I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu Qanunla və bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
II. Mexaniki nəqliyyat vasitələrinin və mopedlərin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar:
1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının, habelə mopedlərin — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
2) tramvayların və trolleybusların — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır.
IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda:
1) əldə edildiyi vaxtdan on gün ərzində;
2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;
3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində;
4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini və mopedi dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.
Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, kiçik elektrik nəqliyyat vasitəsi mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir və həmin qərarlar bu maddənin VI-II hissəsinə uyğun olaraq əldə edilir.
IV-I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi;
2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili;
3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi;
4) nəqliyyat vasitəsinin müayinəsinin və texniki baxışının növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılması;
5) dövlət rüsumunun, bu Qanunun 27-ci maddəsinin V hissəsində nəzərdə tutulan inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;
5-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü, 57.6.3-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;
6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi;
7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması.
V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin VI-II hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.
V-I. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən daşınar əmlakın müvafiq rəsmi reyestrində aparılır və reyestrdən çıxarış ipoteka saxlayana təqdim edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir.
V-II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:
1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;
2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.
VI. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd;
5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
VI-I. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
VI-II. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
VII. Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.
VIII. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidir.
IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:
1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;
2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;
3) nəqliyyat vasitələri çıxdaş edildikdə.
IX-I. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir:
1) nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
2) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;
3) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;
4) nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda;
5) dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.
IX-II. Nəqliyyat vasitələri utilizasiyaya “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Qanunun 27-ci maddəsinin IX-I hissəsinin 1-ci, 4-cü və 5-ci bəndlərinin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman bu Qanunun 27-ci maddəsinin IX-I hissəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.
X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanında təxirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.
XI. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.
XII. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin ödənilməsi barədə sənədi;
5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.
XII-I. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
XIII. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir.
XIII-I. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin VI-I hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu maddənin IV-I, V, VI və VI-II hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
XIII-II. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.
XIV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.
XVI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.
XVII. Azərbaycan Respublikasının ərazisində:
1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən;
2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
XVIII. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
XIX. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və məhkəməyə şikayət edə bilər.