Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. “Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında” nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;

2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.

III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri:

1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər;

2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar;

3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər;

4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər;

5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər.

V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver