Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materialların hazırlanması qaydası

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, yetkinlik yaşına çatmayanlar barəsində intizam təsir tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması və onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədilə materiallar cinayət prosesini həyata keçirən orqan tərəfindən uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.

20.2. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi barədə materiallar üzrə icraat zamanı uşaq hüquqlarının müdafiəsi üzrə komissiya müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə lazımi sənədlərin təqdim edilməsi üçün sorğular göndərir. Bu sorğular 10 gün ərzində icra edilməlidir.

20.3. Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi imkanının müəyyən edilməsi üçün onların tibbi, o cümlədən psixi müayinəsi keçirilir.

20.4. Yetkinlik yaşına çatmayanların tibbi müayinəsi zamanı onların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsinə yol verməyən xəstəliklər aşkar edildikdə, onlar tibbi-tərbiyə müəssisələrində yerləşdirilir.

20.5. Barəsində qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmə haqqında icraat başlanan yetkinlik yaşına çatmayanlar - valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarəti altına, uşaq evlərində, internat məktəblərində və ya digər uşaq müəssisələrində saxlanan yetkinlik yaşına çatmayanlar isə həmin uşaq müəssisələrinin müdiriyyətinin nəzarəti altına verilirlər.

Məhkəməyə gəlməkdən yayınan 14 yaşına çatmış yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri hakimin qərarına əsasən daxili işlər orqanları tərəfindən məcburi gətirilə bilərlər.

20.6. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında vəsatətə məhkəmə tərəfindən baxılanadək yetkinlik yaşına çatmayan aşağıdakı hallarda məhkəmənin qərarı əsasında 30 günədək daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə göndərilə bilərlər:

20.6.1. yetkinlik yaşına çatmayanın həyat və sağlamlığına təhlükə olduqda;

20.6.2. ictimai təhlükəli əməlin təkrar törədilməsinin qarşısını almaq üçün;

20.6.3. yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya qaldığı yer olmadıqda;

20.6.4. yetkinlik yaşına çatmayan məhkəməyə gəlməkdən və ya tibbi müayinədən dəfələrlə yayındıqda. Yetkinlik yaşına çatmayanın məhkəməyə gəlməkdən və tibbi müayinədən yayınması dedikdə, onun üzrlü səbəblər olmadan təkrarən məhkəməyə və ya tibbi müayinə aparan dövlət tibb müəssisəsinə gəlməməsi, yaxud yaşayış yerindən qaçması başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver