (bundan sonra - şöbə) fəaliyyəti ilə bağlı şərtlər və tələbləri, həmçinin bankların, onların filial və şöbələrinin nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydalarını müəyyən edir.
1.2. Bu Qayda poçt rabitəsinin milli operatoru tərəfindən nağd qaydada həyata keçirilən valyuta mübadiləsi əməliyyatlarına da şamil edilir.
1.3. Şöbələrin fəaliyyəti, habelə banklar, o cümlədən onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması ilə bağlı fəaliyyət zamanı bank fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, onlara müvafiq olaraq qəbul edilən normativ xarakterli aktların tələblərinə, habelə bankın daxili reqlamentinə (qaydalar, əsasnamələr, prosedurlar və s.) riayət edilməlidir.
2.1. Qanunun 11-ci maddəsinin tələblərinə cavab verən bank şöbənin açılması barədə qərar qəbul edə bilər. Şöbənin açılması barədə qərar qəbul edildikdə qanunla müəyyən edilmiş müddətdə və qaydada bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) yazılı bildiriş, habelə müvafiq sənəd və məlumatlar təqdim edilir. Qanuna görə Mərkəzi Bank tərəfindən bildirişə müsbət baxılmış hesab edildikdə şöbə fəaliyyətə başlaya bilər.
2.2. Şöbə yalnız əsasnamələrində müəyyən edilmiş aşağıdakı fəaliyyət növlərinin bir və ya bir neçəsini həyata keçirə bilər:
2.2.1. depozitlərin cəlb edilməsi;
2.2.2. bank hesablarının açılması və aparılması;
2.2.3. hesablaşma-kassa xidmətləri;
2.2.4. valyuta mübadiləsi əməliyyatları;
2.2.5. pul köçürülməsi.
2.3. Şöbə kreditlərin verilməsi haqqında qərarın qəbulu istisna olmaqla, bank və ya bankın filialı tərəfindən verilən kreditlərlə bağlı sənədlərin qəbulu, borcalanların ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi və digər tədbirləri görə (əməliyyatları apara) bilər.
2.4. Şöbədə aparılan əməliyyatlar haqqında məlumatlar real vaxt rejimində informasiya sistemi vasitəsilə banka ötürülməlidir.
2.5. Şöbənin fəaliyyətinin təşkili, əməliyyatların aparılması və uçotu, əməliyyat gününün yekunlaşdırılması, hesabatlığın təmin edilməsi, təhlükəsizlik tədbirləri və fəaliyyətinin digər sahələrinə bankın daxili nəzarət və risklərin idarə edilməsi sistemləri çərçivəsində davamlı nəzarət təmin edilməlidir.
2.6. Bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı daxili nəzarət proqramı üzrə həyata keçirdiyi tədbirlər çərçivəsində şöbəyə əməkdaşların işə götürülməsi prosesində peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmini məqsədilə yoxlama prosedurlarını tətbiq etməli və davamlı qaydada şöbə əməkdaşlarını müvafiq təlimlərə cəlb etməlidir.
3.1. Bankda, onun filial və şöbələrində aşağıdakı nağd valyuta mübadiləsi əməliyyatları həyata keçirilir:
3.1.1. nağd xarici valyutanın nağd manatla alınması və satılması;
3.1.2. bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;
3.1.3. xarici valyutanın nağd qaydada dəyişdirilməsi, yəni xarici dövlətin nağd xarici valyutasının həmin xarici dövlətin digər nominalda nağd xarici valyutasına dəyişdirilməsi.
3.2. Nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satışı, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alışı müştərinin şəxsiyyətini təsdiq edən sənəd əsasında aparılır.
3.3. Banklar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında son bir il ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
3.4. Əməliyyat günü ərzində mübadilə üçün müvafiq valyutanın çatışmadığı hallar istisna olmaqla, bankda/filialda/şöbədə yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
3.5. Aparılmış hər bir mübadilə əməliyyatı üzrə müştəriyə bank çıxarışı verilir. Bank çıxarışında əməliyyata dair aşağıdakı məlumatlar əks edilir:
3.5.1. bankın/filialın/şöbənin adı (nömrəsi) və ünvanı;
3.5.2. əməliyyatın tarixi və vaxtı;
3.5.3. əməliyyatın növü;
3.5.4. mübadilə məzənnəsi (Azərbaycan Respublikasının milli valyutasının xarici valyutaya nisbətdə alış və ya satış məzənnəsi);
3.5.5. tətbiq edildikdə, komisyon haqq (xidmət haqqı);
3.5.6. alınan (qəbul olunan) valyutanın adı, məbləği;
3.5.7. satılan (verilən) valyutanın adı, məbləği;
3.5.8. bu Qaydanın 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin növü, fərdi identifikasiya nömrəsi (FİN), FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi;
3.5.9. əməliyyatı aparan məsul şəxsin imzası və ştampı (ştampın üzərində bankın/filialın/ şöbənin adı (nömrəsi) olmalıdır). Bu tələb gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş bank çıxarışlarına şamil edilmir.
3.6. Valyuta mübadilə əməliyyatları aparılan sahədə müştərilərin görə biləcəyi yerdə aşağıdakı məlumatlar əks olunmalıdır:
3.6.1. xüsusi elektron lövhədə (lövhənin üzərində bankın/filailın/şöbənin adı (nömrəsi) nəzərə çarpan hərflərlə yazılmalıdır) mübadilə məzənnəsi, komisyon haqq (xidmət haqqı) tətbiq edildikdə isə faktiki mübadilə məzənnəsi (alış məzənnəsindən komisyon haqqın (xidmət haqqının) çıxılması və ya satış məzənnəsi ilə komisyon haqqın (xidmət haqqının) toplanması yolu ilə hesablanan məzənnə);
3.6.2. tətbiq edildikdə, komisyon haqq (xidmət haqqı);
3.6.3. valyuta mübadilə əməliyyatları aparılan iş vaxtı.
4.1. Məzənnələr və əməliyyat günü ərzində məzənnəyə dəyişikliklər bankın səlahiyyətli struktur bölməsi tərəfindən müəyyən edilir və səlahiyyətli vəzifəli şəxsi tərəfindən təsdiqlənir.
4.2. Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət edilməlidir.
1. 6 may 2025-ci il tarixli 17/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202505060174, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2025-ci il)