Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 56

Maddə 56. Adamların daşınması

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Banında adamlar daşınan yük avtomobillərini yalnız “C” kateqoriyalı və ya “C1” altkateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərədək adam daşındıqda), habelə “C” kateqoriyasından (“C1” altkateqoriyasından) əlavə “D” kateqoriyalı (“D1” altkateqoriyalı) sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə verilir.

II. Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır.

Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata keçirilir.

III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz edildikdə onun banında adamların daşınmasına yol verilir:

1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən ən azı 0,3 metr aşağıda bərkidilməlidir;

2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm olmalıdır.

IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır.

V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar.

VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş olduqda, gedə bilərlər.

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır.

VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır.

IX. Adamların daşınması:

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında, motosikletin və mopedin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə;

2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin və mopedin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq;

3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir.

X. Sərnişinlərə:

1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq;

2) hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrinin pillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq;

3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq;

4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq;

5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək;

6) nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır.

XI. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver