Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. Avtomagistrallarda hərəkət

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər.

II. Avtomagistrallarda:

1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, kiçik elektrik nəqliyyat vasitələrinin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti;

2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti;

3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq;

4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;

5) geriyə hərəkət etmək;

6) sürmə təlimi keçmək qadağandır.

III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.

IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver