Məhkəmə qərarları › İş №1(002)-75/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-75/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-75/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxara M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq mənzilə daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirtmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə binanın arxa tərəfindən mənzilin açıq vəziyyətdə olan pəncərəsindən evə qanunsuz daxil olmuş, evin qonaq otağındakı qara rəngli pul qabının içərisindəki 500 manat pulu, plastik kartlar və sənədlər ilə birlikdə götürərək pəncərədən qaçdıqdan sonra həmin binanın yaxınlığında pul qabının içərisindəki 500 manatı götürməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirtmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, məhəllə 16 ünvanında yerləşən 18 saylı evə həyət qapısının qarşısında olan işıq dirəyi vasitəsilə həyətə qanunsuz daxil olmuş, həyətdə olan 2 mərtəbəli evin 1-ci mərtəbəsinə taxta qapıdan daxil olub evin qonaq otağında yerləşən divanın üstündəki göy rəngli kişi cins şalvarını götürərək cibindəki 1350 manatı ələ keçirib Zərərçəkmiş şəxs1 1350 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirtmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 05 radələrində X1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 5-ci küçədə yerləşən 45 nömrəli evə qapıdan qanunsuz daxil olmuş, evin qonaq otağındakı daşdan tikilmiş sobanın üstündəki qara rəngli pul qabının içərisindəki 295 manat pulu götürərək zərərçəkmiş şəxs X2 295 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Həsənov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində kirayədə yaşamışdır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. 2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 69.4-cü maddələri ilə cərimə cəzasına məhkum edilmişdir. 2006-cı il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 234.1, 66.3 və 67.1-ci maddələri ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə 2009-cu il tarixdə X13 işlər üzrə məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2020-ci il mart ayının 26-da vaxtından əvvəl azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra müxtəlif yerlərdə fərdi qaydada günəmuzd fəhlə işləmişdir. Ehtiyacı olduğu üçün bir neçə dəfə oğurluq etmişdir. Belə ki, sentyabr ayının əvvəlində saat 04 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi yerləşən binaların birinin arxa tərəfinə keçib 1-ci mərtəbədə yerləşən plastik pəncərənin açıq olduğunu görmüşdür. Kənardan tapdığı mişar daşını ayağının altına qoyub həmin pəncərədə olan toru çıxararaq pəncərədən evə daxil olmuşdur. Evdə olan divanın üstündə 01 ədəd qara rəngli pul qabını götürüb pəncərədən qaçmışdır. Binadan çox uzaqlaşmadan pul qabının içərisinə baxmış, pul qabının içərisində plastik kartlar olmuş, o təxminən 350 manat pulu götürüb pul qabını da binanın yaxınlığında bir kənara atıb çıxıb getmişdir. Götürdüyü 350 manat 50 və 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Daha sonra oradan uzaqlaşaraq kirayədə yaşadığı evə getmişdir. Həmin pulun bir hissəsinə xəstə atası üçün dərman alıb aparmışdır. Qalan pulu “Sədərək” Ticarət Mərkəzində xərcləmişdir. Bundan başqa o, təxminən sentyabr ayının 8də saat 05 radələrində Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinə evin həyət qapısının qarşısında yerləşən dəmir işıq dirəyinə çıxaraq həyətə daxil olmuşdur. Həyətdə 2 mərtəbəli ev var imiş. O, evin 1-ci mərtəbəsinə taxta qapının açıq vəziyyətdə olmasından istifadə edib evə daxil olmuşdur. Daxil olduğu otaq mətbəx olmuş, mətbəxdən keçib qonaq otağına daxil olmuş, qonaq otağında olan divanının üstündə 01 ədəd kişi şalvarı görüb götürmüş və evi gəldiyi kimi tərk eləmişdir. Həyətdə şalvarın ciblərini yoxlamış, şalvarın ciblərinin birində 1350 manat pulu götürüb şalvarı həyətdə yerə atmışdır. Özü də həyətin balaca qapısını açıb çıxıb getmişdir. Daha sonra kirayə yaşadığı evə getmişdir. Həmin 1350 manatdan Cəlilabad rayonu, Cəfərli kəndində yaşayan tanışı Hafiz adlı şəxsə olan 200 manat borcunu qaytarmışdır. Qalan pulla da gündəlik yeməyinə xərcləmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 05.30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində oğurluq məqsədi ilə gəzdiyi zaman 6-ci massivdə yerləşən fərdi yaşayış evlərinin birinin həyət qapısının əli ilə açıq olub-olmamasını yoxlamışdır. Qapının açıq olduğunu görüb həyətə daxil olmuşdur. Həyətdə bir mərtəbəli ev yerləşmişdir. Həyətə daxil olub evin dəmir qapısının açıq olub-olmamasını yoxlamışdır. Evin qapısı da açıq olduğundan evə daxil olmuş, otaqların birində daşdan tikilmiş sobanın üstündə pul qabını görüb götürmüşdür. Həyətdə yanan işıq otağa düşdüyü üçün otaq işıqlı olmuşdur. Qara rəngli pul qapını götürüb içərisinə baxmış, içərisində olan 50, 20, 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 295 manatı götürüb pul qabını da evdən çıxanda evin qarşısında olan stolun üstünə qoyub həyət qapısından çıxıb getmişdir. O otağa daxil olarkən heç kim olmamışdır. Ona görə də rahatlıqla pulu götürüb getmişdir. Həmin evdən çıxıb yaşadığı evə gəlmiş, yatıb yuxusunu almışdır. Həmin günü saat 1 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi deyilən yerdə dayanan boz rəngli “Mercedes” markalı taksi ilə Cəlilabad rayonu, Sərhərabad kəndinə xəstə atasının yanına getmişdir. Atası da yataq xəstəsidir, infarkt keçirtmişdir. Oğurladığı pulun bir qisminə atasına dərman almışdır. Qalan pulun 150 manatını yaşadığı evin kirayə haqqını vermiş, müəyyən qədər özünə şalvar köynək almışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o oğurluq üçün girdiyi evlərdə onu heç kim görməmişdir. O bütün oğurluqları tək özü etmiş, onun oğurluq etməyi barədə heç kimin xəbəri olmamışdır. O öz ifadəsində daha sonra olaraq göstərmişdir ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini X7 ilə qeyri-rəsmi ailə qurmuş və həyat yoldaşı hal-hazırda səkkiz aylıq hamilə olmaqla heç bir yerdə işləmir və şəhid ailəsidir. Törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışaraq onlara vurulmuş ziyanı tam olaraq ödədiyini bildirərək məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 8 ildir ki, Lökbatan qəsəbəsində meyvətərəvəz satışı ilə məşğul olur. İşi ilə əlaqədar hər gün səhər saat 06 radələrində işlətdiyi mağazaya gedir, axşam saat 23-də evə qayıdır. Doğulduğu Quba rayonunda qəbirstanlıqda yaxınlarının qəbir daşlarını düzəltdirmiş, qəbir daşlarının pulunun bir hissəsini vermiş, qalan hissəsini borclu qalmışdır. xx.xx.2020-ci il tarixdə o düzəltdirdiyi qəbir daşlarını Quba rayonuna aparmış, qəbir daşlarının pulundan 1350 manatını özündə saxlamışdır ki, rayona gedib-gələcək, yolda pul lazım olar. Həmin gün 23 radələrində o, rayondan evə qayıtmışdır. O da olan 1350 manat pulu da əynində olan göy rəngli cins şalvarın cibinə qoymuş, yatmamışdan əvvəl şalvarı əynindən çıxarıb evin 1-ci mərtəbəsində olan qonaq otağındakı divanın üstünə atmışdır. xx.xx.2020-ci il tarixdə saat 05.30 radələrində həyat yoldaşı Gülşən Müslümova onu yuxudan oyadıb şalvarı hara qoyduğunu soruşmuşdur. O da şalvarı çıxarıb divanın üstünə atmışdır. Gülşən də ona şalvarın yerində olmadığını demişdir. O yuxudan qəfil oyanıb şalvarı axtarmağa başlamışdır. Şalvarı evdə tapa bilməmiş, sonra həyətə çıxmışdır. Həyətdə qapıya tərəf gedəndə şalvarın daşın kənarında olduğunu görüb tez şalvarın ciblərini axtarmışdır. Lakin 1350 manat pulunun yerində olmadığını, oğurlandığını aşkar eləmişdir. Oğurluq olması barədə dərhal 10-cu PB-nə gedib ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları onun evinə gətirdikləri oğurluq etmiş adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs oğurluq hadisəsinin necə etdiyini tam düzgünlüyü ilə danışıb etiraf etmiş, o həmin şəxsin yəni Farizin onun pulunu oğurladığına tam əmin olmuşdur. Düzünü deyərək əvvəlcə elə düşünmüşdür ki, onun pulunu oğurluyan şəxs Fariz deyil, şübhəli kimi gətiriblər. Lakin həmin şəxs yəni Fariz hadisəni detalına qədər tam danışdığına görə inanmışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ilkin olaraq evindən 90 manat pulunun oğurlandığını bildirmişdir. Çünki qəbir daşlarının pulundan borclu qaldığı 1350 manatı həmin gün şalvarının cibinə qoyduğunu unutmuşdur. Ərizə yazandan bir neçə gün sonra ona məxsus 1350 manatı tapa bilməmiş, həmin vaxt Quba rayonunda olduğu üçün bu barədə gəlib təkrar ərizə ilə müraciət edə bilməmişdir. xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək 1350 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 04.20 radələrində səhər namazına oyanmışdır. Mobil telefonunu pul kisəsinin içərisinə qoymuşdur. Pul kisəsi də yaşadığı evin qonaq otağında daşdan hörülmüş sobanın üstündə olmuşdur. O telefona baxmaq üçün pul kisəsini açmış, lakin telefonu orada tapmamışdır. Pul kisəsində olan pulunu sayıb, 295 manatı yenidən yerinə qoymuşdur. Daha sonra içəri otağa keçib namazını qılmışdır. O, namazını qılıb qutardıqdan sonra yatmağa getmək istədiyi zaman həyət qapısının səsini eşitmişdir. Tez evdən çıxıb həyətə baxmışdır. Həmin vaxt evin qapısının yanında olan stolun üstündə ona məxsus olan pul kisəsini görüb dərhal pul kisəsində olan puluna baxmışdır. Görmüşdür ki, pul kisəsinin içərisində olan 295 manat pulu yerində yoxdur. Tez ailə üzvlərini yuxudan oyadıb evə oğru daxil olduğunu, evdən nələrin oğurlandığını axtarmağa başlamışlar. Lakin pul kisəsində olan 295 manat puldan başqa evdən heç nə oğurlanmamışdır. Daha sonra oğlu Nizami Hüseynov DİN-in 102 zəng xidmətinə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Polis əməkdaşlarının onun evindən oğurluq etməkdə şübhəli olan şəxsi onların evə gətirəndə həmin şəxs hadisəni olduğu kimi danışmış, o həqiqətən də inanmış ki, onun pulunu Təqsirləndirilən şəxs oğurlamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, oğlu Nizami onun pul kisəsində olan pulun sayını dəqiq bilməmiş, ona görə də məlumatda 395 manat oğurlandığını bildirmişdir. Lakin onun pul kisəsində 295 manat pul olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evin yataq otağına keçib yatmışdır. Həmin gün saat 06.50 radələrində yuxudan oyanıb qonaq otağına keçəndə qonaq otağının pəncərəsindəki torun çıxarıldığını görüb evə oğru girdiyindən şübhələnmişdir. Tez qonaq otağındakı divanın üstünə baxmışdır. Gecə ona məxsus pul qabını divanın üstünə qoymuşdur. Həmin pul qabının divanın üstündə olmadığını aşkar eləmişdir. Pul qapının içərisində 500 manat, şəxsiyyət, sürücülük vəsiqələri, bank kartları və s. sənədlər olmuşdur. O hadisə ilə bağlı 10-cu Polis bölməsinə müraciət etmişdir. Daha sonra evə gəlib pul qabını axtarmağa başlamışdır. Ona məxsusu pul qabını yaşadığı binanın yaxınlığında yerdən tapmışdır. Pul qabının içərisinə baxanda bütün sənədlər və bank kartlarım yerində olmuş, lakin ona məxsus 500 manat pul qabından götürülmüşdür. Düzdür o ilkin olaraq Polis bölməsində şikayət ərizəsi yazarkən pul qabıda 48 manat 70 qəpik pulun olduğunu yazmışdır. Lakin bir müddət sonra evdə pulunu axtarmış, daha sonra yadına düşmüşdür ki, 500 manat pulunu pul qabına qoymuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığına görə məhkəmə iclasının vaxtı və yeri barəsində Bakı İstintaq Təcridxanasına məlumat verilməsinə baxmayaraq Şahid iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid oğlu öz ifadəsində göstərmişdir ki, 2011-ci ildə həbs olunmuş, 2012-ci ilin iyun ayında Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanımışdır. Farizin onunla qohumluq əlaqələri vardır. Münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin mart ayında Fariz cəzasını çəkib qurtardığı üçün azadlığa çımağa hazırlaşırmışdır. Fariz azadlığa çıxdığı üçün ondan 400 manat borc istəmişdir. O da Farizə 400 manat borc vermişdir. Fariz azadlığa çıxdıqdan sonra təxminən 2020-ci ilin sentyabr ayında ona olan borcundan 200 manatını cəzaçəkmə müəssisəsinə göndərmişdir. Lakin 200 manatını hələ də borclu qalmışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fariz ifadəsində yalan demişdir. O ifadəsində bildirmişdir ki, Farizə o 400 manat pul borc vermişdir, Fariz də ona həmin borcdan 200 manatını qaytarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3/1866 saylı rəyindən görünür ki, - Təqdim edilmiş 1,4,5 saylı daktilolentlərin səthindəki ovuc izləri, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. - Təqdim edilmiş 2 saylı daktiloletin səthindəki əl-barmaq izi və 3 saylı daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. - Təqdim edilmiş edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ əlinin ovuc hissəsindən qalmışdır. - Təqdim edilmiş 4,5 daktilolentlərin səthindəki ovuc izləri, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs əl-barmaq və ovuclarından qalmamışdır. Ekspertiza tədqiqatının dəyəri 347,45 manat (üç yüz qırx yeddi manat qırx beş qəpik) manat təşkil edir. Hadisə yerində götürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq və ovuc izləri xx.xx.2020-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon İHB-nın Sərhədabad kənd İƏDÜ-nün xx xxxxxx 2021-ci il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Cəlilabad rayonu, Üçtəpə kənd sakini X7 ilə birlikdə qeyri-rəsmi yaşamışdır. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2021-ci il tarixli arayışından məlum olur ki, X7 35 həftəlik hamilədir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 qardaşı X5 xx xxxxxx 2020-ci il tarixdə Qubadlı rayonunda hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamından aydın olur ki, X6 – əsgər (ölümündən sonra) “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxx 2005-ci il tarixdən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs X13 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3 və 67.1-ci maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(011)-166/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin təhlükəli residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, arvadının hamilə olmaqla şəhid ailəsi olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərlə barışmaqla onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(011)-166/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbindən aydın olur ki,cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə 347, 45 manat (üç yüz qırx yeddi manat qırx beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus əl-barmaq və ovuc izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(011)-166/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırki cəza X13 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 09 ay 19 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 347,45 (üç yüz qırx yeddi manat qırx beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerində götürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq və ovuc izləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar