I. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi, kiçik elektrik nəqliyyat vasitəsini və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə)
II-I. Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.
III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir.
IV. Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba və asma mühərrikli velosiped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.
V. Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək;
2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;
3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək.
VI. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.