Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.0. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edirlər:

9.0.1. yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunmasını, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini;

9.0.2. təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini;

9.0.3. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini;

9.0.4. yetkinlik yaşına çatmayanların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsini;

9.0.5. tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsini;

9.0.6. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların, habelə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktik qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsini;

9.0.7. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırılmasını;

9.0.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh və bu maddədə nəzərdə tutulmayan digər intizam təsir tədbirlərinin tətbiq edilməsini;

9.0.9. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası və sosial müdafiəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver