Məhkəmə qərarları › İş №1(003)-3/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-3/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-3/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs Şahid2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs əvvəllər pulunu sonradan ödəmək şərti ilə bir neçə dəfə iri buynuzlu heyvan alaraq, pulunu bir müddət sonra ödəyib Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra 17.07.2017-ci il tarixdə Zərərçəkmiş şəxs mal-qara saxladığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna massivində yerləşən fermasına gələrək, oradan pulunu 20.08.2017-ci il tarixdə ödəmək şərti ilə hər birinin dəyəri 2038,93 manat olmaqla 36700,74 manat dəyərində 18 baş iri buynuzlu mal alaraq aparmış, lakin vədinə əməl etməyib Zərərçəkmiş şəxs iri buynuzlu heyvanlarını ələ keçirərək zərərçəkmişə 36700,74 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmişdir.Belə ki, Təqsirləndirilən şəxs2 qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs əvvəllər pulunu sonradan ödəmək şərti ilə bir neçə dəfə iri buynuzlu heyvan alaraq, pulunu bir müddət sonra ödəyib Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra 17.07.2017-ci il tarixdə Zərərçəkmiş şəxs mal-qara saxladığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna massivində yerləşən fermasına gələrək, oradan pulunu 20.08.2017-ci il tarixdə ödəmək şərti ilə hər birinin dəyəri 2038,93 manat olmaqla 36700,74 manat dəyərində 18 baş iri buynuzlu mal alaraq aparmış, lakin vədinə əməl etməyib Zərərçəkmiş şəxs iri buynuzlu heyvanlarını ələ keçirərək zərərçəkmişə 36700,74 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Müşfiq Qocayev tərəfindən istintaq aparılmış və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi olduğundan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. 04 may 2021-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi X5 vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və iş materiallarının daha ağır ittiham irəli sürülməsi ilə əlaqədar ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 vəsatətin təmin edilməməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X5 vəsatəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahid2 vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Belə ki, ittiham aktında təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın miqdarı 36700,74 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi ittiham aktında təqsirləndirilən şəxslər dəymiş ziyanın miqdarı xeyli miqdar təşkil edir ki, bu səbəbdən də onlara qarşı CM-nin 178.2.-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə tərəfindən 09.02.2021-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərar ilə ekspert qarşısında qoyulmuş suallar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti E.Qəhrəmanov tərəfindən tərtib edilmiş 13.04.2021-ci il tarixli ekspert rəyində cinayət işinin predmetini təşkil edən 18 baş inəyin ümumi olaraq orta bazar qiymətinin 57600 manat təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi zərərçəkmiş şəxslərə dəymiş ziyanın miqdarı (57600 manat) qanunvericiliyə əsasən külli miqdar təşkil edir və belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsinin dispozisiyasına uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində Xəzər rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarı ilə ibtidai istintaq müətinin sonunadək yəni 18 yanvar 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı şəhər prokurorunun 14 yanvar 2019-cu il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti 3 ay-7 ayadək yəni 16 aprel 2019-cu il tarixədək uzadılmışdır. Bununla əlaqədar olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə təqdimat ilə müraciət edilmiş və Xəzər rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müdəti 16 aprel 2019-cu il tarixədək uzadılmışdır. Daha sonra 01 aprel 2019-cu il tarixdə iş üzrə ibtidai istintaq yekunlaşdırılmış və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərarı ilə iş üzrə icraata xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müdəti 14 iyun 2019-cu il tarixədək uzadılmışdır. 29 may 2019-cu il tarixdə iş üzrə ibtidai istintaq yekunlaşdırılmış və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir.Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 qarşı daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması əlavə araşdırılmanın aparılması və aparılmış istintaqın materiallarına yenidən baxılması ilə bağlı olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti iki ay müddətinə uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Məhkəmə qeyd edir ki, digər Təqsirləndirilən şəxs2 barəsində Xəzər RPİ İŞ-nin müstəntiqi Müşfiq Qocayev tərəfindən 01 dekabr 2018-ci il tarixli qərar ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları təqsrləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinun müddəti 02 (iki) ay müddətinə yəni 17 iyul 2021-ci il tarixədək uzadılsın. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar