Məhkəmə qərarları › İş №1(004)-331/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-331/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-331/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmiş, eləcədə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində istintaqa məlum olmayan şəraitdə bir ədəd qara rəngli rezin dəstəkli, dəstəyinin uzunluğu 205 mm, diametri 29 mm olan açılıb bağlanan, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən vurucu-əzici xassəyə malik dəyənək tipində predmeti qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, bundan başqa 29 may 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 0,838 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükümdə olmalqa təmiz çəkisi 0,771 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək əynində olan boz rəngli parça şalvarın arxa sağ cibində saxlamaqla daşımış, 31 may 2021-ci il tarixdə saat 08:50 dəqiqədə Bakı şəhəri, Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsində yerləşən Bakı şəhəri X21 İdarəsinin inzibati binasının qarşısında X7 idarə etdiyi “Opel Astra” markalı 99 KB-327 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yolhərəkət qaydalarını pozması səbəbindən Baş Dövlət Yol X12 Bölüyünün YPX əməkdaşları tərəfindən sonuncunun idarə etdiyi avtomobil saxlanıldıqdan sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması səbəbindən Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş, bölmənin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli parça şalvarının arxa hissəsində qanunsuz olaraq əldə edib gəzdirdiyi bir ədəd qara rəngli rezin dəstəkli, dəstəyinin uzunluğu 205 mm, diametri 29 mm olan açılıb bağlanan, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən vurucu-əzici xassəyə malik dəyənək tipində predmet, əynində olan boz rəngli parça şalvarın arxa sağ cibindən isə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 0,838 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 01 ədəd bükümdə olmalqa təmiz çəkisi 0,771 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu M.Maqomayev küçəsi ev 105, mənzil 2-də qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, heç bir yerdə işləmir, ali təhsillidir, əvvəllər 30.10.2006-cı il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 30.04.2007-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarı ilə 9 ay 12 gün çəkilməmiş qalan cəzam azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir, 2008-ci ilin yanvar ayında cəzasını tam çəkib qurtarmışdır. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Bakı şəhər sakinləri Orxan və Alxan adlı şəxsləri əvvəllər tanımamış, ilk dəfə 31 may 2021-ci il tarixdə tanımış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2021-ci ilin mart ayında o, İçərişəhərdə olduğu vaxt, yerdən antena şəkilli metal dəyənək görmüş, o, həmin metal dəyənəki götürüb üzərində saxlamışdır ki, bəlkə hər hansı bir tanışına hədiyyə verər, lakin yadından çıxıb üzərində qalmışdır. 29 may 2021-ci il tarixdə günorta saatlarında onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində piyada hərəkətdə olduğu vaxt bir nəfər şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını və təcili narkotik vasitə lazım olmasını bildirmişdir. Həmin şəxsdə ona konkret hansı növ narkotik vasitə lazım olmasını bildirəndə, o da həmin şəxsə həm metamfetamin, həm də heroin lazım olmasını bildirmişdir. Həmin şəxs ondan pulunun olub olmamasını soruşmuş, o da pulunun olmasını, ona bir bükümdə metamfetamin, bir bükümdə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs ona demişdir ki, onu gözləsin gəlir. Bir az keçəndən sonra həmin şəxs gəlmiş, ona demişdir ki, «səninçün bir büküm metamfetamin, bir bükümdə heroin gətirmişəm, qiyməti 40 manat edir». O da 40 manatı həmin şəxsə verməklə, narkotik vasitə heroini və metamfetamini alıb üzərində olan boz rəngli parça şalvarın arxa sağ cibinə qoymuş, fikirləşmişdir ki, sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. Beləcə o, həmin günü həmin narkotik vasitənin və metamfetaminin az bir hissəsini qəbul etmiş, qalan hissəsini üzərində saxlamışdır ki, bədəni ağrayanda qəbul edər. 30 may 2021-ci il tarixdə axşam saatlarında o, dostu Malikin Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evinə getmişdir, həmin gün Malikin ad günü olmuş, axşam Malikin evində qalmışdır. 31 may 2021-ci il tarixdə saat 08 radələrində o, Malikin evindən çıxıb atası Cavanşir Əliyevə məxsus, etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı ** KB *** dövlət nömrə nişanlı avtomobilə tərəf gələndə, həmin vaxt məhəllədə qalan Alxan və Orxan ona bildirmişlər ki, “qardaş səndən bir xahişimiz var, bizi Yasamal rayonu ərazisinə apara bilərsən”, o da onlara etiraz etməmişdir. Sonra Orxan ondan xahiş etmişdir ki, “olar sənin maşınını idarə edim”. O da Orxana etiraz etməmiş, Orxan maşını idarə etməklə, hərəkət etməyə başlamışlar, onlar Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən maşın bazarı adlanan ərazidə avtomobil yolu ilə hərəkət etmişlər. Bu vaxt avtqomobil yolunun üzərində yerləşən DYPİ-nin inzibati binasının qarşısından keçəndə, arxalarında DYP əməkdaşları Orxana avtomobili saxla işarəsi vermişlər, həmçinin sayrışan işıqlarla işarə etmişlər, həmçinin səsli olaraq dövlət nömrə nişanını səsləndirməklə, saxla işarəsi vermişlər. Bu vaxt Orxan avtomobili saxlamamış və DYP əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq, tabesizlik göstərmişlər. Bu vaxt DYP əməkdaşları Orxanın idarə etdiyi avtomobili saxlamışlar, Orxana yaxınlaşmışlar, nə səbəbə tabesizlik göstərməsinin səbəbini soruşmuşlar, lakin Orxan onlara heçnə cavab verməmişdir. Bundan sonra DYP əməkdaşları yaxında olan çevik polis alayının əməkdaşlarını köməyə çağırmışlar, onları 28-ci Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getməyə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 28-ci PB-nə getmişlər, həmçinin onnunla bərabər Orxan və Alxanı da Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər, onlarda onunla birlikdə polis bölməsinə gəlmişlər. O, bölmədə olarkən, polis əməkdaşlarına demişdir ki, o, üç ildən artıqdır ki, narkotik vasitə qəbul edir, hazırda da üzərində narkotik vasitə vardır. Ona görə də onu bölmənin xidməti otaqlarının birinə aparmışlar, xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan boz rəngli cins şalvarın arxa sağ cibində saxladığı, iki ədəd şəffaf selofan paketin içərisində olan bükümlər vardır, həmin bükümlərdə narkotik vasitə və psixotrop maddə metamfetamin vardır, o, həmin narkotik vasitəni və psixotrop maddəni, eləcə də şalvarının arxa hissəsində remenin altına saldığı dəmir dəyənəyi onlara təqdim edə bilər. Sonra o, əynində olan boz rəngli cins şalvarın arxa sağ cibində saxladığı, iki ədəd şəffaf selofan paketə bükülmüş bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəffaf selofan paketlərdən biri açlarkən, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digər büküm açılarkən, içərisində kristal şəkilli psixotrop maddə olan matemfetamin aşkar edilmiş və götürülmüş, həmçinin dəmir dəyənəkdə üzərimdən aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə və dəmir dəyənək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metamfetaminə bənzər kütləni 29 may 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 40 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur, özü qəbul etmək üçün 40 manata almış, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə saat 08:40 radələrmində Bakı-Qazax yolunun 6-cı km-də xidmətdə olan zaman «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmışdır. Həmin nəqiyyat vasitəsinin sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə etməsi güman edildiyindən tərəfindən həmin avtomobilin saxlanılmasına göstəriş vermişdir. Həmin avtomobil Yasamal rayonu ərazisində Bakı şəhər X21 idarəsinin qarşısında dairədə tərəflərindən saxlanılmışdır. Həmin vaxt onların istiqamətində hərəkətdə olan X19 Alayının əməkdaşlarının olduqları xidməti avtomobili də onlara yaxınlaşmışdır. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər. Həmin sürücünün sərxoş olması hiss olunmuş, sürücüdən onun sərxoş olub-olmamasını, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub olmamasını soruşduqda, sürücü narkotik vasitədən istifadə etdiyini bildirərək avtomobildən iki ədəd bükülünü çölə atmış, həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnmişlər. O, dərhal həmin 2 ədəd bükülünün yerdən götürmüşdür. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda, onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin sərnişinlər də sərxoş olmuşlar. Həmin şəxsləri Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər, orada «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş, dərhal sürücünün əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün 02.07.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini X8, onun avtomobilində olan sərnişinlərin isə 13.10.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini X9 və xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O və xidmət yoldaşı Şahid1 ilə birgə raport yazaraq qeyd olunan şəxslər barədə qanuni tədbir görülməsi üçün 28-ci PB-nin rəhbərliyinə müraciət etmişlər. Bundan sonra o, Orxan Ruzpeykarın avtomobildən düşərkən yerə atdığı və içərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Orxan Ruzpeykarın ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı təhqiqata təhvil vermək üçün orada qalmışdır və sonradan həmin əşyaları təhqiqata təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 31.05.2021-ci il tarixdə səhər saatlarında o, 28-ci PB-də xidməti iş otağında olmuşdur. Həmin vaxt bölmənin rəhbərliyi tərəfindən onlara tapşırıq verilmişdir ki, üç nəfər şəxs DYP əməkdaşları tərəfindən gətirilmişdir və onların üzərlərinə şəxsi axtarış keçirilməlidir. O, AR DİN-nin BDYPİ-nin Ekoloji nəzarət bölüyünün komandiri Şahid1 və AR DİN-nin BDYPİ-nin Ekoloji nəzarət bölüyünün YPX inspektoru Şahid2 bölmə rəhbərliyinə yazdığı raportla tanış olduqdan sonra bütün məlumatları əldə etmişdir. Təqsirləndirilən şəxs bölmənin xidməti otaqlarının birinə aparmışlar, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, onun üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqların birində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, narkotik vasitə qəbul etdiyini, narkotik vasitənin el dilində deyilən şüşə kimi adlanan metamfetamin növündən qəbul etdiyini, şüşəni tüstüsünü çəkməklə qəbul etdiyini, narkotik vasitənin şüşə növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılar olduğunu, təxminən 2021-ci ilin mart ayında içərişəhərdə olduğu vaxt, yerdən antena şəkilli metal dəyənək gördüyünü, həmin metal dəyənəyi götürüb üzərində saxladığını, 29 may 2021-ci il tarixdə günorta saatlarında onun bədəninin ağradığını, təcili narkotik vasitə qəbul etmək istədiyini, ona görə də Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində piyada hərəkətdə olduğu vaxt bir nəfər şəxslə rastlaşdığını, həmin şəxsdən 40 manat dəyərində iki bükümdə narkotik vasitə heroin və metamfetamin alıb üzərində olan boz rəngli parça şalvarın arxa sağ cibiqə qoyduğunu, həmin günü həmin narkotik vasitənin və metamfetaminin az bir hissəsini qəbul etdiyini, qalan hissəsini üzərində saxladığını, hazırda da əynində olan boz rəngli parça şalvarın arxa sağ cibində saxladığını bildirərək, üzərində olan boz rəngli parça şalvarın arxa sağ cibində saxladığı bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini və bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində psixotrop maddə olan metamfetamini, həmçinin şalvarımın arxa hissəsində kəmərin altına saldığı dəmir dəyənəyi təqdim etmişdir. Həmin şəffaf selofan paketlərdən biri açılarkən, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digər büküm açılarkən, içərisində kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilmiş və götürülmüş, həmçinin dəmir dəyənəkdə üzərimdən aşkar edilmiş və götürülmüşdür. Həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini və bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində psixotrop maddə olan metamfetamini, həmçinin şalvarının arxa hissəsində kəmərin altına saldığı dəmir dəyənək tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün iki ədəd ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 167 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş dəmir dəyənəyi təxminən 2021-ci ilin mart ayında içərişəhərdə olduğu vaxt, yerdə gördüyünü, həmin metal dəyənəyi götürüb üzərində saxladığını, iki ədəd şəffaf selofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metamfetaminə bənzər kütləni 29 may 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində tanımadığım şəxsdən 40 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitədən və psixotrop maddədən başqa bir şəxsə satmamış, özünün istifadəsi üçün əldə etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə, DYP əməkdaşları tərəfindən saxlanılarkən, Təqsirləndirilən şəxs tanışı Orxan tərəfindən idarə edilən Opel Astra markalı ** KB *** dövlət nömrə nişanlı avtomobilə video müşahidə altında baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin X19 Alayının 6-cı Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 31 may 2021-ci il tarixdə saat 08:45 radələrində Bakı-Qazax yolunun 6-cı km-də o, sürücü polis nəfəri Şahid6 idarə etdiyi Mercedes Citan markalı **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparmışlar. Həmin vaxt xidmətdə olarkən qeyd olunan yolun həmin hissəsində görmüşlər ki, «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Dövlət yol patrul xidmətinin BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin sayrışan işığına və verilən xüsusi siqnala məhəl qoymayaraq manevr edərək yol hərəkət qaydalarını pozaraq hərəkətini davam etdirərək qəza şəraiti yaratmışdır. Az müddət keçməmiş təxminən saat 08:50 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər X21 idarəsinin qarşısında dairədə «Opel Astra» markalı **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanmışdır. Yol patrul xidmətinə məxsus BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin də həmin yerdə dayandığını və içərisində olan 2 nəfər Yol patrul xidməti əməkdaşları yerə düşmüşlər. Həmin an Şahid6 həmin yerə çatanda idarə etdiyi avtomobili saxlamış və dərhal hər hansı bir kömək göstərmək üçün avtomobildən yerə düşmüşlər. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər sərnişin də olmuşdur. Yol patrul xidmətinin əməkdaşları sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb etmişlər, avtomobilin sürücüsünün sərxoş olması hiss olunmuşdur. Yol patrul xidmətinin əməkdaşları sürücüdən sərxoş olub- olmaması, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub olmamasını soruşduqda sürücü narkotik vasitədən istifadə etdiyini bildirmiş və avtomobildən iki ədəd bükülünü çölə atmışdır. Dərhal Yol patrul xidmətinin inspektoru Rəşadət Fərzəyliyev həmin bükülülərin içərisində narkotik vasitə olmasından şübhələnib həmin 2 ədəd bükülünü yerdən götürmüşdür. «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər 2 nəfər sərnişinlərdən də narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda onlar da narkotik vasitə istifadə etdiklərini bildirmişlər. Həmin sərnişinlər də sərxoş olmuşlar. Həmin şəxslər Yasamal RPİ-nin 28-ci PB-nə gətirildi, orada «Opel Astra» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsi avtomobildən düşən kimi ayaqqabısının altından bıçaq çıxarıb hər iki qolunun bilək nahiyyəsinə xəsarət yetirmiş, dərhal sürücünün əlindən bıçağı götürmüşlər. Qeyd olunan avtomobilin sürücüsü və onunla birlikdə olan 2 nəfər sərnişini 28-ci PB-nin növbətçi hisəsinə təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri yoxlanıldıqda sürücünün 02.07.1990-cı il təvəllüdlü Binəqədi rayon sakini X10, onun avtomobilində olan sərnişinlərin isə 13.10.1993-ci il təvəllüdlü Binəqədi rayon sakini X9 və xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Qeyd olunan şəxslər barədə qanuni tədbir görülməsi üçün 28-ci PB-nin rəhbərliyinə Yol patrul xidmətinin əməkdaşlarıinspektor Rəşadət Fərzəyliyev sonradan adı və soyadını bildiyi polis baş leytenantı Şahid1 raport yazaraq müraciət etmişlər.Yol Patrul xidməti əməkdaşlarına qeyd olunan köməkliyi göstərib dərhal xidməti iş yerlərinə qayıtmışlar. Sonradan Şahid2lə əlaqə saxlayanda ona məlum olmuşdur ki, onlar xidməti yerlərinə qayıdandan sonra Şahid2 «Opel Astra» markalı avtomobilin sürücüsü Orxan Ruzpeykarın avtomobildən düşərkən yerə atdığı və icərisində narkotik vasitə olması güman edilən 2 ədəd bükümdə olan maddələri və Orxan Ruzpeykarın ayaqqabısının altından çıxarıb qollarına xəsarət yetirdiyi bıçağı 28-ci PB-nin təhqiqatçısına təhvil vermək üçün orada qalmışdır və Orxan Ruzpeykarın üzərinə şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş və həmin büklüləri və bıçağı sonradan həmin əşyaları təhqiqata təqdim etmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə və onların satışı ilə məşqul olub olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis idarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün komandiri Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 12-ci vərəqəsində olan 31 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 35-40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 6/2184 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №167» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs imza…..» yazı və imzalar zərfdə təmiz çəkisi 0,838 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, təmiz çəkisi 0,771 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. Cinayət işinin 143-145-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli, 3/1097 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet, dəyənək tipində zavod üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Cinayət işinin 144-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat təşkil etmişdir. Cinayət işinin 156-171-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, təmiz çəkisi 0,838 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,788 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,771 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,721 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd predmet, dəyənək tipində zavod üsulu ilə hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 (bir) ədəd CD disk maddi sübut qismində tanınmış, narkotik vasitə və soyuq silah saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 141-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X5 ekspert komissiyasının 18 iyun 2021-ci il tarixli, 1965 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30.10.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30.04.2007-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarı ilə, Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməmiş qalan 9 ay 12 AME cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 12.02.2008-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan AZ-İ seriyalı, 183751 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 14 yanvar 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X3. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sağ cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli maddə öz dediyinə görə “kokos” deyilən narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində isə “şüşə” deyilən narkotik vasitə, həmçinin Təqsirləndirilən şəxs üzərindən rezin dəstəkli dəyənək aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmiş, eləcədə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 may 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X5 ekspert komissiyasının 18 iyun 2021-ci il tarixli, 1965 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut təmiz çəkisi 0,838 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,788 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,771 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,721 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd predmet, dəyənək tipində zavod üsulu ilə hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 152 (bir yüz əlli iki) manat 70 (yetmiş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan iş üzrə maddi sübut, təmiz çəkisi 0,838 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,788 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,771 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,721 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd predmet, dəyənək tipində zavod üsulu ilə hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 152 (bir yüz əlli iki) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün.İş üzrə mülki iddia yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar