Qanunvericilik › Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Profilaktik peyvəndlər üçün tələblər

Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Profilaktik peyvəndlər dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılır.

Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır.

Profilaktik peyvəndlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır.

Profilaktik peyvəndlərin aparılmasına tibbi əks göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Profilaktik peyvəndlərin aparılmaması:

beynəlxalq tibb-sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişin profilaktik peyvəndlər edilənədək məhdudlaşdırılması;

kütləvi yoluxucu xəstəliklər baş verdikdə və ya epidemiya təhlükəsi olduqda qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil və sağlamlıq müəssisələrinə şəxslərin qəbul edilməsinin müvəqqəti dayandırılması ilə nəticələnir.

Yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver