Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-366/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 İNZ binada qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Ruslan” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda 47.008 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibində saxlamaqla daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 295 ünvanında saxlanılıb ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək, onun üzərinə baxış keçirlən zaman əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bağlamada təmiz çəkisi 47.008 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmiş, son vaxtlar isə Ruslan adlı şəxsdən narkotik vasitə almışdır. Ruslanı bir neçə müddətdir tanıyır və ondan bir neçə dəfə narkotik vasitə marixuana almışdır. Sonuncu dəfə 26.05.2021-ci il tarixdə axşam saatlarında Ruslanla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığında görüşmüş və ondan bir ədəd sellofan bağlamada narkotik vasitə marixuana almışdır. Həmin narkotik vasitəyə görə Ruslana 500 manat pul vermişdir. Aldığı narkotiki əynindəki gödəkçənin sol iç cibinə qoymuşdur. Həmin gün, yəni 26 may 2021-ci il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, üzərində narkotik vasitə marixuana olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki gödəkçənin cibindən pulu, mobil telefonları və 01 ədəd sellofan bağlamanı çıxarıb təqdim etmiş, bağlamanın içində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin bağlama tərəflərin iştirakı ilə açıldıqda bağlamanın içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş sellofan bağlamada olan narkotik vasitə marixuananı 26.05.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığından Ruslan adlı şəxsdən 500 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Üzərindən aşkar olunmuş pul özünə qaytarılmış, lakin mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Göstərilənlərlə bağlı protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Saxlanılan zaman ona heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, (055) ***-**-** və (070) ***-**-** nömrələri onun istifadəsində olmuşdur. (070) ***-**-** saylı mobil nömrənin istifadəçisinin kimliyini xatırlamır. Həmin nömrədən onun istifadəsində olan nömrəyə “Ya marwrutke bratan. ti qde? Mne bawik ostav brat cerez 20 min vo dvore” mətnli sms ola bilsin ki, zarafat olaraq göndərilib. Həmçinin, (055) ***-**-** saylı mobil nömrənin də istifadəçisini tanımır və həmin nömrədən də ona “Salam. 1 zehmet olmasa” mətnli sms səhvən göndərilmiş ola bilər. (050) 989-00- 55 saylı mobil nömrədən onun istifadəsində olan nömrəyə göndərilmiş “brat 3 dene saxla dəqiqdi” mətnli sms-i xatırlamır. (077) ***-**-** saylı mobil nömrənin sahibini tanıyır, belə ki, həmin nömrə bir qıza məxsusdur. Həmin qızla bir müddət münasibəti olmuşdur. Həmin nömrədən onun istifadəsində olan nömrəyə göndərilmiş “iwim var senen wey isdemirem” mətnli sms səhvən və ya zarafatla göndərilmiş ola bilər. Sonda Təqsirləndirilən şəxs narkotik maddənin istifadəçisi olduğunu, üzərindən aşkar olunan narkotik maddəni öz istifadəsi üçün aldığını, ibtidai istintaq zamanı narkotik vasitəni satması barədə ifadəni qorxduğu üçün verdiyini, ümumiyyətlə heç kimə narkotik vasitə satmadığını və belə bir niyyətinin olmadığını bildirərək əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və ona həmin maddə ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Ə.Şıxlinski küçəsində yerləşən evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. 26 may 2021-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 295 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında olması müəyyən edilmişdir. Saat 20:30-da “Koroğlu” metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla Baş İdarəyə getmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal olunan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan pulu, mobil telefonları və əynindəki gödəkçəsinin cibindən bir ədəd sellofan bağlamanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağlamaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bağlamanın içində marixuana olduğunu və onu “Ruslan” adlı şəxsdən 500 manata aldığını demişdir. Bağlamaya baxış zamanı da içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olması müəyyən edilmişdir. Həmin bağlamadakı maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin pul Anarın özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 26 may 2021-ci il tarixdə saat 20 radələrində işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 idarəyə Təqsirləndirilən şəxs adında bir nəfər şəxsi gətirib həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun tərəfindən videoçəkiliş aparılmış və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan pul vəsaitini, mobil telefonları və əynindəki gödəkçəsinin cibindən bir ədəd sellofan bağlamanı çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağlamanın içində marixuana olduğunu və onu “Ruslan” adlı şəxsdən 500 manata aldığını demişdir. Bağlamaya baxış zamanı içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olduğu müəyyən edilmişdir. Həmin bağlamadakı marixuanaya bənzər maddə ekspertiza tədqiqatına təqdim olunması üçün Təqsirləndirilən şəxs iştirakı qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin pul Anarın özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs müqavimət göstərilməmiş və ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması barədə” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qisimndə tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması barədə” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, X5, əməliyyat müvəkkilləri Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə protokol tərtib etmişdir. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 26 may 2021 ci il tarixli qərar çıxarılmış və qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 20:30-da Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 295 ünvanının yaxınlığında saxlanılmışdır. Saxlanıldığı zaman anket məlumatları soruşulduqda özünü təqdim etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 dəvət olunaraq şübhəli şəxsə təqdim olundu. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirdi və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradıldı. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edildi, həmçinin ona hüquq və vəzifələri izah edildi. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıması ilə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirildi. O, buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirdi. Şəxsi axtarış və götürmə 26.05.2021-ci il tarixdə saat 22:08-də “Sony” markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildi, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirildi. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən pul vəsaitini, tünd göy rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd mobil telefonu, tünd göy rəngli gödəkçəsinin sol cibindən 01 ədəd mobil telefonu, habelə həmin gödəkçənin iç sol cibindən 01 ədəd sellofan bağlamanı masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin üzərinə baxış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 02 ədəd mobil telefonlara baxış zamanı onların “Samsung A40” markalı və qara rəngli telefon qabında olan “Vertu” markalı mobil telefonlar olduğu müəyyən edildi, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirdi. Mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanıldı. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildi, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq əskinas olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarıldı. Bundan sonra 01 ədəd sellofan bağlamaya baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bağlamanın içində narkotik vasitə olan marixuana olduğunu və onu 26.05.2021-ci il tarixdə 19 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığından satış məqsədi ilə tanımadığı “Ruslan” adlı şəxsdən 500 manata aldığını dedi. Bükümlərə baxış zamanı içində tünd yaşıl rəngli, spesifik iyli ot kütləsi narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuanaya bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd mobil telefonlar araşdırma zərurəti ilə əlaqədar olaraq saxlanıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə 26.05.2021-ci il tarixdə saat 22:20-də başa çatdı və videoçəkiliş dayandırıldı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 7/497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi - 47,008 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manatdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-516/2021 nömrəli, 28 may 2021-ci il tarixli qərarından görünür ki, CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmışdır; “Maddi sübut hesab edilməsi haqqında” 28 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 46,908 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 02 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator X1 haqqında 12 iyul 2021-ci il tarixli, 2277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Baxış keçirilməsi haqqında” 27 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizamı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Nicat Nayıbov, icraatında olan ********* saylı cinayət işi üzrə "xxxx" və "xxxx" MMC-dən istintaqa təqdim edilmiş 04 ədəd vərəqədən ibarət mobil telefon zəngləri, sms və antenn tarixçəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirtmişdir. Baxış zamanı çıxarışın 2-ci vərəqəsində “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəyə 13.04.2020-ci il tarixdə saat 20:03:01-də “iwim var senen wey isdemirem” mətnli “sms” daxil olması müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-nin çıxarışının 2-ci vərəqəsində “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəyə 20.05.2021-ci il tarixdə saat 19:24:11-də “ya marşrutke bratan, ti gde? Mne başik ostav brat cerez 20 min vo dvore”, yəni “Mən avtobusdayam, mənə bir baş qoy, 20 dəqiqəyə gələcəm həyətə” mətnli “sms” daxil olması müəyyən edilmişdir; “Sübutların qiymətləndirilməsi və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" MMC və "xxxx" MMCdən istintaqa təqdim edilmiş 2 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; “Sübutların qiymətləndirilməsi barədə” 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" MMC və "xxxx" MMC-dən istintaqa təqdim edilmiş 2 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən pul vəsaitini, tünd göy rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd mobil telefonu, tünd göy rəngli gödəkçəsinin sol cibindən 01 ədəd mobil telefonu, habelə həmin gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bağlamanı masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilir. Təqsirləndirilən şəxs 01 ədəd sellofan bağlamanın içində narkotik vasitə olan marixuana olduğunu və onu 26.05.2021-ci il tarixdə 19 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığından satış məqsədi ilə tanımadığı “Ruslan” adlı şəxsdən 500 manata aldığını bildirir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Belə ki, cinayət işinin materiallarının tədqiqi zamanı müəyyən edilir ki: - Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində 1 il olar ki, narkotik vasitə marixuananın satışı ilə məşğul olduğunu, narkotik vasitələri fərqli-fərqli şəxslərdən əldə etdiyini, son zamanlar Ruslan adlı şəxsdən narkotik vasitə aldığını, sonuncu dəfə 26.05.2021 -ci il tarixdə saat 19 radələrində Ruslanla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığında görüşərək bir ədəd sellofan bağlamada narkotik vasitə marixuana aldığını və buna görə Ruslana 500 manat pul verdiyini, aldığı narkotik vasitəni əynində olan gödəkçənin sol iç cibinə qoyduğunu etiraf etmiş, narkotik vasitəni alan şəxslərə narkotik vasitəni atdığı yeri deyərək narkotik vasitəni həmin yerdən götürdükdən sonra pulu da həmin yerə qoyduqlarını, narkotik vasitəni satdığı şəxsləri tanımadığını, anket məlumatları və mobil telefon nömrələri barədə heç bir məlumata malik olmadığını bildirmişdir (iş vərəq: 59-61); - Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 01 ədəd CD diskə baış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin iç sol cibindən 01 ədəd sellofan bağlamanı masanın üzərinə qoymaqla təqdim edir, sorğu zamanı sellofan bağlamanın içində narkotik vasitə marixuana olduğunu və onu 26.05.2021-ci il tarixdə 19 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “ASAN” xidmətin yaxınlığından satış məqsədi ilə “Ruslan” adlı şəxsdən 500 manata aldığını bildirir; - "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 02 ədəd CD disklərə baxış zamanı “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəyə 13.04.2020-ci il tarixdə saat 20:03:01-də “iwim var senen wey isdemirem” mətnli “sms” daxil olması, həmçinin “***-***-**-**” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı mobil nömrəyə 20.05.2021-ci il tarixdə saat 19:24:11-də “ya marşrutke bratan, ti gde? Mne başik ostav brat cerez 20 min vo dvore”, yəni “Mən avtobusdayam, mənə bir baş qoy, 20 dəqiqəyə gələcəm həyətə” mətnli “sms” daxil olması müəyyən olunur; - Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs onun istifadəsində olmuş (055- 070) ***-**-** saylı mobil nömrələrə daxil olmuş smslərə dair verilmiş suallara inandırıcı cavablar verməyərək, həmin smslərin zarafatla və ya səhvən ona göndərilə biləcəyini qeyd etmişdir. Belə ki, həmin nömrələrə gələn smslərin mətnləri də Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün almasını, onun narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə dediklərini təkzib edir; - “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 47,008 qram, yəni şəxsi istehlak miqdarından 9 dəfədən çoxdur. Həmin miqdarda narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən özünün şəxsi istifadəsi üçün alınaraq üzərində gəzdirilməsi inandırıcı deyil. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını (əsas: iş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş 26.10.2004-cü il və 10.01.2007-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətləri). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut - "xxxx" MMC və "xxxx" MMC-dən istintaqa təqdim edilmiş 2 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, qalıq çəkisi 46,908 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 45 (qırx beş) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - "xxxx" MMC və "xxxx" MMC-dən istintaqa təqdim edilmiş 2 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, qalıq çəkisi 46,908 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-366/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-366/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver