Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır:

1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü;

2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü;

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması;

4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma.

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:

1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi;

2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi;

3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi;

4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması;

5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması;

6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması;

7) yol hərəkətinin nizama salınması;

8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili;

9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi;

10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi;

11) ətraf mühitin mühafizəsi;

12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı;

13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və müvafiq qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver