Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46-5

Maddə 46-5. Avtonom nəqliyyat vasitəsinin operatorunun vəzifələri

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Avtonom nəqliyyat vasitələrinin operatorlarının aşağıdakı vəzifələri vardır:

1) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;

2) avtonom nəqliyyat vasitəsinin istismarı təhlükə yaratdıqda, avtonom nəqliyyat vasitəsinin bu Qanunun 46-3-cü maddəsinin II hissəsində müəyyən edilmiş ərazidən və ya avtomobil yolundan kənara çıxdıqda, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilə baş verdikdə, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;

3) avtonom nəqliyyat vasitəsinin üzərində aydın görünən yerdə və oxuna bilən ölçülərdə avtonom nəqliyyat vasitəsinin operatorunun əlaqə məlumatlarını (mobil nömrə və qaynar xətt) yerləşdirmək və avtonom nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı zamanı üzərində göstərilmiş əlaqə məlumatlarının daim əlçatan olmasını təmin etmək;

4) avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;

5) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;

6) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin bu Qanunun 36-cı maddəsinin I hissəsinin 1 – 3-cü bəndlərində, 37-ci maddəsinin I hissəsinin 3–7-ci və 11-ci bəndlərində, 42-ci maddəsində, 43-cü maddəsinin I, II və IV hissələrində, 44-cü maddəsinin I və II hissələrində, III hissəsinin 1 – 6-cı bəndlərində, IV hissəsində, 48 – 51-ci maddələrində, 52-ci maddəsinin I – VIII hissələrində, 53-cü maddəsinin IV, X, X-I, X-II, XV, XVI, XVII, XXIII, XXIV hissələrində, 54-cü, 56 – 58-ci və 60-cı maddələrində nəzərdə tutulan tələblərə uyğun fəaliyyətinə nəzarət etmək;

7) avtonom nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi təqdirdə avtonom nəqliyyat vasitəsinin dayanmasını təmin etmək, yol hərəkətinə, insanların həyatı və ya əmlakına təhlükə yaratmaması üçün tədbirlər görmək, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək.

II. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

III. Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci hissəsində və 22-1-ci maddəsinin 2 – 4-cü, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir.

IV. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) həmin nəqliyyat vasitəsinin “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilməsini, istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

V. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver