Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 85

Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının hərəkətləri

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı:

1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir;

2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir:

nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;

nəqliyyat vasitəsi axtarışda olduqda;

nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

bu Qanunun 37-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda.

Qeyd: Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

3) nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir;

Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.

4) nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verir;

6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir).

7) qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə məlumatları göstərilməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqdim edir;

8) şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir.

Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir.

9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, habelə protokola əlavə kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir, ikinci nüsxəsi isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir).

Qeyd: Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir.

Qeyd:

1) nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər;

2) bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.

11) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu yol hərəkəti qaydalarını pozduğu haqda, ümumi qaydada inzibati protokol tərtib edir (bu maddənin 9-cu bəndində nəzərdə tutulmuş hallar varsa, hərbi hissənin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verir);

Qeyd: Bu protokol müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydanı pozan şəxsin xidmət etdiyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Onlar belə fakt üzrə qərar qəbul edib bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

12) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

Qeyd: (Çıxarılıb)

13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver