Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsinin ümümiləşdirilməsini müzakirə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclərin iqtisadi, sosial, mədəni və s. hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra qanunlar qəbul edilmiş, milli qanunvericiliyin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması sahəsində xeyli işlər görülmüşdür. Eyni sözlər yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin ibtidai istintaqı və məhkəmələrdə baxılması, onlar haqqında qəbul edilmiş qərarların icrası ilə bağlı məsələlərə də aiddir.
Azərbaycan Respublikası 1993-cü il 28 iyul tarixli 652 nömrəli Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na və 1992-ci il 21 iyul tarixli 236 nömrəli Milli Məclisin Qərarı ilə BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulduğundan Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində həmin sənədlərin müəyyən etdiyi bir çox məsələlər öz əksini tapmışdır.
Azərbaycan Respublikasının məhkəmələri yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə dair işlərə baxarkən bu sahədə qanunvericiliklə müəyyən edilmiş normalara əsasən əməl edirlər. Bununla yanaşı, ümumiləşdirmə göstərir ki, bəzi məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərə dair işlərə baxılarkən maddi və prosessual qanun normalarının tələbləri pozulur, təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifində və cəza təyini məsələlərində səhvlərə yol verilir, cinayət törətmiş yetkinlik yaşına çatmayanların həyat və tərbiyə şəraiti kifayət qədər araşdırılmır, onlar tərəfindən cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmir. Bu sahədə yol verilmiş, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə nadir hallarda xüsusi qərarlar çıxarılır, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunur.
Yetkinlik yaşına çatmayanların cinayət işlərinə baxılması üzrə vahid məhkəmə təcrübəsinin yaradılması, bu sahədə yol verilmiş qanun pozuntularının gələcəkdə təkrarlanmaması, qanunların eyni cür və düzgün tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
1. Məhkəmələrin diqqəti yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət hadisələri haqqındakı işlərə maddi və prosessual qanunvericiliyin tələblərinə ciddi əməl etməklə vaxtında və keyfiyyətli baxılmasının zəruriliyinə cəlb edilsin.
Yetkinlik yaşına çatmamış şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanunazidd əməlin xarakterinə uyğunluq təşkil etməlidir.
Bu kateqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə icraatı tənzimləyən normalara (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 428-435-ci maddələri) ciddi surətdə əməl edilməsi məqsədilə bu kateqoriyalı işlərə daha təcrübəli, peşəkarlıq səviyyəsi yüksək olan hakimlərin sədrliyi ilə baxılmalı, hər bir məhkəmə qərarının qanuni və əsaslı olmasında onların şəxsi məsuliyyəti artırılmalıdır.
2. CPM-in 429-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin yaşının dəqiq müəyyən olunması onun barəsindəki işlər üzrə icraat zamanı müəyyən edilməli məcburi hallardan biri hesab edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar. Cinayət-prosessual qanunla əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi, 14 yaşına çatmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin cinayət prosesində iştirakı, onların malik olduqları hüquqlar və hüquqların həyata keçirilməsi qaydası və s. bu kimi məsələlər tənzimləndiyindən, CPM-in 428.2-ci maddəsi ilə “yetkinlik yaşına çatmayanlar” cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər kimi müəyyən edilmişlər. Şəxsin on səkkiz yaşa çatması onun doğulduğu gündən deyil, həmin günün qurtardığı vaxtdan, yəni sonrakı günün başlandığı andan götürülür.
Məhkəmə-tibb ekspertizasının rəyi ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin yaşı müəyyən olunarkən onun doğum günü ekspertiza rəyində göstərilən ilin son günü hesab olunur. Belə şəxsin yaşı minimum və maksimum illər üzrə müəyyən edildikdə isə ekspertlərin təklif etdikləri minimum yaş əsas götürülür.
CPM-in 429-cu maddəsində yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün) yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı müəyyən edilməli olan mühüm hallar sırasında göstərildiyindən, işdə buna dair mötəbər məlumatların olmaması və yaxud məlumatların ziddiyyətli olması işin mahiyyəti üzrə qanuni həllini qeyri-mümkün etdikdə, CPM-in 303.3.6-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında işə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas verən hal kimi qiymətləndirilməlidir.
3. Yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslər barəsində işlərə baxılarkən nəzərə almaq lazımdır ki, CPM-in 92.4.2-ci maddəsinə əsasən bu növ işlər üzrə müdafiəçinin cinayət prosesində, o cümlədən məhkəmə baxışında iştirakı məcburidir və şəxsin yetkinlik yaşına çatmasından asılı olmayaraq ilk dəfə dindirildiyi, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarının, tutma haqqında protokolun və ya həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın elan edildiyi andan təmin olunmalıdır. Bu qayda şəxsin bir cinayəti 18 yaşına çatana qədər, digər cinayəti isə 18 yaşına çatdıqdan sonra törətməsi hallarına da aiddir.
Yetkinlik yaşına çatmayanların məhkəmədə müdafiəçi ilə təmin edilməsinin məcburiliyi dedikdə, onların bütün məhkəmə icraatlarında (birinci instansiya məhkəməsinin hazırlıq iclası və məhkəmə baxışı, apellyasiya instansiyası məhkəməsinin ilkin baxışı və məhkəmə iclası, kassasiya instansiyası məhkəməsinin iclası, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar məsələlərə baxılması üzrə məhkəmə iclası və s.) müdafiəçi ilə təmin edilməsi ehtiva olunur.
CPM-in 432.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq aparılarkən müdafiəçinin iştirakı məcburidir. Qanunun həmin tələbinin pozulması kobud qanun pozuntusu hesab edilir və məhkəmənin hazırlıq iclasının qərarı ilə CPM-in 303.3.1-ci maddəsinə əsasən işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına səbəb olur. Birinci instansiya məhkəməsi tərəfindən yetkinlik yaşına çatmayanların işləri üzrə müdafiəçinin iştirakının məcburiliyi barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi isə CPM-in 391.8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmün ləğv edilməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi, cinayət işinin birinci instansiya məhkəməsində yenidən baxılmasından ötrü qaytarılması üçün əsasdır.
4. Yetkinlik yaşına çatmayanlar haqqında həbs qətimkan tədbiri seçilməsinə dair ibtidai araşdırma orqanının təqdimatlarına baxılarkən məhkəmələr hər bir halda həbs qətimkan tədbiri seçilməsinin zəruriliyi, şəxs haqqında daha yüngül qətimkan tədbiri seçilməsinin mümkünsüzlüyü barədə təqdimatda gətirilən dəlilləri ətraflı yoxlamalıdırlar. Bu zaman nəzərə almaq lazımdır ki, CPM-in 434.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox törədilməsi istinad edildikdə müstəsna hal kimi yol verilir. Həm də həmin şəxslər haqqında bu növ qətimkan tədbiri mümkün qədər qısa müddət üçün tətbiq olunmalıdır.
İşin konkret hallarından və törədilmiş cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, yetkinlik yaşına çatmayanın şəxsiyyəti, onun həyat tərzi, tərbiyəsi, valideynləri ilə münasibəti nəzərə alınmaqla məhkəmə hər bir halda CPM-in 154.2.8 və 170-ci maddələrinə uyğun olaraq yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsi valideynlərinin, qəyyumlarının, himayəçilərinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin nəzarəti altına verə bilər.
5. CPM-in 435.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işinin məhkəmə baxışında yetkinlik yaşına çatmayan şəxsin valideynləri və ya digər qanuni nümayəndələri iştirak etmək hüququna malikdirlər. Qanuni nümayəndələr dedikdə, CPM-in 7.0.30-cu maddəsində sadalanan şəxslər nəzərdə tutulur.
Yetkinlik yaşına çatmayanın valideynləri olmadıqda yaxud o, qəyyum və ya himayəçi təyin edilməyən şəxsin yanında yaşadıqda məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsini qanuni nümayəndə qismində işə cəlb edə bilər. Yetkinlik yaşına çatmayanın mənafeyi tələb etdikdə məhkəmə özünün əsaslandırılmış qərarı ilə valideynlərin və ya digər qanuni nümayəndələrin məhkəmə iclasında iştirakına yol verməyə bilər.
Yetkinlik yaşına çatmayanların həyat tərzi, tərbiyəsi ilə əlaqədar ətraflı məlumat əldə etmək məqsədilə təhsil-tərbiyə müəssisələrinin və ya iş, yaxud yaşayış yeri üzrə ictimai təşkilatların nümayəndələrinin də məhkəmədə iştirakını təmin etmək üçün tədbirlər görülməlidir.
Şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi cinayət prosesinə cəlb edildiyi andan CPM-in 101.5-ci maddəsi ilə müəyyən edilən hüquqları əldə edir.
6. On səkkiz yaşına çatanadək cinayət törətmiş şəxs məhkəmədə işə baxılana qədər yetkinlik yaşına çatdıqda cinayət prosesində onun qanuni nümayəndəsinin iştirakına xitam verilir.
Məhkəmə yaxın qohum olan qanuni nümayəndənin razılığı ilə onu şahid qismində dindirmək qərarına gəldikdə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin mahiyyətini ona izah etməlidir. Bu zaman qanuni nümayəndə bilə-bilə yalan ifadə verməyin məsuliyyəti barədə CM-in 297-ci maddəsi ilə xəbərdar edilməlidir.
7. Yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsə dair cinayət prosesində onun xronik psixi xəstəliyi, ruhi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəliyi haqqında əsaslı məlumatlar olduqda, CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan (CPM-in 331.7-ci maddəsində nəzərdə tutulmuş hal olduqda - məhkəmə) yetkinlik yaşına çatmayanın ictimai təhlükəli əməli törədərkən və mövcud psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə psixiatrik ekspertizası, o cümlədən yetkinlik yaşına çatmamış şəxsdə psixi inkişafdan geri qalmanın mövcud olub-olmamasının və bu halın onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətinə təsirinin aydınlaşdırılması üçün kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizası təyin edir.
8. Yetkinlik yaşına çatmayanlar tərəfindən 18 yaşına çatmış şəxslərin iştirakı ilə törədilmiş cinayətlər haqqında işlərə baxılarkən onlarla cinayətin yetkinlik yaşına çatan iştirakçısı arasındakı qarşılıqlı münasibətlərin xarakterinin dəqiq araşdırılması zəruridir. Çünki belə araşdırma yetkinlik yaşına çatmayanın cinayətin törədilməsinə, habelə CM-in 171-ci maddəsində nəzərdə tutulmuş fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb edilməsində yetkinlik yaşına çatmış şəxsin rolunun müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Yetkinlik yaşına çatmamış şəxsləri cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmamasını bilmədiyi halda, o, CM-in 170 və ya 171-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirkarın cinayətin törədilməsinə və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız əməllərə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmamasından məlumatlı olması sonuncunun zahiri əlamətləri, onların arasında qohumluq, tanışlıq münasibətlərinin olması, əməlin, onun elementlərinin törədildiyi yerin orta məktəb və yaxud əsasən yeniyetmələrin getməyə üstünlük verdikləri digər yer olması və s. bu kimi obyektiv hallara görə də müəyyən edilə bilər.
CM-in 170 və 171-ci maddələri ilə başa çatmış cinayət əməlinə görə məsuliyyət yetkinlik yaşına çatmayan şəxsin cəlb edildiyi cinayətin və ya CM-in 171-ci maddəsi ilə ehtiva olunan hər hansı əxlaqsız əməlin törədilməsinə yönələn, o cümlədən cinayətə hazırlıq üzrə ilk hərəkəti etməyə başladığı andan yaranır. Buna başlamadan yetkinlik yaşına çatmayan şəxs cinayət əməlini və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız əməli törətməkdən imtina etdikdə və yaxud təqsirkar özünün və ya yetkinlik yaşına çatmayanın iradəsindən asılı olmayan digər səbəblərdən yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə və ya əxlaqsız əməllərə cəlb etməyə müvəffəq olmadıqda, sözügedən əməl CM-in 170 və ya 171-ci maddəsində göstərilən cinayəti törətməyə cəhd kimi CM-in 29-cu maddəsinə istinad olunmaqla tövsif olunmalıdır.
9. Nəzərə almaq lazımdır ki, yaşına görə ( CM-in 20-ci maddəsi) və ya anlaqsızlığa görə (CM-in 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır. Bununla belə, yuxarıda göstərilən əsaslara görə cinayət məsuliyyəti daşımayan yetkinlik yaşına çatmamış şəxs cinayət xarakterli əməl törətdikdə, onu cinayət fəaliyyətinə cəlb etmiş və ondan cinayətin vasitəsi kimi istifadə etmiş şəxs cinayətin icraçısı kimi məsuliyyət daşıyır.
Yetkinlik yaşına çatmayanı cinayətə təhrik edən yetkinlik yaşına çatmış şəxsin hərəkətlərində törədilmiş cinayətin tərkib əlamətləri olduqda, o, CM-in 170-ci maddəsi ilə yanaşı, həm də konkret cinayətin törədilməsinə təhrikə görə məsuliyyətə cəlb olunmalıdır.
9-1. İstər CM-in 170-ci maddəsində nəzərdə tutulmuş əmələ, istərsə də CM-in 171-ci maddəsi ilə ehtiva olunan əmələ görə cinayət məsuliyyətinin yaranmasının əsasını yetkinlik yaşına çatmayanın hüquqa və əxlaqa zidd olan əməllərə cəlb edilməsi təşkil etdiyindən və bu səbəbdən “yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs” anlayışının CM-in 170-ci maddəsində göstərilən “cəlb etmə” əməlinə münasibətdə bir cür, CM-in 171-ci maddəsində göstərilən “cəlb etmə” əməlinə münasibətdə başqa cür təfsir edilməsi (fərqləndirilmə) üçün obyektiv əsas olmadığından, CM-in 170.2-ci maddəsində təsbit edilən tövsifedici əlamət şərh edilərkən CM-in 171.2.3-cü maddəsinin dispozisiyası nəzərə alınmalı və birinci normada “yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs” dedikdə, yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi başa düşülməlidir.
9-2. CM-in 170.3-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə dedikdə, təqsirkar tərəfindən yetkinlik yaşına çatmayanın (cəlb edilənin özü nəzərə alınmadan) ən azı iki nəfərdən ibarət olan cinayətkar qrupa (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin cinayətkar fəaliyyətinə) cəlb olunması başa düşülür.
10. Yetkinlik yaşına çatmayanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud təqsirkardan maddi, xidməti və ya sair asılılığından istifadə olunmaqla cinayətkar fəaliyyətə və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız hərəkətlərə cəlb edilməsi kimi halın mövcud olub-olmaması bu cinayətlərin obyektiv cəhətini təşkil edən faktiki halların araşdırılması ilə yanaşı, həm də cəza təyin etmə məsələsinin həlli baxımından yetkinlik yaşına çatmayanlarla bağlı cinayət prosesində müəyyən edilməsi tələb olunan mühüm əhəmiyyətli məsələdir. Belə ki, CM-in 59.1.6-cı maddəsində qeyd olunan hal cəzanı yüngülləşdirən hal qismində təsbit edilmişdir və müəyyən edildiyi təqdirdə yetkinlik yaşına çatmayana cəzanın təyin edilməsi zamanı nəzərə alınmalıdır.
11. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır.
Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.
Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər.
11-1. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.
Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-in 85.2-85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir.
Yetkinlik yaşına çatmayanın təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduğu halda da ona CM-in 85.5-ci maddəsinin tələbinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Lakin belə cinayətlərə görə təqsirli bilinmiş şəxslərə 10 ildən az müddətə və ya CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmayan daha yüngül növ cəza yalnız CM-in 62-ci maddəsinə istinad olunmaqla və onun tətbiqi üçün əsaslar (cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar) olduqda təyin edilə bilər.
12. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilən cəzanın müddəti və miqdarı da CM-in 85-ci maddəsində nəzərdə tutulan hədlərdən yuxarı, o cümlədən azadlıqdan məhrum etmə cəzasının müddəti on ildən artıq ola bilməz. Bu səbəbdən yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir.
Şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşına çatdıqdan sonra törədildikdə, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, əvvəlcə CM-in 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin edilməli və CM-in 66-cı maddəsinə uyğun olaraq qəti cəza müəyyən olunmalıdır.
Cinayət qanununun eyni maddəsi ilə tövsif olunan cinayətlərdən bir qismi yetkinlik yaşına çatanadək, digər qismi isə yetkinlik yaşına çatdıqdan sonra törədildikdə həmin maddə ilə cəza ümumi əsaslarla, yəni xüsusi normalara istinad edilmədən təyin olunmalıdır.
Yetkinlik yaşına çatmayanlara cinayətə hazırlığa və ya cinayətə cəhdə görə müvafiq olaraq CM-in 63.2 və ya 63.3-cü maddəsinə əsasən cəza təyin edilərkən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddi kimi CM-in 85-ci maddəsində nəzərdə tutulan müddətlər əsas götürülməli və bu halda da CM-in 63.2, 63.3 və 85-ci maddələrinin tələblərinə əsasən ona CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az müddətə cəzanın təyin edilməsi zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin olunmalıdır.
Yetkinlik yaşına çatmayanlar barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələ də müzakirə edilməlidir.
Nəzərə almaq lazımdır ki, CM-in 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır.
13. Yetkinlik yaşına çatmayan şəxsə cəza təyin olunarkən nəzərə almaq lazımdır ki, CM-in 18.4-cü maddəsinə müvafiq olaraq 18 yaşınadək törədilmiş cinayətlərə görə, o cümlədən götürülməmiş və ya ödənilməmiş məhkumluqlar cinayətlərin residivinin müəyyən olunması zamanı nəzərə alınmır. Bu, şəxsin yetkinlik yaşına çatmadığı vaxt törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi hallarına da aiddir.
14. Yetkinlik yaşına çatmayanın CM-in 72-74-1-ci maddələrində nəzərdə tutulan əsaslarla cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü bütün hallarda nəzərdə saxlanılmalıdır. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxsin işi üzrə səmimi peşmanlıqla və yaxud zərərçəkmişlə barışmaqla bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas verən, müvafiq olaraq CM-in 72.1 və 73.1-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən olunduqda, yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü məsələsinə mütləq baxılmalıdır.
16. CM-in 85.1-ci maddəsi ilə yetkinlik yaşına çatmayanlara təyin edilməsinə yol verilən cəzalar sırasında yalnız cərimə cəzası CM-in 43-cü maddəsində həm əsas, həm də əlavə cəza kimi təsbit edildiyindən, müstəsna olaraq cərimə yetkinlik yaşına çatmayanlara əlavə cəza qismində təyin edilə bilər. Əlavə cəza qismində təyin edildiyi hallarda da CM-in 44.3-cü maddəsi ilə yanaşı, CM-in 85.2-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının yetkinlik yaşına çatmayanlara təyin edilməsinin şərtləri və həddi barədə tələblərə əməl olunmalıdır.
17. Yetkinlik yaşına çatmayan məhkum təyin olunmuş cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarını çəkməkdən qərəzli surətdə boyun qaçırdıqda təyin olunmuş cəzalar müvafiq olaraq CM-in 44.4, 47.3, 49.3 və 52-1.5-ci maddələrində göstərilən başqa cəza növləri ilə əvəz edilə bilər. Bu zaman əvəz etmə qaydasında müəyyən olunmuş cəzanın müddəti yetkinlik yaşına çatmayanlar üçün qanunda müəyyən edilən hədlərdən kənara çıxmamalıdır.
18. CM-in 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayanın barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər.
Yetkinlik yaşına çatmayan barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər.
19. CM-in 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər (məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması).
Yetkinlik yaşına çatmayanlar valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verilərkən göstərilən şəxslərin yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəyindən əminlik olmalıdır. Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yetkinlik yaşına çatmayanın onların nəzarətinə verilməsinə münasibətlərinin, yetkinlik yaşına çatmayanın maddi təminatı imkanlarının və s. əhəmiyyət kəsb edən məsələlərin araşdırılması zəruridir. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valideynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da, belə razılıq alınmalıdır.
Cinayət işinə xitam verilməsi və yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər qismində valideynlərin və ya onları əvəz edən şəxslərin (qohumların, qəyyumların) və yaxud ixtisaslaşdırılmış dövlət orqanının nəzarəti altına verilməsi və ya asudə vaxtının məhdudlaşdırılması, davranışı üzərində başqa xüsusi nəzarət qoyulması barədə qərar qəbul edilərkən həmin qərarda tədbirin tətbiq edilməsi müddəti də göstərilməlidir.
20. CM-in 89-cu maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxarmaqla yetkinlik yaşına çatmayanı cəzadan azad etməyə və onun barəsində CM-in 88.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməyə, yaxud da onu təhsil idarəsi orqanının qapalı tipli xüsusi tədris-tərbiyə müəssisəsinə göndərməyə haqlıdır.
Nəzərə alınmalıdır ki, göstərilən xüsusi tədris-tərbiyə müəssisəsinə yalnız az ağır cinayətlərin törədilməsinə görə məhkum olunmuş yetkinlik yaşına çatmamış şəxslər göndərilirlər. İttiham hökmünün nəticəvi hissəsində cinayətin törədilməsində təqsirli bilinən yetkinlik yaşına çatmayana cəza təyin edilmədən, birbaşa məhkəmə tərəfindən müəyyən edilmiş tərbiyəvi xarakterli məcburi tədbirin tətbiqinə dair qərar göstərilməlidir.
21. CM-in 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər.
Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir.
22. On səkkiz yaşına çatan və Cəzaların İcrası Məcəlləsinin 128.1-ci maddəsinə əsasən tərbiyə müəssisələrində saxlanılan məhkum cəzanın icrası qaydalarını pozduqda Cəzaların İcrası Məcəlləsinin 129-cu maddəsinə müvafiq olaraq tərbiyə müəssisəsi müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.
On səkkiz yaşına çatmış və cəzanın icrası qaydalarını pozan məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məqsədəmüvafiqliyi məsələsi həll edilərkən tərbiyə müəssisəsində cəza çəkilən müddətdə məhkumun davranışı və şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən tərbiyə müəssisəsində saxlanılan digər yetkinlik yaşına çatmayan məhkumlara təsiri nəzərə alınmalıdır.
Məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi CPM-in 514 və 520-ci maddələrində nəzərdə tutulmuş qaydada cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.
23. CM-in 85.2-ci maddəsinə əsasən cərimə yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Həmin maddədə cərimənin müstəqil əmək haqqı olmayan yetkinlik yaşına çatmayanların valideynlərindən, yaxud digər qanuni nümayəndələrindən tutulması nəzərdə tutulmadığından hökmdə cərimənin həmin şəxslərdən tutulmalı olması barədə göstəriş verilə bilməz. Buna görə də ilk növbədə yetkinlik yaşına çatmayanın əməli nəticəsində vurulmuş ziyanın onun özü tərəfindən ödənilməsi imkanları müzakirə edilməlidir. Yalnız cərimə cəzasının icrası zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsi ilə müəyyən olunan normalar tətbiq oluna bilər.
24. CM-in 92-ci maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən isə üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
25. Məhkəmələr yetkinlik yaşına çatmayanların cinayətləri haqqında işlərə baxılması təcrübəsini mütəmadi öyrənməli, ümumiləşdirməli, əsaslar olduqda yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin profilaktikası məqsədilə müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimatlar göndərməlidirlər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 30 iyun 2008-ci il