Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 74

Maddə 74. Xüsusi siqnalların tətbiqi

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.

II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.

III. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.

IV. Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır.

V. Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir.

VI. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir.

VII. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver