I. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
II. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir.
III. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.
V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz.
VI. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. Parklanma yerlərində nəqliyyat vasitələri üçün parklanmanın müddəti əlavə məlumat nişanları ilə məhdudlaşdırıla bilər.
VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir.
VIII. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IX. Xidməti parklanma yerləri 5.15 yol nişanına 7.5.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. “D”, “T” və “FK” seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələri üçün xidməti parklanma yerləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ayrılır. Xidməti parklanma yerlərində xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan və ya “D”, “T” və “FK” seriyaları üzrə dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin parklanması qadağandır.
X. Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar.
X-I. Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır.
X-II. 5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də kiçik elektrik nəqliyyat vasitələri, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız kiçik elektrik nəqliyyat vasitələri parklana bilər. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən kənarda parklanması qadağandır.
XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür.
XII. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi zona, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
XIII. Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrlə həyata keçirilir. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunur.
XIV. Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:
1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları;
2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış xüsusi proqram təminatının QR-kodu;
3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri barədə xəbərdarlıq.
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir.
XVI. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Əvvəldən ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur.
XVII. Parklanmaya görə ödəniş zamanı SMS və ya xüsusi proqram təminatında baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür.
XIX. Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumatı SMS və ya xüsusi proqram təminatı vasitəsilə də əldə edə bilər.
XXI. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır.
XXII. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.
XXIII. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qadağandır.
XXIV. Parklanma yerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yol verilmir.
XXV. Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
XXVI. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödənişin tələb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.