23.1. Qərarda onun çıxarılma vaxtı və yeri, qərarı çıxaran məhkəmənin adı, hakim, yetkinlik yaşına çatmayan və materialların baxılmasında iştirak etmiş digər şəxslər haqqında məlumatlar, materiallara baxılması zamanı müəyyən edilmiş hallar göstərilir.
23.2. Qərarda aşağıdakı nəticələrdən biri öz əksini tapmalıdır:
23.2.1. intizam təsir tədbirinin tətbiq edilmə müddəti göstərilməklə, yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında;
23.2.2. məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən tərbiyə etmək imkanı olduğunu sübut edən dəlillər aşkar edildiyi hallarda, göstərilən yetkinlik yaşına çatmayana qarşı digər intizam təsir tədbirlərinin tətbiqi üçün materialların uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında;
23.2.3. materiallar üzrə icraata xitam verilməsi barədə.
23.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanma müddətinə yetkinlik yaşına çatmayanın daxili işlər orqanının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzində saxlandığı müddət daxil edilir.