“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası” təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 mart 2008-ci il
1.1. Bu Qayda “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanına əsasən hazırlanmışdır və yetkinlik yaşına çatmayanların çətin həyat şəraitinin aradan qaldırılmasında, onların yaşayış yerində, təhsil müəssisələrində, iş yerlərində sosial statuslarının bərpa edilməsində yetkinlik yaşına çatmayanlara, onların valideynlərinə və digər qanuni nümayəndələrinə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, habelə sosial və digər köməklik göstərilməsi, yetkinlik yaşına çatmayanların ailələrinə qayıtması üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri (bundan sonra – müəssisə) tərəfindən tədbirlərin görülməsi qaydalarını müəyyən edir.
1.2. Müəssisələrə sosial sığınacaqlar (bundan sonra – sığınacaq) və sosial reabilitasiya mərkəzləri (bundan sonra – mərkəz) aiddir.
1.3. Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Qaydanı rəhbər tutur.
1.4. Müəssisədə sosial xidmətin göstərilməsi “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir.
1.5. Müəssisəyə yerləşdirilmə və həmin müəssisəni tərk etmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi Qaydası”na uyğun olaraq aparılır.
1.6. Müəssisədə yetkinlik yaşına çatmayanların (bundan sonra – şəxslər) geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş “Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması”na uyğun həyata keçirilir.
2.1. Şəxslərə müəssisədə aşağıdakı xidmətlər göstərilir:
2.1.1. sığınacaqlara yerləşdirilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun yaşayış yeri ilə təmin edilməsi, onların normal inkişafı üçün şərait yaradılması, şəxslərin pulsuz yemək, geyim, ayaqqabı və yumşaq inventarlarla, həmçinin zəruri mebel, avadanlıq və ləvazimatlarla təmin olunması;
2.1.2. mərkəzlərə yerləşdirilmiş şəxslərə sanitariya-gigiyena normalarına uyğun şəraitdə xidmətlərin göstərilməsi, onların normal inkişafı üçün şərait yaradılması, pulsuz yeməklə təmin edilməsi;
2.1.3. şəxslərin ilkin tibbi müayinəsi, onlara ilkin tibbi yardımın göstərilməsi və həkim rəyinə əsasən dərman vasitələri ilə, həmçinin xəstəliyi müəyyən edilmiş şəxslərin ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilməsinin təmin edilməsi;
2.1.4. şəxslərə sosial xidmətin göstərilməsi və onların sosial reabilitasiyasının təşkili məqsədilə sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən hesabatın və şəxsə sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması, onlara əsasən sosial xidmətin təşkili;
2.1.5. şəxslərin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi, onların depressiya və inkişafa maneə olan psixi pozuntu vəziyyətindən çıxarılması, yaş göstəriciləri, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq psixoloji yardım göstərilməsi;
2.1.6. şəxslərin təhsil səviyyəsinin müəyyənləşdirilməsi, onların fiziki və əqli imkanlarına uyğun təhsil almalarına köməklik göstərilməsi məqsədilə müvafiq təhsil müəssisələrinə müraciət edilməsi və bu istiqamətdə təhsil müəssisələri ilə birgə tədbirlərin təşkili;
2.1.7. şəxslərə sosial-pedaqoji xidmətlərin göstərilməsi;
2.1.8. şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;
2.1.9. şəxslərin məişətdə və ictimai yerlərdə davranış qaydalarına riayət etməsi, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılmasına köməklik göstərilməsi;
2.1.10. şəxslərin dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili;
2.1.11. şəxslərin sadə əmək vərdişlərinə və müxtəlif peşələrə yiyələnmələrinə köməklik göstərilməsi, müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, peşə meyillərinin aşkar edilməsi, peşəyönümünə dair məsləhətlərin verilməsi, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunması və ya peşə hazırlığı kurslarına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
2.1.12. şəxslərə sosial-mədəni xidmətlərin göstərilməsi;
2.1.13. şəxslərin hüquq və mənafelərinin müdafiəsi məqsədilə onlara hüquqi yardım göstərilməsi;
2.1.14. kimsəsiz uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi, həmçinin sənədlərinin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, təhsili və işlə təmin olunması üçün lazım olan sənədlər) əldə edilməsinə köməklik göstərilməsi;
2.1.15. şəxslərin ailələri ilə görüşmələrinin və telefon vasitəsilə əlaqə saxlamalarının təmin edilməsi;
2.1.16. ailə məsləhət xidməti:
2.1.16.1. şəxslərin reabilitasiya proqramlarının həyata keçirilməsində ailənin və ya qanuni nümayəndələrinin fəal iştirakının təmin edilməsi, həmçinin şəxslərin və ailələrinin psixososial reabilitasiyası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
2.1.16.2. sosial təhlükəli vəziyyətdə olan ailələrə psixo-korreksiya yardımı etməklə, şəxslərin ailə mühitinə qaytarılmasına köməklik göstərilməsi;
2.1.16.3. şəxslərin və ailələrinin sosial mühitə uyğunlaşmasına və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi;
2.1.16.4. şəxslərin baxımsızlığına səbəb olan hallara münasibətdə ailələrin hüquqi problemlərinin həllinə köməklik göstərilməsi;
2.1.16.5. şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi ilə əlaqədar ailə ilə maarifləndirici söhbətlər aparılması və ailəyə müvafiq məsləhətlər verilməsi.
Müəssisə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
1. 22 fevral 2020-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 210)
2. 5 mart 2021-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 280)
3. 16 fevral 2022-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 fevral 2022-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 167)
4. 11 sentyabr 2025-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 13 sentyabr 2025-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 860)
5. 4 dekabr 2025-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 12 dekabr 2025-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1225)
6. 20 iyul 2026-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2026-cı il, “Xalq” qəzeti, 24 iyul 2026-cı il, № 130)