Məhkəmə qərarları › İş №1(003)-421/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-421/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-421/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) 24 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Atçılıq YYS-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Atçılıq YYS-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2021-ci il tarixində gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən ikimərtəbəli tikilməkdə olan fərdi yaşayış evinin həyətyanı sahəsinə darvaza qapısının açarını əldə edərək qanunsuz olaraq daxil olmaqla oradan ümumilikdə 1250 manat dəyərində Zərərçəkmiş şəxs məxsus 120 ədəd 400 manat dəyərində taxta dayaqları, 10 kisə 70 manat dəyərində “Norm” markalı sementləri, 2 kub metr 780 manat dəyərində taxta materialları, 05 may 2021-ci il tarixdə saat 02 radələrində eyni üsulla və eyni ünvandan ümumilikdə 827 manat dəyərində Zərərçəkmiş şəxs məxsus 10 kisə 70 manat dəyərində “Norm” markalı sementləri, 110 ədəd 367 manat dəyərində taxta dayaqları, 1 kub metr 390 manat dəyərində taxta materialları və 10 may 2021-ci il tarixdə eyni üsulla, eyni ünvandan ümumilikdə 1083 manat dəyərində Zərərçəkmiş şəxs məxsus 10 kisə 70 manat dəyərində “Norm” markalı sement kisələrini, 2 kub metr 780 manat dəyərində taxta materiallarını və 70 ədəd 233 manat dəyərində taxta dayaqlarını gizli olaraq talamışdır. 19 may 2021-ci il tarixdə saat 23 radələrində eyni üsulla eyni ünvandan Zərərçəkmiş şəxs məxsus, hər birinin qiyməti 7 manat və ümumi dəyəri 105 manat olan 15 kisə “Norm-400” markalı sementləri götürüb gizli olaraq talayarkən, həmin həyətdə gözətçilik edən Şahid1 tərəfindən saxlanılması səbəbindən əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs cəmi 3265 (üç min iki yüz altmış beş) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 aprel 2021-ci il tarixində gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Mərdəkan qəsəbəsi H.Aslanov küçəsi 155 M ünvanda yerləşən ikimərtəbəli tikilməkdə olan fərdi yaşayış evinin həyətyanı sahəsinə darvaza qapısının açarını əldə edərək qanunsuz olaraq daxil olmaqla oradan ümumilikdə 1250 manat dəyərində Zərərçəkmiş şəxs məxsus 120 ədəd 400 manat dəyərində taxta dayaqları, 10 kisə 70 manat dəyərində “Norm” markalı sementləri, 2 kub metr 780 manat dəyərində taxta materialları, 05 may 2021-ci il tarixdə saat 02 radələrində eyni üsulla və eyni ünvandan ümumilikdə 827 manat dəyərində Zərərçəkmiş şəxs məxsus 10 kisə 70 manat dəyərində “Norm” markalı sementləri, 110 ədəd 367 manat dəyərində taxta dayaqları, 1 kub metr 390 manat dəyərində taxta materialları və 10 may 2021-ci il tarixdə eyni üsulla, eyni ünvandan ümumilikdə 1083 manat dəyərində Zərərçəkmiş şəxs məxsus 10 kisə 70 manat dəyərində “Norm” markalı sement kisələrini, 2 kub metr 780 manat dəyərində taxta materiallarını və 70 ədəd 233 manat dəyərində taxta dayaqlarını gizli olaraq talamış, 19 may 2021-ci il tarixdə saat 23 radələrində eyni üsulla eyni ünvandan Zərərçəkmiş şəxs məxsus, hər birinin qiyməti 7 manat və ümumi dəyəri 105 manat olan 15 kisə “Norm-400” markalı sementləri götürüb gizli olaraq talayarkən, həmin həyətdə gözətçilik edən Şahid1 tərəfindən qardaşı Təqsirləndirilən şəxs1 saxlanılması və özünün qaçaraq uzaqlaşması səbəbindən əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs cəmi 3265 (üç min iki yüz altmış beş) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 2021-ci ilin aprel sonlarında Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin həyətində fəhlə kimi işləmişdir. Sonradan işləmədiyi üçün mağazalara borcu olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, ilk dəfə özü təkbaşına 2021-ci ilin aprel ayının 28-də saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2104” markalı **-GE-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin hasar darvazasının qarşısına gəlmiş və orada bayırda daşın altından hasar darvazasının qapısını açıb içəri girmişdir. Orada bayıra yığılmış sementlərdən 10 ədəd “Norm” markalı sementləri oğurlayaraq avtomobilə yığmış və oradan uzaqlaşmışdır. Həmin sementləri səhərisi gün Sabunçu qəsəbəsinə gedərək hər birini 4 manatdan tanımadığı şəxslərə satmışdır. Daha sonra 05 may 2021ci il tarixdə saat 02 radələrində yenə etibarnamə ilə idarə etdiyi “VAZ 2104” markalı **- GE-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin hasar darvazasının qarşısına gələrək bayırda daşın altından hasar darvazasının qapısını açıb içəri girmiş və həyətdə yığılmış sementlərdən 10 ədəd “Norm” markalı sementləri götürüb avtomobilə yükləyərək oğurlamışdır. Daha sonra səhəri gün Sabunçu qəsəbəsinə gedərək hər birini 4 manatdan tanımadığı şəxslərə satmışdır. Bundan sonra, o yenə oğurluq etmək məqsədi ilə 10 may 2021-ci il tarixdə saat 02 radələrində yenə etibarnamə ilə idarə etdiyi həmin avtomobillə Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin hasar darvazasının qarşısına gələrək bayırda daşın altından hasar darvazasının qapısını açıb içəri girmiş və həyətdə yığılmış sementlərdən 10 ədəd “Norm” markalı sementləri götürüb avtomobilə yükləyərək oğurlamış, eyni qaydada səhərsi gün Sabunçu qəsəbəsində “Rus” bazarında tanımadığı şəxslərə 04 manatdan satmış və əldə etdiyi pulları borclarına və xərclərinə vermişdir. Həmin oğurluq hadisələrini təkbaşına etmiş və onun pulunu həmin evin sahibi kəsdiyi üçün qəsdən həmin oğurluqları etmişdir. Sonuncu dəfə isə yenə pula ehtiyacı olduğundan, həmin yerdən oğurluq etmək qərarına gəlmiş və bu barədə qardaşı Vüqara da təklif etmiş və o, onunla razılaşmışdır. 19 may 2021-ci il tarixdə saat 21 radələrində qardaşı Vüqar ilə etibarnamə ilə idarə etdiyi “VAZ 2104” markalı **-GE-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin hasar darvazasının qarşısına gəlmişlər. İkisi də avtomobildən düşmüş və o, bayır tərəfdə daşın altında olan hasarın darvaza qapısının açarını götürüb açarla qapını açmış və onlar həyətə daxil olmuşlar. Daha sonra sol tərəfdə olan “Norm” sementlərinin 6 ədədini daşıyıb darvaza qapsınını qarşısına gətirmişlər. Bu zaman Buğday hadisə yerinə gəlmiş və onu tutub saxlamış, qardaşı Vüqar isə qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra oraya evin sahibi Orxan gəlmiş və hadisə ilə bağlı polisə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən 1-ci PŞ-nə aparılmış, sonradan isə qardaşı Vüqar da saxlanılmışdır. Polis Şöbəsində onun ilkin izahatı alınarkən əvvəllər də Zərərçəkmiş şəxs evinin həyətindən tikinti materialları, yəni sementləri, taxta materiallarını oğurlamağını qorxusundan etiraf etmiş, lakin əslində o, oradan yalnız sementləri oğurlamışdır. Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin həyətindən 3 dəfə tək “Norm” sementləri oğurlamış, sonuncu dəfə isə sementləri oğurlamağa qardaşı Vüqarla birlikdə gəlsələr də, oğurluğu başa çatdıra bilməmişlər. 19 may 2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki evinin həyətində olan “Norm” sementlərinin hamısını oğurlamağı qərarlaşdırmışlar və 6 ədəd üst-üstə yığdıqları sementlərdən başqa orada qumluğun ətrafında əlavə təxminən 10 ədəd də “Norm” sementləri var imiş, lakin onu orada tutub saxladıqlarından və qardaşı Vüqar qaçdığından, digər sementləri və yığdıqları sementləri oğurlaya bilməmişlər. O, oğurladığı “Norm” sementlərini satdığı şəxslərə sementləri oğurluq yolu ilə əldə etməyini bildirməmiş, sadəcə, artıq qaldığı üçün pula ehtiyac olduğuna görə satdığını demişdir. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 2021-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin həyətində qardaşı Qurbanla fəhlə kimi işləmiş, 19 may 2021-ci il tarixdə səhər saatlarında atasıgilə qonaq gəlmişdir. Qurban həmin gün saat 21 radələrində Mərdəkan qəsəbəsində Orxanın evinə getməyi və oradan pula ehtiyacları olduğu üçün sement oğurlamağı ona təklif etmiş, o da razılaşmışdır. Qurbanla onun etibarnamə ilə idarə etdiyi “VAZ-2104” markalı **-GE-*** dövlət nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki tikilməkdə olan evinin hasar darvazasının qarşısına gəlmişlər. İkisi də avtomobildən düşmüş və Qurban bayır tərəfdə daşın altında olan hasarın darvaza qapısının açarını götürüb açarla qapını açmış və onlar həyətə daxil olmuşlar. Daha sonra sol tərəfdə olan “Norm” sementlərinin 6 ədədini daşıyıb darvaza qapısının qarşısına gətirmişlər. Bu zaman orada briqadir işləyən Buğday hadisə yerinə gəlmiş və Qurbanı tutub saxlamış, o isə həyəcanlı olduğundan qaçaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Daha sonra onu da polis əməkdaşları 1-ci PŞ-nə çağırmışlar, o da qardaşı tutulduğu üçün özü Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Qurbanın əvvəllər də Zərərçəkmiş şəxs evinin həyətindən tikinti materialları, yəni sementləri, taxta materiallarını oğurlamağını bildiyini qorxusundan etiraf etmişdir. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanında yerləşən 12 sot torpaq sahəsində ikimərtəbəli evin tikintisi ilə məşğul olur və bu səbəbdən oraya tikinti materialları alıb yığmışdır. Həmin evin həyətyanı sahəsi daş hasarla hörülmüşdür və darvaza qapısı da vardır, bu səbəbdən ətrafı bağlı yer olduğundan, o həyətyanı sahəsinə qum, sement, taxta və sair tikinti materialları yığmışdır. Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 əvvəllər təxminən 2021-ci ilin aprel ayının sonlarında onun Mərdəkan qəsəbəsindəki həmin tikilməkdə olan 2 mərtəbəli evində bir dəfə fəhlə kimi tikinti materiallarını boşaltmaq üçün işləmişlər. Onun tikinti işlərini isə əsasən tanışı Buğday aparırmış, yəni lazım olan tikinti materiallarını o gətirirmiş. Vüqar və Qurbanı da orada fəhlə kimi həmin gün işlədikdən sonra, Buğday darvaza qapısını açarla bağlamış və açarı bayır tərəfdə daşın altına qoyduqda bunu Vüqargil görmüşlər. Bir müddət sonra o, hiss etmişdir ki, tikinti materialları yoxa çıxır. Bu barədə Buğday da ona bildirmişdir və 18 may 2021-ci il tarixdə yoxlama apardıqda evinin həyətyanı sahəsindən 1000 manat dəyərində 300 ədəd 2 metr uzunluqda beton tökmək üçün taxta dayaqların, 1950 manat dəyərində 5 kub metr taxta materialların, 210 manat dəyərində 30 ədəd “Norm” sementlərin naməlum şəxs tərəfindən həyətə daxil olmaqla oğurlanmasını aşkar etmişdir. O da ehtimal etmişdir ki, açarın yerini bilən şəxslər açarı götürüb qapını açıb həyətyanı sahədən tikinti materiallarını hissə-hissə oğurlayırlar. Buğday da əsasən həmin Vüqar və Qurban qardaşlarından şübhələndiyini bildirmişdir. Bu səbəbdən onlar növbə ilə güdməyə başlamışlar və 19 may 2021-ci il tarixdə saat 22 radələrində Buğdayla birlikdə Mərdəkan qəsəbəsində həyətdə müşahidə apararkən 2 nəfər şəxsin onun evinin həyətinə girməsini və onların əvvəl onun evinin həyətinə yük boşaldarkən fəhlə kimi işləmiş Vüqar və Qurban qardaşlarının olmasını görmüşlər. Onlar həyətə daxil olaraq 06 ədəd “Norm-400” markalı sementləri oğurlamağa cəhd edərkən onları saxlamışlar, lakin onlardan biri, yəni Vüqar sementi götürə bilmədən qaçaraq uzaqlaşmışdır. Daha sonra oraya polis çağırmışlar və Qurbanı Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşlarına təhvil vermişlər, hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Orada sorğu-sual zamanı Qurban pula ehtiyacı olduğu üçün tikinti taxtalarını, sementləri hissə-hissə əvvəllər də oğurladığını və həmin gün də oğurluq məqsədi ilə qardaşı Vüqarla bilrikdə onun Mərdəkan qəsəbəsindəki həmin evinin həyətinə bayırda açarı daşın altından götürüb darvaza qapısını açaraq girib oradan qardaşı Vüqarla birlikdə tikinti materiallarını oğurlamasını etiraf etmişdir. O da polis əməkdaşları ilə birlikdə 20 may 2021-ci il tarixdə gecə Xəzər RPİ 1-ci PŞ-nə gedərək oğurluq hadisəsi ilə bağlı ərizə və izahatını vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3265 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Zərərçəkmiş şəxs 2020-ci ilin sonlarından, onun Mərdəkan qəsəbəsindəki evində təmir işləri apararkən tanış olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1 ay əvvəl tikinti işlərində fəhlə işləyən Binə-Atçılıq massivində yaşayan şəxslər kimi tanımışdır. O, 2021-ci ilin aprel ayının sonlarında bir dəfə Mərdəkan qəsəbəsi H.Aslanov küçəsi 155 M ünvanında yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evində tikinti işləri ilə bağlı fəhlə lazım olduğundan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tikinti materialları boşaltmaq üçün həmin ünvana taksi ilə onun çağırışı əsasında gəlmişlər. Həmin vaxt Vüqar və Qurban fəhlə kimi işləyərək tikinti materiallarını Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsindəki həmin tikilməkdə olan ikimərtəbəli evininin həyətinə boşaltmışlar. Evin darvaza qapısının qapısını açarla bağlamış və qapının açarını bayır tərəfdə daşın altına qoymuşdur və açarı oraya qoyarkən Vüqar və Qurban həmin açarı hara qoymağını görmüşlər. O, onların hər birinə 15 manat və 2 manat da əlavə yol xərci verərək onları yola salmışdır. Bir müddət sonra ev sahibi Orxan tikinti materiallarının yoxa çıxmasını bildirmiş və o da şübhələndiyini ona bildirmişdir. 18 may 2021-ci il tarixdə Orxanla birlikdə yoxlama apardıqda məlum olmuşdur ki, həmin Mərdəkan qəsəbəsindəki evin həyətyanı sahəsindən 1000 manat dəyərində 300 ədəd 2 metr uzunluqda beton tökmək üçün taxta dayaqlar, 1950 manat dəyərində 5 kub metr taxta materiallar, 210 manat dəyərində 30 ədəd “Norm” sementlər naməlum şəxs tərəfindən həyətə daxil olmaqla oğurlanmışdır. Ehtimal etmişdir ki, açarın yerini bilən şəxslər açarı götürüb qapını açıb həyətyanı sahədən tikinti materiallarını hissə-hissə oğurlayırlar. Bu səbəbdən o da əsasən həmin Vüqar və Qurban qardaşlarından şübhələndiyini Orxana bildirmiş və onlar növbə ilə güdməyə başlamışlar. 19 may 2021-ci il tarixdə saat 22 radələrində Orxanla birlikdə Mərdəkan qəsəbəsində həyətdə müşahidə apararkən 2 nəfər şəxsin həmin evin həyətinə girməsini və onların əvvəl evin həyətinə yük boşaldarkən fəhlə kimi işləmiş Vüqar və Qurban qardaşlarının olmasını görmüşlər. Vüqar və Qurban həyətə daxil olaraq 06 ədəd “Norm-400” markalı sementləri oğurlamağa cəhd edərkən onları saxlamışlar, lakin onlardan biri, yəni Vüqar sementi götürə bilmədən qaçaraq uzaqlaşmışdır. Daha sonra oraya polis çağırmışlar və Qurbanı Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşlarına təhvil vermişlər, hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, orada sorğu-sual zamanı Qurban pula ehtiyacı olduğu üçün tikinti taxtalarını, sementləri hissə-hissə əvvəllər də oğurladığını və həmin gün də oğurluq məqsədi ilə qardaşı Vüqarla bilrikdə Mərdəkan qəsəbəsindəki evinin həyətinə bayırda açarı daşın altından götürüb darvaza qapısını açaraq həyətə girərək oradan qardaşı Vüqarla birlikdə tikinti materiallarını oğurlamasını etiraf etmişdir. Daha sonra Orxan polis əməkdaşları ilə birlikdə 20 may 2021-ci il tarixdə gecə Xəzər RPİ 1-ci PŞ-nə gedərək oğurluq hadisəsi ilə bağlı ərizə və izahat vermişdir. Belə ki, həmin oğurluq hadisəsi nəticəsində Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Aslanov küçəsi Bağlar massivi ərazisində yerləşən Orxanın iki mərtəbəli tikilməkdə olan fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmaqla oradan 1000 manat dəyərində 300 ədəd 2 metr uzunluqda beton tökmək üçün taxta dayaqlar, 1950 manat dəyərində 5 kub metr taxta materiallar, 210 manat dəyərində 30 ədəd “Norm” sementlər oğurlanmaqla 3160 manat dəyərində Zərərçəkmiş şəxs ziyan dəymişdir, o həmin məbləği təsdiq edir, çünki materialları oraya o gətizdirib boşaltmışdır. Sonuncu dəfə isə 19 may 2021-ci il tarixdə də Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 cəmi 105 manat dəyərində olan hər birinin dəyəri 7 manat olan 15 ədəd “Norm-400” markalı sementləri oğurlamağa cəhd edərkən tərəflərindən qarşısı alınmışdır. Onlar Qurbanı saxlayarkən onların bayır tərəfdə “VAZ 2104” markalı avtomobilləri dayanmışdır və 1-ci PŞ-nin əməkdaşları həmin avtomobili də aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər onun işlədiyi şirkətdən material alan müştəri kimi 4 ay əvvəldən tanıyır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 7-8 ildir ki, Binə-Atçılıq massivində yaşayan vaxtdan qonşu kimi tanımışdır. 15 may 2021-ci il tarixdə qonşusu Qurban ona müraciət edərək işsiz olmasını və ona iş tapmaqda köməklik etməyi xahiş etdiyi üçün, mülki etibarnamə əsasında özünə məxsus olan “VAZ 21041” markalı **-GE-*** dövlət nömrə nişanlı avtmobili Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən notariat kontorunda sürmək üçün ona etibarnamə vermişdir ki, avtomobili sürüb yük və ya müştəri daşıyaraq dolanışığını təmin etsin. Həmin müddətdən sonra Qurban “VAZ 21041” markalı **-GE-*** dövlət nömrə nişanlı avtmobili Nərimanov rayonundan götürmüş və idarə etməyə başlamışdır. Qurban hər gün avtomobilini Binə-Atçılıq massivində yaşadığı evin qarşısında saxlayırmış, səhəri gün isə sürüb işlərinin dalınca gedirmiş. Qurbanın tikinti materiallarını sifariş əsasında daşımaqla və taksi kimi işləməsini bilirmiş və o, özü də bəzən onu öz işi ilə bağlı tikinti materialları daşımaq işinə göndərir və onun yol xərcini ödəyirmiş. 19 may 2021-ci il tarixdə saat 21 radələrində Qurban onun mobil nömrəsinə zəng edərək anasının xəstə olmasını və onu Sabunçu xəstəxanasına aparmalı olmasını bildirirərək avtomobili bir qədər gec gətirməyi xahiş etmiş, o da razılaşmışdır. Həmin vaxt o özü Heydər Əliyev prospektində öz avtomobili ilə evə gəlirmiş. Daha sonra həmin gün saat 22 radələrində o, Qurbanın mobil telefonuna zəng etdikdə telefonu özünü Buğday kimi təqdim edən şəxs açmış və ona bildirmişdir ki, Qurban və qardaşı Vüqar onun avtomobili ilə Mərdəkan qəsəbəsində bağ evinin həyətindən oğurluq etmək istədikdə saxlayıblar və polisə də məlumat veriblər. Daha sonra o, hadisə yerinə gələn polis əməkdaşları ilə danışdıqda ona məlumat verilmişdir ki, “VAZ 21041” markalı **-GE-*** dövlət nömrə nişanlı avtomobilini Xəzər RPİ 1-ci PŞ-nə gətiriblər, Qurban və qardaşı Vüqar isə oğurluq etmələrinə görə tutulublar. Onun avtomobilinin texniki passportu, Qurbana verdiyi etibarnamə avtomobilin qabaq saxlanc yerində olmuşdur. Qurban qardaşı Vüqar ilə 19 may 2021-ci il tarixdə saat 21 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində Zərərçəkmiş şəxs tikilməkdə olan fərdi yaşayış evinin həyətindən “Norm” sementlərini oğurlamağa cəhd edərkən ona bu barədə məlumat verməmişdir. Belə ki, onun Qurban ilə həmin gün telefon danışığı olub, lakin, Qurban ona oğurluq etmək planı barədə heç bir məlumat verməmiş, əksinə, onu aldadaraq anası xəstə olması səbəbindən avtomobilini gec qaytaracağını bildirmişdir. Qurbana “VAZ 21041” markalı **- GE-*** dövlət nömrə nişanlı avtomobilini etibarnamə ilə verərkən onun oğurluq məqsədinin olmasını bilməmiş və bu barədə sövdələşməsi olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarına əalvə edilmiş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 15 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 22 may 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 177.2.3-cü maddələr i ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu X3 yaşayış sahəsində fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 22 may 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 177.2.3-cü maddələr i ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu X3 yaşayış sahəsində fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xəzər rayonu X3 yaşayış sahəsindəki fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu X3 yaşayış sahəsindəki fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi cəmi 270,00 (iki yüz yetmiş) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar