I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər.
II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Göy fon avtomagistral və bütün avtomobil yolları deməkdir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur.
III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur.
IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 və 5.48.2 “Qəza dayanacağı yeri” yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır.
V. 5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının istiqamətini və məsafəsini göstərir.
VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir.
VII. 5.53 nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur.