Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır:

1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) yol hərəkəti şəraiti haqqında məlumat almaq;

2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məlumat almaq;

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq;

4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibbi yardım və digər təcili kömək almaq;

5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək;

6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək;

6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq;

7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək.

II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək;

2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək;

3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək;

4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək;

5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver