I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında” Əsasnamə ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün təhsil müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən uçota alınmalıdır.
II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir.