Qanunvericilik › “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”ın təsdiq edilməsi barədə (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 19.02.2019) › Tam mətn

“Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”ın təsdiq edilməsi barədə (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 19.02.2019)

“Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”ın təsdiq edilməsi barədə (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 19.02.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 3.3-cü bəndinin icrası məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası

1. “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

nəqliyyat, rabitə və yüksək

texnologiyalar naziri

1.1. Zirə Dəniz Limanı (bundan sonra – liman) üzrə məcburi Qaydalar (bundan sonra - Qaydalar) “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun 12-ci maddəsinə əsasən hazırlanmışdır və liman akvatoriyasında gəmilərin təhlükəsiz hərəkəti, onların liman körpüsündə dayanması üzrə tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar, limanın xüsusiyyətləri və ixtisaslaşması ilə əlaqədar tələbləri müəyyən edərək, liman akvatoriyasında gəmilərin hərəkətinə və dayanmasına, eyni zamanda gəmilərin limana giriş-çıxışına dair ümumi tələbləri özündə əks etdirir və hərbi gəmilər istisna olmaqla bütün gəmilərə və gəmi heyəti üzvlərinə, liman ərazisində və akvatoriyasında fəaliyyət göstərən üzən obyektlərin istismarı ilə əlaqədar olan hüquqi və fiziki şəxslərə şamil edilir.

1.3. Liman kapitanı Azərbaycan Respublikası Nazirlər kabinetinin 4 aprel 2013-cü il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəniz limanı kapitanı haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifə və hüquqları həyata keçirir.

1.4. Bu Qaydalar limanın və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra – Agentlik) internet saytında yerləşdirilir.

1.5. Limanda təhlükəli yüklərin aşırılmasına və daşınmasına dair tələblər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanunu, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları” (bundan sonra - “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”) və 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”, eləcə də bu Qaydalar ilə tənzimlənir.

2.1. Limanın akvatoriyası aşağıda göstərilmiş mövqelər daxilindəki sahəni əhatə edir:

2.1.1 40°19'08,00'' N; 050°19'00,00'' E

2.1.2. 40°18'49,50'' N, 050°18'44,50'' E

2.1.3. 40°18'25,00'' N, 050°19'06,00'' E

2.1.4. 40°17'14,00'' N, 050°18'58,00'' E

2.1.5. 40°17'13,00'' N, 050°19'16,50'' E

2.1.6. 40°18'53,00'' N, 050°19'28,00'' E

2.2. Liman akvatoriyasında limana giriş kanalı mövcuddur.

2.3. Liman akvatoriyasında gəmilərin icazə olunan maksimal suya oturumu 6,5 metrdir. Dəniz xəritələrində göstərilmiş məlumatlardan fərqlənən dərinliklər haqqında məlumatlar gəmi kapitanının sorğusu əsasında liman kapitanı tərəfindən ona təqdim olunur.

2.4. Limanın körpülərinin ümumi uzunluğu 1231 metrdir və uzunluğu 150 metrədək olan gəmiləri qəbul etmək imkanına malikdir.

2.5. Limana giriş kanalının uzunluğu 1,52 dəniz mili (2815 metr), eni 0,23 dəniz mili (426 metr), dərinliyi isə 7-8 metr təşkil edir. Limanın akvatoriyasında mövcud olan dərinliklər 8-9 metr təşkil edir və dibdərinləşdirmə işlərinin həyata keçirilməsi ilə təmin olunur.

2.6. Liman akvatoriyasında və dəniz ərazisində gəmilərin hərəkətinin idarə olunmasını Agentlik həyata keçirir.

2.7. Limanın akvatoriyasında və onun yaxınlığındakı hərəkət yollarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları” tətbiq edilir.

Gəmilərin limana girişi və çıxışı, habelə gəmilərin limana girişinin və limandan çıxışının rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın 8-ci, 9-cu və 10-cu hissələrinə uyğun olaraq həyata keçirilir.

4.1. Gəmi heyəti üzvləri liman akvatoriyasında və onların girəcəklərində, o cümlədən kanal üzrə hərəkət edərkən, hərbi və dənizin dibini dərinləşdirən gəmilərlə sovuşma xüsusiyyətlərini nəzərə almalıdır.

4.2. Limana daxil olan gəmi limandan çıxan gəmilərə və aşağıdakı gəmilərə yol verməlidir:

4.2.1. idarə olunmayan və ya manevr imkanı məhdud olan və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”ın 27-ci hissəsinə uyğun olaraq işıq və işarələri qaldıran gəmilərə;

4.2.2. gəminin suya oturumu nəticəsində hərəkəti məhdudlaşan və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”ın 28-ci hissəsinə uyğun olaraq işıq və işarələri qaldıran gəmilərə.

4.3. Əgər gəmilərin dar keçidləri, döngələri və ya xətdən-xəttə keçidi eyni zamanda mümkün deyilsə və ya təhlükəlidirsə, bu zaman yol verməli olan gəmi digər gəmidən təhlükəsiz məsafədə duraraq onun keçidinə imkan yaratmalıdır.

4.4. Dar keçidlərdə xüsusi və ya dibdərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün sürət azaldılmalı və onlardan sərbəst keçid haqqında əvvəlcədən razılıq alınmalıdır. Razılıq alınmadığı təqdirdə, bu gəmilərdən sovuşmaq qəti qadağandır.

4.5. Təhlükəli dalğanın yaranmaması məqsədilə kapitan aşağıdakı hallarda gəminin sürətini vaxtında azaltmalıdır:

4.5.1. yedək karvanından və kiçikhəcmli gəmilərdən yan keçərkən;

4.5.2. işlək vəziyyətdə olan üzən kranların, dokların, debarkaderlərin, körpülərin, körpüyə yan almış gəmilərin yaxınlığından keçərkən;

4.5.3. lövbərə dayanmış və ya saya oturmuş gəminin yaxınlığından keçərkən;

4.5.4. sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlər görülən yerlərdən keçərkən;

4.5.5. dibdərinləşdirici işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən;

4.5.6. körpüdə və ya lövbərdə dayanan gəmidə olan salların, pontonların və ya içərisində adam olan qayıqların yaxınlığından keçərkən.

4.6. Liman akvatoriyasında gəmilərin bir-birini ötməsi qadağandır.

4.7. Aşağıdakı hallar istisna olmaqla, liman akvatoriyasında, limanın girişində və kanalda lövbərə dayanmaq qadağandır:

4.7.1. hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda;

4.7.2. texniki nasazlıq nəticəsində gəmi dayandıqda;

4.7.3. keçid digər gəmilər tərəfindən bağlandıqda.

4.8. Liman akvatoriyasında, limanın girişində və kanalda lövbərə dayanmağa məcbur olan gəminin kapitanı dərhal Agentliyin gəmilərin hərəkətini idarə edən operatoruna (bundan sonra – operator) gəminin adı, lövbərdə dayanma koordinatları və səbəbi barədə məlumat verməlidir.

4.9. Radiolokasiya stansiyası və ultraqısa dalğalı (bundan sonra - UQD) rabitə avadanlığı ilə təchiz olunmayan və ya bu avadanlıqları nasaz olan gəmilərin məhdud görmə şəraitində və gecə vaxtı hərəkəti qadağandır.

4.10. İstənilən istiqamətli küləyin sürəti 20 m/san-dən artıq olduğu hallarda gəmilərin liman akvatoriyasında üzməsi qadağandır.

4.11. Liman akvatoriyasında, limanın girişində və kanalda gəmilərin sürəti yerli şərait nəzərə alınmaqla, liman kapitanı ilə razılaşdırılmaqla operator tərəfindən təyin olunur. Liman akvatoriyasında gəmi hərəkətinin sürəti 6 uzeldən artıq olmamalıdır. Limanın hidrotexniki qurğularının yanında üzmə, liman körpülərinə yanalma və ya onlardan aralanma əməliyyatları gəminin idarə olunması üçün kifayət edən minimal sürətlə həyata keçirilməlidir.

4.12. İstənilən istiqamətli küləyin sürəti 14 m/san-dək olduqda liman akvatoriyasında, limanın girişində və liman kanalında dəniz obyektlərinin yedəklənməsinə icazə verilir.

4.13. Tutumu 500 tondan artıq olan gəmilərin yedəklənməsi əməliyyatlarına rəhbərlik yedəklənən gəminin kapitanı tərəfindən həyata keçirilir.

4.14. Tutumu 500 tondan artıq olan gəmilərin yedək gəmilərinin yardımı ilə həyata keçirilən yanalma əməliyyatlarına yanalan gəminin kapitanı rəhbərlik edir. Tutumu 500 tondan az olan gəmilərin və özü hərəkət etməyən üzən obyektlərin yedəklənməsi əməliyyatlarına rəhbərlik yedək gəmisinin kapitanı tərəfindən həyata keçirilir. Limana daxil olan gəmilərin yedək gəmiləri tərəfindən qarşılandığı yer liman kapitanı tərəfindən müəyyən edilir.

4.15. Liman akvatoriyasında həyata keçirilən yedəkləmə əməliyyatları zamanı yedək burazının uzunluğu 50 metrdən artıq olmamalıdır.

4.16. Xarici dövlətin bayrağı altında üzən gəmilər bələdçi xidmətindən istifadə etməlidir. Bələdçinin gəmiyə minməsi və gəmidən düşməsi liman akvatoriyasının girəcəyində, lövbər dayanacaqlarında və körpülərdə həyata keçirilir. Bələdçinin gəmiyə minməsi və ya düşməsinin yeri hava və yerli şərait nəzərə alınmaqla gəmi kapitanı ilə bələdçinin razılığına əsasən müəyyən edilir.

4.17. Gəmi hərəkətdə olarkən bələdçinin gəmiyə minməsi və gəmidən düşməsi əməliyyatı gəminin idarə olunmasına kifayət edən minimal sürətlə həyata keçirilməlidir.

4.18. Xarici dövlətin bayrağı altında üzən gəmilər limanda hər hansı bir yerdəyişmə üçün bələdçi xidmətindən istifadə etməlidir.

4.19. Kiçikhəcmli gəmilərin limanda dayanması və hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na uyğun olaraq həyata keçirilir.

4.20. Küləyin sürəti 7 m/san-dən artıq olduqda, avarlı qayıqların üzməsi qadağandır.

4.21. Liman akvatoriyasında yedək xidməti fəaliyyət göstərir. Gəminin yanalma əməliyyatlarına cəlb olunan yedək gəmilərinin sayı və gücü 2 nömrəli əlavədə qeyd olunur.

4.22. Liman kapitanı tərəfindən yedək xidmətindən iki pərlə və bir (və ya artıq) yan pərləri ilə təchiz olunan uzunluğu 100 metrdən kiçik olan gəmilər azad oluna bilər.

4.23. Mühərrikləri, sükan və ya lövbər avadanlığı sıradan çıxmış gəmilərin yedəklənməsi liman kapitanının razılığı ilə həyata keçirilir.

5.1. Agentlik tərəfindən təşkil edilmiş Gəmilərin Hərəkətinin İdarəetmə Sisteminin nəzarət zonasında gəmilərin üzməsi operator tərəfindən tənzimlənir.

5.2. Limana yaxınlaşan və liman akvatoriyasında üzən gəmilər UQD rabitə avadanlığı vasitəsi ilə aşağıdakı məlumatları operatora təqdim etməlidirlər:

5.2.1. limana daxil olma, körpüyə və ya lövbər dayanacağına yaxınlaşma vaxtını;

5.2.2. gəminin suya oturumunu;

5.2.3. liman hüdudlarını keçməsi haqqında;

5.2.4. lövbərə dayanması və ya lövbərdən çıxmasını;

5.2.5. gəminin hərəkətə başlamasının və ya dayanmasının vaxtı;

5.2.6. bələdçinin qəbul edilməsi və ya bələdçinin gəmidən düşürülməsi;

5.2.7. gəminin limanın qəbuledici buyunu keçməsi.

5.3. Gəmi mühərriklərində, sükan və pərlər qurğusunda, dəniz üzgüçülüyünün təhlükəsizliyinə təsir göstərən cihazlarda nasazlıqların baş verməsi barəsində dərhal liman kapitanına məlumat verilməlidir.

6.1. Gəminin körpüyə yanalması və onların yerlərinin dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na uyğun olaraq həyata keçirilir.

6.2. “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, gəmi kapitanı limana girişdən əvvəl məlumat vermədikdə, limanda dayanarkən liman vasitələrinin mühafizəsi üzrə məsul şəxsi gəminin mühafizəsi üzrə görülən tədbirlər barədə məlumatlandırmalıdır. Həyata keçirilən hər bir tədbirin liman vasitələrinin mühafizəsi üzrə məsul şəxslə razılaşdırılmaqla və gəminin mühafizəsi üzrə məsul olan komandir heyəti üzvü ilə birgə həyata keçirilməsini təmin etməlidir.

6.3. Limanda dayanarkən gəmi kapitanı və heyət üzvləri limanda qüvvədə olan qaydalara, o cümlədən liman kapitanının göstərişlərinə əməl olunmasını təmin etməlidir. Liman kapitanının, dispetçer xidmətinin və limanın mühafizə xidmətinin limanda dayanma ilə əlaqədar göstərişləri aidiyyətindən və tabeliyindən asılı olmayaraq, gəmi kapitanı və gəmi sahibləri üçün məcburidir.

6.4. Limanda dayanmış gəmidə qəza və yanğın əleyhinə vasitələr saz və istifadəyə hazır vəziyyətdə saxlanılmalıdır.

6.5. Liman körpülərində gəmilərin yanalma əməliyyatlarının həyata keçirilməsi zamanı körpü kranları körpü xəttindən təsdiq olunmuş sxemə uyğun kənarlaşdırılır. Yanalma əməliyyatları zonasında bütün işlər və nəqliyyatın hərəkəti dayandırılır.

6.6. Günün qaranlıq vaxtı körpü tam işıqlandırılmalıdır.

6.7. Sərnişin körpülərində yük əməliyyatının aparılmasına liman kapitanının liman idarəsi ilə razılaşdırmaqla icazə vermək hüququ vardır.

6.8. İki gəminin “laq” üsulu ilə körpüyə qoyulması yalnız həmin gəmilərin kapitanlarının birgə razılığı və liman kapitanının icazəsi ilə həyata keçirilir. Körpüdə dayanan gəminin bortuna ikinci gəminin yanalması zamanı bütün yük əməliyyatları dayandırılmalıdır.

6.9. Xarici dövlətin bayrağı altında üzən gəmilər körpülərə yanalma zamanı yedəkçi gəmilərdən istifadə etməlidir.

6.10. Gəmiləri yanalma üçün təyin edilməmiş hər hansı bir qurğunun hissəsinə bağlamaq qadağandır. İki və daha artıq gəminin eyni zamanda qonşu körpülərə yanalması və ya körpüdən aralanması qadağandır.

6.11. Yanalma əməliyyatına kənar şəxslərin cəlb olunması qadağandır.

6.12. Yanalma əməliyyatlarının rəhbəri gəmi ilə sabit rabitə əlaqəsi ilə təchiz olunmalıdır. Gəminin körpüyə yanalması üçün körpü sahibi yanalma əməliyyatının rəhbəri ilə birgə gəminin tam tutumundan asılı olaraq, yanalma əməliyyatı işçilərinin say həddini müəyyən edir.

6.13. Bu bəndin ikinci cümləsində qeyd edilən hallar istisna olmaqla, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 2.2-ci bəndində qeyd edilən 3-cü, 6-cı, 7-ci və 9-cu siniflər üzrə təhlükəli yüklər daşıyan gəmilərin limana daxil olmasına və körpülərə yanalmasına icazə verilmir. Həmin gəmilərin limana daxil olmasına və körpülərə yanalmasına bunker əməliyyatlarının həyata keçirilməsi, həmçinin qəzalı vəziyyətdə olduqda insan həyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə liman kapitanının və liman dispetçerinin icazəsi əsasında yol verilir.

6.14. İki gəminin paralel bort-borta olduğu halda onların körpüyə yanalması qadağandır.

6.15. Gəmidən gəmiyə bunker yanacağının verilməsi əməliyyatları yalnız liman kapitanının və liman dispetçerinin icazəsi ilə həyata keçirilə bilər. Bunker əməliyyatlarını həyata keçirən gəmilər gecə vaxtı ştat işıqlarından əlavə ən azı 2 mil məsafədən görünən yerdə bir qırmızı işıq yandırmalı, gündüz isə Beynəlxalq Bayraqlar Toplusuna (BBT) əsasən “Bravo” bayrağını qaldırmalıdır.

6.16. Körpüdə dayanmış gəminin kapitanı dənizin üst səthinin, dibinin və körpünün çirklənməsinin qarşısının alınması üçün zəruri tədbirlər görməlidir.

6.17. Yanalma əməliyyatı sona çatdıqdan sonra gəminin istifadə olunmamış lövbərləri yerinə yığılmalı və lövbər zəncirləri isə stoporlarla bağlanılmalıdır.

6.18. Gəmidən körpüyə və ya əksinə keçid trapları bütün təhlükəsizlik qaydalarına cavab verməlidir.

6.19. Günün qaranlıq vaxtı körpüdə dayanmış gəminin göyərtələrinin müvafiq səviyyədə işıqlanması təşkil olunmalıdır.

6.20. Gəminin ölçüsündən və mənsubiyyətindən asılı olmayaraq trapın yanında növbətçi olmalıdır. Növbətçinin liman kapitanı, liman dispetçeri, limanın mühafizə xidməti, limanın yanğından mühafizə və tibb xidməti ilə mütəmadi rabitə əlaqəsi təmin olunmalıdır.

6.21. Gəmidən sahilə və əksinə keçməyə yalnız trap vasitəsilə icazə verilir. Gəmi traplarının texniki vəziyyətinə və təhlükəsiz istifadəsinə gəmi kapitanı cavabdehlik daşıyır. Gəmiyə sahildən verilmiş trapın texniki vəziyyətinə isə körpü sahibi cavabdehdir.

6.22. Körpüdə dayanmış gəmidə liman kapitanının icazəsi olmadan yük kranlarını, oxları, trapları, qayıq və digər vasitələri sallanmış vəziyyətdə saxlamaq qadağandır.

6.23. Körpüdə dayanan gəmiyə gəmi qayıqlarını bortun yanında saxlamaq, həmçinin bortdan kənara çıxarmaq və suyadək endirmək qadağandır. Gəminin təhlükəsiz istismarı və ya təmiri ilə bağlı işlərin həyata keçirilməsi ilə əlaqədar qayıq və ya digər üzən vasitələrin suya salınması yalnız liman kapitanından yazılı razılıq alındıqdan sonra həyata keçirilə bilər.

6.24. Yük əməliyyatları zamanı gəminin yana meyli (kren) 5 dərəcədən artıq olmamalıdır.

6.25. Limandan çıxan iritonnajlı gəmilər öz mühərrikləri ilə körpülərin yaxınlığında manevr etməməli və bunun üçün yedək gəmilərindən istifadə etməlidirlər.

6.26. Gəmi bilavasitə körpüdə dayanarkən, mühərriklərin qızdırılması üçün dirsəkli vintlər ən kiçik dövrlərdə işlədilməlidir.

6.27. Bu Qaydaların 2 nömrəli Əlavəsində göstərilmiş yedək gəmilərinin sayından və gücündən əlavə, hava şəraitindən və yanalan gəminin texniki göstəricilərindən asılı olaraq əlavə gəmiyə və gücə ehtiyac yarandıqda, yanalma əməliyyatlarına cəlb olunan yedək gəmilərinin sayı və gücü Agentlik tərəfindən müəyyən edilir.

6.28. Yük əməliyyatlarını həyata keçirən gəmilərə digər gəmilərin yaxınlaşması və yanalması zamanı gəmidə aparılan bütün yük əməliyyatları dərhal dayandırılmalıdır.

6.29. Gəmi kapitanı nəzərdə tutulan dayanacaq yerinin dəyişdirilməsi haqqında limanın növbətçi dispetçeri tərəfindən 2 saatdan gec olmamaq şərti ilə xəbərdar edilməlidir.

6.30. Gəminin bir körpüdən digərinə yanalma əməliyyatını həyata keçirmək üçün kapitan əməliyyatın başlanmasına 15 dəqiqə qalmış UQD radiostansiyası ilə müəyyən olunmuş kanalda operatordan icazə almalıdır.

6.31. Gəminin bir körpüdən digərinə yerləşdirilməsinə və ya reydə çıxarılmasına yalnız gəminin bayrağı altında üzdüyü dövlət tərəfindən təsdiq edilmiş gəminin minimum heyət tərkibinin mövcud olduğu hallarda icazə verilir.

6.32. Körpünün uzunluğu boyunca yerdəyişmə 50 metr məsafədən çox olmadığı halda, əməliyyat yanalma kəndirlərinin çəkilib dartılma üsulu ilə həyata keçirilə bilər. Yerdəyişmə 50 metr məsafədən çox olduğu halda, əməliyyat yalnız yedəkçi gəmilərin köməyi ilə aparılmalıdır. Kəndirlər vasitəsilə xarici gəminin körpü boyu yerdəyişməsi liman kapitanının icazəsi ilə bələdçisiz həyata keçirilə bilər.

6.33. Liman kapitanının və operatorunun icazəsi olmadan gəminin körpüdən çıxması hallarında gəmi kapitanı (gəmi sahibi) bu səbəbdən yaranan nəticələrə görə cavabdehlik daşıyır.

6.34. Xarici dövlətin bayrağı altında üzən gəmilərin limanda yedək və ya mühərriklər vasitəsi ilə yerdəyişməsi zamanı gəmidə bələdçinin olması məcburidir.

6.35. Gəmilərin (naviqasiya xidmətlərini göstərən gəmilər istisna olmaqla) limanın ərazisində və ya akvatoriyasında yerləşən naviqasiya vasitələrinə yanalması qadağandır.

6.36. Dreyf üsulu ilə gəminin lövbər dayanacağı yerini dəyişdirmək qadağandır.

6.37. Balastla olan yük gəmilərinin, bərə, ro-ro, konteyner daşıyan və özü hərəkət edən üzən kranların yer dəyişdirilməsi küləyin sürəti 16 m/san-dən artıq olmadığı hallarda həyata keçirilə bilər.

6.38. Uzunluğu 150 metrdən az olan iki pərli və köməkçi sükan qurğusu ilə təchiz olunan gəmilər yanalma əməliyyatlarında yedək gəmilərinin yardımından liman kapitanı tərəfindən azad oluna bilər. Uzunluğu 100 metrdən artıq olan iki pərli və köməkçi sükan qurğusu ilə təchiz olunan xarici dövlətin bayrağı altında üzən gəmilər bir yedək gəmisindən istifadə edə bilər.

6.39. Gəminin körpüyə yanalması zamanı gəminin diametral səthi və körpünün xətti arasında yaranan bucağın göstəricisi 15 dərəcədən artıq təşkil etməməlidir.

6.40. Gövdəsi liman körpüsünün xəttindən çıxan gəminin körpüyə yanalması yalnız liman kapitanının icazə ilə həyata keçirilə bilər.

7.1. Limanın ətrafında gəmi üzgüçülüyünə məhdudiyyətlər tətbiq olunan aşağıdakı rayonlar mövcuddur:

7.1.1. lövbərə dayanması, balıq ovu ilə məşğul olması, sualtı və dib dərinləşdirmə işlərinin həyat keçirilməsi və suya buraxılmış lövbərlə gəmilərin üzməsi qadağan olunmuş 33-nömrəli rayon;

7.1.2. naviqasiya üçün təhlükəli, habelə lövbərə dayanması, balıq ovu ilə məşğul olması, sualtı və dib dərinləşdirmə işlərinin həyat keçirilməsi, suya buraxılmış lövbərlə gəmilərin üzməsi qadağan olunmuş 34-nömrəli rayon;

7.1.3. lövbərə dayanması, balıq ovu ilə məşğul olması, sualtı və dib dərinləşdirmə işlərinin həyat keçirilməsi, suya buraxılmış lövbərlə gəmilərin üzməsi qadağan olunmuş 142-nömrəli rayon.

8.1. Limanda “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı Əlavələri ilə nəzərdə tutulmuş bütün növ tullantıların qəbul olunması gəmi kapitanının sifarişi əsasında həyata keçirilir.

8.2. Limanın qəbuledici vasitələrinə gəmi tullantılarının təhvil verilməsi çeşidləndirilmiş formada həyata keçirilir.

8.3. Liman ərazisində və akvatoriyasında hər bir növ gəmi tullantılarının dənizə boşaldılması qadağandır.

8.4. Liman ərazisində və akvatoriyasında gəmi tullantılarının yandırılması (inseneratorlarda) qadağandır.

8.5. Gəmi tullantılarını təhvil verməmiş gəmilərin limandan çıxışı qadağandır.

8.6. Gəminin təsadüfi və ya nəzərdə tutulmuş tullantıların atıla biləcəyi klapanları bağlı saxlanılmalı və plomblanmalıdır.

8.7. Limanın akvatoriyasında bunker əməliyyatları ətraf mühitin mühafizəsinə dair bütün müvafiq tədbirlərin görülməsi, o cümlədən neft və ya neft məhsullarının ətraf mühitə yayılmasının qarşısının alınması məqsədilə istifadə edilən texniki vasitələrin hazır vəziyyətdə (bunker əməliyyatları zamanı qəza baş verdikdə dərhal istifadə edilə bilməsi üçün) saxlanılması şərtilə həyata keçirilməlidir.

8.8. Liman kapitanının icazəsi olmadan liman ərazisində və akvatoriyasında gəmi gövdəsinin rənglənməsi qadağandır.

8.9. Liman ərazisində və akvatoriyasında neft məhsulları və ya yük qalıqları ilə çirkləndirilmiş suyun dənizə boşaldılmasına səbəb ola biləcək gəmi gövdəsinin və anbarların yuyulması qadağandır.

8.10. Liman ərazisinin və ya akvatoriyasının çirkləndirilməsi haqqında məlumat dərhal UQD rabitə vasitəsi ilə liman kapitanına çatdırılmalıdır.

8.11. Limanda və ya liman akvatoriyasında duran gəmidə yoluxucu xəstəliklərin əlamətləri olan insanların aşkar edilməsi zamanı gəmi dərhal bu barədə liman kapitanına məlumat verməlidir. Antiepidemioloji tədbirlərin həyata keçirilməsi məqsədi ilə gəmi xüsusi dayanacağa qoyula bilər.

8.12. Limanda təhlükəli yüklərin aşırılması və daşınması zamanı limanın quru ərazisinin və (və ya) akvatoriyasının insan sağlamlığı və (və ya) ətraf mühit üçün təhlükəli və (və ya) zərərli olan maddələr ilə çirkləndirilməsi halında gəmi kapitanı bu barədə liman kapitanına və liman idarəsinə dərhal məlumat verməli, çirkləndirmənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görməlidir.

9.1. Liman ərazisində və akvatoriyasında UQD rabitə radiotelefon avadanlığı ilə təchiz olunmayan gəmilərin üzməsi qadağandır.

9.2. Dəniz təhlükəsizliyi məsələləri ilə əlaqədar rabitə danışıqları 11-ci və 16-cı UQD radiotelefon kanallarında aparıla bilər. Qeyd olunan kanallarda dəniz təhlükəsizliyi məsələlər ilə əlaqədar olmayan danışıqların aparılması qadağandır.

9.3. Liman ərazisində və akvatoriyasında duran gəmilərə operativ məlumatlar UQD radiotelefonunun 11-ci kanalında ötürülür.

9.4. Liman akvatoriyasında və limanın reydində duran gəmilərdə UQD radiotelefonunun 16-cı kanalında rabitə növbəti daima həyata keçirilməlidir.

9.5. Yüksək tezlikli rejimli rabitə cihazlarının işi liman ərazisində qadağandır.

10.1. Limanın ərazisi 12,98 hektar (129 800 m) təşkil edərək aşağıda qeyd olunan koordinatlarla məhdudlaşır:

10.1.1. 40°19'08,69'' N; 050°19'09,21'' E

10.1.2. 40°19'01,99'' N, 050°19'23,30'' E

10.1.3. 40°18'52,39'' N, 050°19'16,72'' E

10.1.4. 40°19'00,11'' N, 050°19'02,37'' E

10.2. Limanın akvatoriyası 171,9 hektar (1 718 768,7 m) təşkil edərək aşağıda qeyd olunan koordinatlarla məhdudlaşır:

10.2.1. 40°19'08,00'' N; 050°19'00,00'' E

10.2.2. 40°18'49,50'' N, 050°18'44,50'' E

10.2.3. 40°18'25,00'' N, 050°19'06,00'' E

10.2.4. 40°17'14,00'' N, 050°18'58,00'' E

10.2.5. 40°17'13,00'' N, 050°19'16,50'' E

10.2.6. 40°18'53,00'' N, 050°19'28,00'' E

11.1. Dəniz dalğalarından qorunması və gəmilərin təhlükəsiz dayanması məqsədi ilə limanın akvatoriyası dalğaqıranlar ilə mühafizə olunur.

11.2. Gəmilərin limana daxil olması dəniz kanalı vasitəsi ilə limanın şərq, cənub-şərq istiqamətindən sahil və dalğaqıran olan hissədən həyata keçirilir.

11.3. Liman akvatoriyasına girişin eni 0,14 dəniz mili (240 metr) təşkil edir.

11.4. Dalğaqıranın şərq qurtaracağında parlayıcı işıq qurğusu quraşdırılıb.

Liman, onun akvatoriyası QDFƏRS (GMDSS) A1 və A2 dəniz rabitə rayonlarının əhatə ərazisində yerləşir.

13.1. Gəmilərin qəbul edilməsi üzrə liman körpülərinin texniki imkanları Əlavə 1-də qeyd olunur.

13.2. Körpülərdə suya oturumu 6,5 metrədək olan gəmilər dayana bilər.

13.3. Limanın texniki imkanları il ərzində 140 min tonadək qalaq və fürüş şəklində olan yüklərin, 500 min tonadək quru yüklərin və 15 min ədəd 20 fut ekvivalentdə olan konteynerlərin aşırılmasına imkan verir.

13.4. Limanda “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 2.2-ci bəndində qeyd edilən 1-ci, 2-ci, 4-cü, 5-ci və 8-ci siniflər üzrə təhlükəli yüklərin, eləcə də bütün tip və ölçülü konteynerlərin, poladəritmə və meşə sənayesi məhsullarının, qalaq şəklində olan yüklərin, qablaşdırılmış tez xarab olan yüklərin, digər qablaşdırılmış (kisə, yeşik, paket və s.) yük növlərinin, avtomobil və tırtıllı texnikanın aşırılması, həmçinin onların daşınması həyata keçirilə bilər.

13.5. Limanın nəqliyyat infrastrukturu yüklərin daşınmasının avtomobil və su nəqliyyatı vasitəsi ilə həyata keçirilməsinə imkan verir.

Limanda gəmilərin üzməsi il boyu həyata keçirilir. Liman ərazisinin və akvatoriyasının buzbağlaması hadisəsi müşahidə olunmur.

Liman akvatoriyası bütün küləklərə qarşı bağlı olduğundan təhlükəli dalğalanma yaranmır. Limanda noyabr ayından mart ayınadək sürəti 25-30 m/san-dək olan şimal, şimal-qərb istiqamətli küləklər müşahidə oluna bilər. Fırtınalı günlərin maksimal həddi (30-50%) əsasən yanvar və fevral aylarında olur. Fırtınalı havanın adətən 12 saat və daha artıq müddətdə davam etdiyi müşahidə edilir. Mart ayından noyabr ayınadək sürəti 15-20 m/san-dək olan isti və quru cənub və cənub-şərq istiqamətli küləklər müşahidə olunur.

Limanda sis və dumanlı hava il ərzində 20-40 gün müşahidə olunur. Dumanlı günlər əsasən aprel-iyul aylarına təsadüf edir. Adi şəraitdə görünüş 5-10 dəniz mili təşkil edir, lakin sis, duman və yağışlı günlər zamanı görünüş 500 metrədək məhdudlaşır. İl ərzində aydın günlərin sayı ən cox iyun-sentyabr aylarında müşahidə olunur. Havanın orta aylıq buludluluğu 7 bal təşkil edir. Buludlu günlərin sayı ən çox oktyabr – aprel aylarında müşahidə olunur. Atmosfer çöküntüləri əsasən yağış formasında olur. Qarlı hava noyabr-mart aylarında müşahidə oluna bilər. Limanda yay mövsümündə (iyul-avqust) şərq və şimal-şərq küləklərinin əsməsi zamanı orta asiyadan gətirilən toz dumanını müşahidə etmək olar. Bu zaman görünüş 1 kilometrədək azala bilər.

15.1. Limana daxil olan və ya limandan çıxan xarici dövlətin bayrağı altında üzən gəmilər bələdçi xidmətindən istifadə etməlidir.

15.2. İri qabaritli, ağır çəkili, üzən qazma qurğularının və digər qeyri-standart yüklərin daşınması və ya yedəklənməsi ilə məşğul olan gəmilər limana giriş və çıxış zamanı bələdçi xidmətindən istifadə etməlidir.

16.1. Liman akvatoriyasında xarici dövlətin bayrağı altında üzən gəmilər üçün yedək gəmilərinin müşayiəti məcburi olmayan xüsusi rayonlar mövcud deyil.

16.2. Limana daxil olan və ya limandan çıxan xarici dövlətin bayrağı altında üzən bütün gəmilər yedəkləmə xidmətindən istifadə etməlidir.

16.3. İri qabaritli, ağır çəkili və digər qeyri-standart yükləri daşıyan gəmilər limana giriş və çıxış zamanı yedəkləmə xidmətindən istifadə etməlidir.

16.4. Qəzalı vəziyyətdə olan gəmilər limana daxil olan zaman yedəkləmə xidmətindən istifadə etməlidir.

16.5. İki pərlə və bir (və ya artıq) yan pərləri ilə təchiz olunan uzunluğu 100 metrdən kiçik olan gəmilər yedək xidmətindən liman kapitanı tərəfindən azad oluna bilər.

Liman girişinin akvatoriyasında dərinliklər 8-9 metr təşkil edir. Liman və onun girişinin akvatoriyasının dərinliyi suya oturumu 6-7 metrədək olan gəmilər üçün təhlükəsizdir. Liman akvatoriyasında dərinliklərin tələb olunun səviyyədə saxlanılması məqsədi ilə liman idarəsi tərəfindən mütəmadi şəkildə dibdərinləşdirmə işləri həyata keçirilir. Davamlı (bir neçə gün ərzində) əsən küləklərin nəticəsində su səviyyəsinin dəyişilməsi müşahidə oluna bilər, lakin bu, dərinliklərə əhəmiyyətli təsir göstərmir. Şimal istiqamətdən əsən küləkli günlərdə dərinliklər 30–40 santimetrədək azala bilər. Cənub istiqamətdən əsən küləklər zamanı əksinə suyun səviyyəsi 20-30 santimetrədək arta bilər.

Limanda təhlükəli yüklərin emalı həyata keçirilmir.

19.1. Gəmilərin limana daxil olması və körpülərə yanalmasının cədvəli liman kapitanı tərəfindən müəyyən edilir.

19.2. Gəmilərin liman akvatoriyasında hərəkət etməsi liman kapitanının və operatorunun icazəsi ilə həyata keçirilir.

19.3. Gəmilərin liman akvatoriyasında üzməsinə cənub istiqamətli küləyin sürətinin 14 m/san-dək və dalğa hündürlüyünün 2 metrdən az olduğu təqdirdə icazə verilir. Cənub istiqamətli küləyin sürəti 14 m/san-dən artıq olduqda gəmilərin körpüdən aralanması yedək gəmilərinin yardımı ilə həyata keçirilir.

19.4. Gəmilərin liman akvatoriyasında üzməsinə şimal istiqamətli küləyin sürəti 18 m/san-dək olduqda icazə verilir. Şimal itiqamətli küləyin sürəti 14 m/san-dən artıq olduqda gəmilərin körpülərə yanalması yedək gəmilərinin yardımı ilə həyata keçirilir.

19.5. Məhdudiyyətli görmə şəraitində yalnız işlək radiolokatoru olan gəmilərin üzməsinə icazə verilir. Görünmə məsafəsi 0,5 dəniz milindən az olduğu hallarda gəmilərin üzməsi qadağandır.

20.1. Limanda gəmilərin fəaliyyətinə qanunsuz müdaxilə aktı təhlükəsi yaranması zamanı gəmi kapitanı və ya gəminin mühafizəsi üzrə məsul şəxs tərəfindən bu barədə limanın mühafizəsi üzrə məsul şəxsə və liman kapitanına dərhal məlumat verilməlidir.

20.2. Liman ərazisində və ya akvatoriyasında qanunsuz müdaxilə aktı təhlükəsi yaranması zamanı UQD rabitə vasitəsi ilə gəmilərə çatdırılmış müvafiq icrası məcburi olan göstərişləri limanda olan bütün gəmilərin kapitanları yerinə yetirməlidirlər.

20.3. Şübhəli əşyalar, partlayıcı cihazlar, habelə qanunsuz aktların hazırlanması və ya həyata keçirilməsi əlamətləri, həmçinin gəmilərə qanunsuz daxil olma və ya liman ərazisində şübhəli insanlar aşkar edildikdə limanda dayanan gəmilərin kapitanları bu barədə dərhal liman kapitanına və limanın mühafizəsi üzrə məsul şəxsin ünvanına müvafiq rabitə kanalları vasitəsi ilə məlumat verməlidirlər.

21.1. Limanda olan gəmilərə zəruri naviqasiya və hidrometeoroloji məlumatlar hər gün yerli vaxtla saat 12-də UQD rabitə vasitələrinin 16-cı kanalında elan edilir. Bu məlumatlar aşağıdakıları əhatə edir:

21.1.1. meteoroloji proqnoz və hava xəbərdarlıqları;

21.1.2. naviqasiya avadanlıqları haqqında məlumatlar;

21.1.3. gəmi hərəkətlərinə çətinlikləri yaradan faktlar haqqında məlumatlar.

21.2. Təcili naviqasiya və meteoroloji məlumatlar, habelə xüsusi xarakteri olan təcili məlumatlar liman kapitanı tərəfindən UQD rabitə vasitələrinin 16-cı kanalında elan edilir. Bu məlumatları qəbul edən gəmi kapitanları bu məlumatların almaqlarını təsdiqləməlidirlər.

Limanın akvatoriyasında lövbərə dayanmaq qadağandır. Limana giriş üçün icazəsini və ya fırtınalı havada daha yaxşı şəraiti gözləyən gəmilər lövbərdə dayanması üçün Türkan reydindən istifadə edə bilərlər. Türkan reydi 50°10' E və 050°17' E meridianlar arasında yerləşir. Qeyd olunan rayonda dərinliklər 7-11 metr təşkil edir.

Türkan reydi şimal və şərq istiqamətli küləklərdən bağlı və gəmilərin lövbərdə təhlükəsiz dayanması üçün əlverişli və rahatdır. Güclü cənub, cənub-qərb istiqamətli küləklər zamanı hündürlüyü 2 metrədək olan dalğalar müşahidə olunur. Dəniz dibi qumdan və lildən ibarətdir və lövbəri möhkəm saxlaması ilə əlaqədar, gəmilərin lövbərdə dayanmaq üçün əlverişlidir.

Türkan reydinin yaxınlığında lövbərdə dayanmaq qadağan olunmuş 115, 33 və 34-cü rayonlar mövcud olduğundan gəmilər ehtiyatı gözləməlidirlər.

Limana gəmilərin daxil olması və ya çıxması üçün yalnız bir dəniz kanalı mövcuddur. Kanalın sahilə yaxın hissəsi və limanın akvatoriyası süni şəkildə dib dərinləşdirmə vasitəsi ilə yaradılmış və dərinliklər mütəmadi dibdərinləşdirmə işlərinin həyata keçirilməsi yolu ilə tələb olunan səviyyədə saxlanılır. Kanala giriş və kanalın hüdudları dəniz buyları ilə nişanlanıb.

Kanalın uzunluğu 1,52 dəniz mili və eni 0,23 dəniz mili təşkil edir. Kanalın “ox” istiqaməti (gəmi hərəkəti) - 003° 183°-dən ibarətdir. Kanalda dərinliklər 7-8 metr təşkil edir.

Kanalın hüdudları və girişini göstərən çəpərləmə vasitələri aşağıdakılardır:

1. “ox” nişanı (1 ədəd) – baş tərəfində qırmızı top nişanlı ağ-qırmızı rəngli zolaqlı buy, uzun parlaq işıq saçır;

2. “sol tərəf” nişanı (2 ədəd) - baş tərəfində qırmızı kvadrat top nişanlı qırmızı rəngli buy, qırmızı parlaq işıq saçır;

3. “sağ tərəf” nişanı (3 ədəd) - baş tərəfində yaşıl üçbucaq top nişanlı yaşıl rəngli buy, yaşıl parlaq işıq saçır;

4. dalğadağıdıcı nişanı (1 ədəd) – dalğa dağıdıcısının şərq bucağında yerləşən, üzərində qırmızı işıq saçan sütun şəkilli qurğu.

1. 17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il)

2. 23 sentyabr 2022-ci il tarixli KQ-12/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202209231222, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2022-ci il)

3. 18 dekabr 2024-cü il tarixli 3-27/3-7-18/2024 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202412183718, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver