Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 61

Maddə 61. Yol nişanları

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə).

II. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər).

III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir.

IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır.

V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.

VI. Müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.

VI-I. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.

VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.

VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə:

1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında — 1,5—2,2 metr;

2) eyni ilə yaşayış məntəqələrində — 2—4 metr;

3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində — 0,6 metrdən az olmadan;

4) yolun hərəkət hissəsinin üstündə — 5—6 metr təşkil etməlidir.

IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5—2,2 metr, 5.20.1, 5.21.1—5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5—5 metr olmalıdır.

X. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidə yerləşən yollarda yol nişanları qurmaq qadağandır.

XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver