Məhkəmə qərarları › İş №1(005)-478/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-478/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-478/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Vidadi küçəsi, ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsi, ev 12/6-da yaşamış, barəsində Cəlilabad rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində qanunsuz olaraq əldə edib əynindəki qara rəngli cins şalvarın bel hissəsində saxlamaqla gəzdirmiş, 18 fevral 2023- cü tarixdə saat 19 radələrində Nərimanov rayon 18ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli bilindiyindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın bel nahiyyəsindən üzərində gəzdirdiyi həmin zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitəni mütəmadi olaraq qəbul edir. 18 fevral 2023-cü il tarixdə əvvəldən tanımadığı və anket məlumatlarını bilmədiyi Mehdi adlı şəxslə «İnstaqram» sosial şəbəkəsi vıasitəsi ilə yazışdıqdan sonra həmin şəxsin ona təqdim etdiyi kart hesabına 125 manat pul köçürmüşdür. Bundan sonra həmin tarixdə Nərimanov rayonu, M.Arif küçəsində dəmiryol relslərinin yaxınlığından şəxsi istifadəsi üçün əvvəldən Mehdi adlı şəxsin ona göndərdiyi yerdən «kakos»u və «şüşə»ni götürmüş, üstündən bir qədər keçmiş həmin ərazidə olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən narkotik vasitələrin və saxlanılması qanunla qadağan edilmiş əşyaların saxlanılmasında şübələndiklərini bildirib üzərində şəxsi axtarış və götürmə aparılacağı ona ətraflı izah edilmiş, xidməti otağa polis əməkdaşları hüqüqlarnın müdafiə olunması üçün otağa vəkil dəvət etmiş və ona hüquq və vəziyələri izah olunmuşdur. Polis əməkdaşları ona üzərində qeyri qanuni əşyalar vardırsa təqdim etməyi bildirmiş, o da bundan sonra əynində olan qara rəngli şalvarın bel nahiyəsindən qara dəstəkli parıltılı, metaldan olan bıçağı, həmçinin əynimdə olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığım 01 ədəd şəffaf selofon kəsiyinə bükülmüş içərisində ağ rəngli kristal şəkilli, spesifik qoxuya malik olan şüşə adlı narkotik vasitəni təqdim etmişdir. Üzərindən aşkar edilmiş vasitə şəffaf paketdən açılmış və içərisində kristalşəkilli maddə olduğu aşkar edilmişdir. Bundan sonra həmin maddə polis əməkdaşları tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra üzərindən metal bıçağın və narkotik vasitənin aşkar edilməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokola bütün iştirakçılar kimi o da imza etmişdir. Bundan başqa şalvarının sol yan cibində istifadə etdiyi Samsunq S6 markalı mobdil telefon da olmuşdur. Üzərində şəxsi axtarış və götürmə aparılması prosesi vəkilin iştirakı ilə video çəkiliş ilə qeydə alınmışdır. Göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, narkotik vasitə istifadəçisi olduğudan həmin üzərindən aşkar edilmiş vasitələri «İnstaqram» sosial şəbəkədən Mehdi kimi tanıdığı, lakin şəxsiyyəti barədə başqa məlumatı olmayan şəxsdən öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş bıçağı NZS qəsəbəsində hazırda xatırlamadığı dükandan almış və suvenir kimi üzərində gəzdirmiş, həmin bıçaqla hər hansı bir cinayət törətmək fikri olmamış, həmçinin bıçağı aldığı dükanın yerləşdiyi yeri hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə xidmətdə olarkən ünvan 1 ünvanda olduğu zaman bir nəfər əvvəllər tanımadığı şəxsin və davranışlarından özlərini şübhəli apardığını müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin davranışı və hərəkətləri, eləcədə şifahi suallara qeyri müəyyən cavab verməsi bizdə şübhə yaratdığından həmin şəxsdən onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gəlməsini xahiş etmişlər. Həmin şəxs bizə etiraz etməyib birlikdə 18-ci Polis Şöbəsinin inzibati binasına gəlməyə razılaşmışdır. Birlikdə polis şöbəsinə gəldikdə həmin şəxsi növbətçi hissəyə təqdim etmiş və onun şəxsiyyəti müəyyən edilərək 1996-cı il təvəllüdlü, Ağdam rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra həmin şəxs barəsində qanuni müvafiq tədbir görülməsi barədə raportla məruzə etmiş və sonra polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Polis idarəsinin xidməti otağında tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri- qanuni əşya və ya maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın bel nahiyəsindən qara dəstəkli parıltılı, metaldan olan bıçağı, həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf selofon kəsiyinə bükülmüş içərisində ağ rəngli kristal şəkilli, spesifik qoxuya malik olan şüşə adlı vasitələri təqdim etmiş, həmin selofon paketlərində olan maddələrin «kakos» və «şüşə» kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin əlavə olaraq onun üzərində qanunla saxlanılması qadağan edilmiş başqa hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ildən artıqdır ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qəbul etməklə məşğul olur, həmin üzərindən aşkar edilmiş vasitələri də «İnstaqram» sosial şəbəkədən Mehdi kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, həmçinin üzərindən aşkar edilmiş bıçağı NZS qəsəbəsində hazırda xatırlamadığı dükandan aldığını və suvenir kimi üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş vasitələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü tarixdə saat 19 radələrində Nərimanov rayon 18-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli bilindiyindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın bel nahiyyəsindən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağı, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd şəffaf selofon kəsiyinə bükülü qəhvəyi rəngli tozşəkilli, spesifik qoxuya malik madəi və 01 ədəd selofon kəsiyinə bükülmüş içərisində ağ rəngli kristal şəkilli, spesifik qoxuya malik maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1026 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 224” dairəvi möhür əksi olan, «şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,084 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.02 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0.048 qr.və 0.016 qr.olan təmiz çəkiləri 0.064 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanan narkotik vasitə heroindir. 02 bükümdü heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər.Qeyd:metamfetamin-0,084 qram, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,034 qram. Heroin-0,062 qr, tədqiqata sərf edildi 0,06 qr, qalıq 0,004 qr. 20 fevral 2023-cü il tarixli şübhəli şəxs qismində statusuna xitam verilməsi və MSY-dən azad olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilmiş və Nərimanov RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CMnin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət işinin başlanması rədd edilmiş, barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvvəkilinə göndərilmişdir. Bakı Şəhəri Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-38/2023 nömrəli qərarından görünür ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs digər ərazidə törətdiyi cinayət əməli ilə bağlı həbs qətimkan seçilməsi və Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və işdə olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilmişdir. AR CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmü ilə AR CM-nin 332.2.1 və 332.2.3- cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 il 02 ay müddətinə azadlıqdanq məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli xx.xx.2017-ci il tarixdən hsablanmışdır. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski, 01 ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 02 ədəd bükümdə təmiz çəkisi 0,046 qram, 0,016 qram, ümumi təmiz çəkisi 0,064 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və bir ədəd Samsunq markalı mobil telefon maddi sübüt kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,034 qram metamfetaminin və 0,004 qram heroinin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və bir ədəd Samsunq markalı mobil telefon Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.4-cü maddəsinə əsasən Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirici hallar müəyyən etmir. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun istintaq zamanı 2 gün həbsdə saxlanıldığı təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində hazırki iş üzrə “həbs” qətimkan tədbiri seçilməli və onun həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılmalı, cinayət işi üzrə maddi sübut – Nərimanov RPİnin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və bir ədəd hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş kustar üsulla hazırlanmış psixotrop maddə 0,034 qram metamfetamin və kustar üsulla hazırlanan narkotik vasitə 0,004 qr heroinlə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 17 mart 2023-cü il tarixli qərarla AR İXM-nin 206-cı maddəsi ilə icraat ayrıldıgından həmin narkotiklərin məhv edilməsi həmin işə aid edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 02 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan seçilsin, Bakı Şəhəri Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)-38/2023 nömrəli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş kustar üsulla hazırlanmış psixotrop maddə 0,034 qram metamfetamin və kustar üsulla hazırlanan narkotik vasitə 0,004 qr heroinlə bağlı Təqsirləndirilən şəxs barəsində 17 mart 2023-cü il tarixli qərarla AR İXM-nin 206-cı maddəsi ilə icraatın ayrılması nəzərə alınsın. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatınn dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar