Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-357/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs: 10 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Rafık oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rafık oğlu 04 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızından olan bükümdə olmaqla ümumi təmiz çəkisi 0,380 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və bir ədəd şəffaf sellofandan olan bükümdə olmaqla ümumi təmiz çəkisi 1,093 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 iyul 2021-ci il tarixdə saat 14:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Cəfərov Qardaşları küçəsində yerləşən 30 saylı evin qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızından olan bükümdə təmiz çəkisi 0,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd şəffaf sellofandan olan bükümdə təmiz çəkisi 1,093 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Rafık oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 4-5 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 04 iyul 2021-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Nəsimi rayonu "Kubinka” deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 25 manata 1 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin əldə etmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan istifadə etsin. Həmin tarixdə saat 14:00-da o, ünvan 2 ünvanı qarşısında olduğu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular ona özünü təqdim etməsini söyləmişlər və o xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Rafık oğlu olduğunu, Bakı şəhəri Səbail rayonu A.Məmmədov küçəsi ev 48 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsində və istifadə edilməsində şübhəli olduğunu bildirmişlər və onu 26-cı PB-nə dəvət etmişlər. O razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün onun dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər, o etiraz etməmişdir. Bundan sonra ona “Yusif Allahverdiyev və Partnyorlan” Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahıdan istənilən vəkilin dəvət edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin bürodan vəkil Müdafiəçi dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin iki nəfər polis əməkdaşları və vəkil Müdafiəçi var idilər. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofandan olan bükümü və içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü cibimdən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin var. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və onlara baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin bükümlər 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan onun üzərindən aşkar edilmiş heroin və metamfetamin ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olmasını, 02 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Həmin bölmədə əməliyyat müvəkkili işləyən polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində 04 iyul 2021-ci il tarixdə saat 14:00-da ünvan 3 ünvanı qarşısında olduqları zaman, orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.1987-ci ildə ünvan 4 ünvanında yaşadığını demişdir. Həmin vaxt o və Şahid2 həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və bununla bağlı Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olduğunu bildirmişlər və sonuncu ona təqdim edilmiş siyahıdan “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosundan istənil vəkilin dəvət edilməsini istədiyini bildirmişdir. Bundan sonra “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosundan vəkil Müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra O.Quliyev əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümünü və bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən siqaret qutusunun gümüşü rəngli kağız bükümü açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan büküm açılmış və oradan tünd qəhvəyi rəngli və tozşəkilli maddə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir. Bundan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasiotə heroini və psixotrop maddə metamfetamini o, 04.07.2021 -ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümü və bir ədəd şəffaf sellofan bükümü zərfə qoyulmuş və zərf DİN-in 170 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 02 ədəd büküm içərisində olan maddələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Əlavə olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs Rafık oğlunun narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin və və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs Rafık oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04.07.2021-ci il tarixli, 6/2686 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs Rafık oğlunun...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,093 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,380 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (heroin - 0,050 qram təhqiqata sərf edilmiş, qalıq 1,043 qramdır; metamfetamin - 0,050 qram təhqiqata sərf edilmiş, qalıq 0,330 qramdır). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 02.08.2021-ci il tarixli 2600 saylı rəyindən görünür ki, müavinə zamanı Təqsirləndirilən şəxs Rafık oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 16.06.2011-ci il təvəllüdlü X9, 10.09.2013-cü il təvəllüdlü X11 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 06.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Rafık oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 ay (səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Rafık oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81,82 manat (səksən bir manat 82 qəpik) Təqsirləndirilən şəxs Rafık oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,043 qram narkotik vasitə olan heroin və 0,330 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Rafık oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Rafık oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-357/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-357/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver