Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-237/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri-qanuni əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyinə görə 03.03.2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölmənin inzibati binası gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibində 01 ədəd bükümdə istintaqa məlum olmayan mənbədən əldə etməklə satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyıb saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,189 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir az yaşlı qız övladı vardır. Bir müddətdir narkotik vasitə “heroin”dən istifadə edir. 03.03.2021-ci il tarixdə səhər saatlarında öz istifadəsi üçün “Papanin” adlanan yerdən əvvəllər üzdən tanıdığı, adının Yadulla olduğunu bildiyi, lakin digər anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata 01 bükümdə narkotik vasitə olan heroin almış və əynində olan qara rəngli cins şalvarının cibində gizlətmişdir. 03.03.2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onunla söhbət etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. O, narkotik vasitənin üzərində olması səbəbindən polis əməkdaşlarının suallarından yayınmağa çalışmış və oradan uzaqlaşmaq istəmişdir. Lakin, həmin polis əməkdaşları ondan şübhələndiklərini bildirərək onu Nərimanov RPİ-nin 16-cı PB-ya dəvət etmişlər. Bundan sonra müdafiəçi dəvət edərək həmin polis bölməsinində xidməti otaqlardan birində onun üzərinə baxış keçirməyə başlamış və ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, tutulduğunu görüb narktoik vasitəni gizlətməyinin bir mənasının olmadığını bilmiş və əynindəki qara rəngli cins parçadan olan şalvarının cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddi olan, siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd bükümü və sağ yan cibində olan 01 ədəd “BakıKart”ı təqdim etmişdir. Təqdim etdiyi, içərisində narkotik vasitə olan büküm onun və iştirakçıların gözləri önündə ekspertiza təyin edilməsi üçün qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilərkən ona hər hansı təsir edilməmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PBnin polis sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, 03.03.2021-ci il tarixdə saat 13:30 radələrində xidməti zərurət ilə əlaqədar Nərimanov RPİ-nin 16-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə işlədiyi polis bölməsinin inzibati ərazisi olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 7 ünvanın qarşısında olarkən bir nəfər şəxsin yerişi, hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirmiş, həmin şəxslə söhbət edən zaman onun narkotik vasitə və ya digər güclü təsiredici maddələrin təsiri altında olması onlarda şübhə doğurduğundan həmin şəxsi Nərimanov RPİ-nin 16-cı PB-yə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı PB-yə gəlmişdir. Onlar həmin şəxsi Nərimanov RPİ-nin 16-ci PB-yə gətirdikdən sonra bölmə rəhbərliyinin adına bu barədə raport yazmış və raportun icrası Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Əhmədova həvalə olunmuşdur. Araşdırma zamanı onlar tərəfindən Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə ələ edib saxlamaqda şübhəli olduğundan onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins parçadan olan şalvarının cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd bükümü, digər cibindən isə 01 ədəd “Bakı Kart’a məxsus gediş kartını könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə “kakos” adı ilə tanınan heroindir, həmin heroini öz istifadəsi üçün 03.03.2021-ci il tarixdə “Papanin” adlanan yerdə Yadulla adlı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərində başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 03 mart 2021-ci tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nın təhqiqatçısı X4, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və polis sahə inspektoru Şahid1, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 03.03.2021-ci il tarixdə, saat 13:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq saat 14:00 radələrində şübhəli şəxs qismində 16-cı PB-ya gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins parçadan olan şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd bükümü, sağ yan cibindən 01 ədəd “BakıKart”a məxsus gediş kartını könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi büküm içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heorindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş markotik vasitəni 03.03.2021-ci il tarixdə “Papanin” adlanan yerdən Yadulla adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin narkotik maddəni əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxlamışdır. 03.03.2021-ci il tarixdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 7 saylı ünvanın qarşısına gəlmiş və saat 13:30 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və 218 nömrəli möhürlə möhürlənmişdir. İştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2021-ci il tarixli, 6/880 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,189 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) mantdır; “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3, icraatında olan ********* nömrəli cinayət işində olan 01 ədəd diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə baxış keçirtmişdir. Həmin diskdə 03.03.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış 01 ədəd videogörüntü vardır. Həmin diskə daxil olduqda “FXLM 9019” qarşısında 04.03.2021, onun qarşısında MP4 FİLE və onun qarşısında isə 65,849 KB yazısını görmək mümkündür. Görüntüyə daxil olduqda aşağı sol hissədə FXLM 9019 yazısı görünür və videoçəkiliş başlayır. Videoçəkiliş 04:45 saniyə davam etmişdir. Görüntü başladıqda 02 nəfər şəxs görünür və stulda əyləşmiş şəxs özünü təqdim edərək videoçəkilişə başlayır. Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiatçısı X4 özünü təqdim edərək 03.03.2021-ci il tarixdə Nərıamnov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saat 13:30 radələrində ünvan 5 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq saat 14:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinə başlanılmasını elan edir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində olan hər hansı qeyri-qanuni əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins parçadan olan şalvarının sağ yan cibindən metrokart olmasını bildirdiyi əşyanı çıxararaq təqdim edir. Daha sonra həmin şalvarın sağ yan kiçik cibindən narkotik vasitə olduğunu bildirdiyi 01 ədəd bükümü stolun üzərinə qoyur. Təhqiqatçı narkotik vasitəni haradan əldə etməsini soruşduqda Sərdar Yadulla adlı şəxsdən aldığını bildirir. Daha sonra 2-3 dəfə həmin şəxsdən narkotik vasitə əldə etdiyini bildirir. Təhqiqatçı bükümü götürür və açır. Göy rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli predmeti göstərir, bu zaman müdafiəçi bükümlə tanış olmaq istəyir və təhqiqatçı tərəfindən müdafiəçiyə həmin predmet təqdim edilir. Təqdim edildikdən sonra təhqiqatçı tərəfindən həmin predmet qoxlanılır. Daha sonra yenidən həmin büküm təhqiqatçı tərəfindən bükülərək stolun üzərinə qoyulur. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs əllərini qaldırması və yaxınlaşması xahiş edilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin ön hissəsini açmasını xahiş edir. Həmin gödəkçə və ciblərinə baxış keçirir. Bundan sonra təhqiqatçı əyləşərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik, siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd bükümün əynindəki qara rəngli cins parçadan olan şalvarın sağ yan kiçik cibindən çıxararaq təqdim etməsini bildirir. Daha sonra götürülmüş predmet zərfə qoyulur, şübhəli şəxs Təqsirləndirilən şəxs, iştirakçılar Şahid2, Şahid1 və sonra təhqiqatçı tərəfindən zərf imzalanır. Daha sonra Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona güc tətbiq edilməsi soruşulur. Təqsirləndirilən şəxs ona qarşı hər hansı gücün tətbiq edilməməsini bildirir. Bundan sonra təhqiqatçı həmin predmeti zərfə qoyur və iştirakçılardan imzalamasını xahiş edir. Sonda Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X4 özünü təqdim edib şəxsi axtarış və götürmə prosesinin başa çatmasını bildirir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Şahmar Qurbanovun 05.03.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut hesab etmə haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,189 qram heroin öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,139 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 11 mart 2021-ci il tarixli, 767 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,189 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Yusif oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində azyaşlı (20.02.2020-ci il təvəllüdlü) uşağının olmasını (əsas: iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (03-05 mart 2021-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,139 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yusif oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Yusif oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (03-05 mart 2021-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,139 qram heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-237/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-237/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver