Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-49/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 95, mənzil 21 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Zeytun 594” aptekə müştəri qismində daxil olaraq girişdən sol tərəfdə yerləşən uşaq qidaları rəfindən dəyəri 26 manat təşkil edən bir ədəd “Friso Gold” markalı uşaq qidasını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus “Buta Azərbaycan 31” aptekə müştəri qismində daxil olaraq girişdən sol tərəfdə yerləşən uşaq qidaları rəfindən ümumi dəyəri 41,6 manat təşkil edən iki ədəd “Friso Gold” markalı uşaq qidasını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Şəfa” aptekə müştəri qismində daxil olaraq girişdən sol tərəfdə yerləşən uşaq qidaları rəfindən ümumi dəyəri 52 manat təşkil edən iki ədəd “Friso Gold” markalı uşaq qidasını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün xx xxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Nərgiz 364” aptekə müştəri qismində daxil olaraq girişdən sol tərəfdə yerləşən uşaq qidaları rəfindən ümuni dəyəri 40,38 manat təşkil edən iki ədəd “Friso Gold” markalı uşaq qidasını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddət işsiz olmuş, lakin hazırda motosiklet ustası kimi işləyir. İşləmədiyi vaxtlarda pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, apteklərə müştəri qismində daxil olub uşaq qidaları rəfindən uşaq qidalarını oğurlasın və ya həmin uşaq qidalarını rəflərdən götürüb qaçaraq aptekdən uzaqlaşsın. Əldə edəcəyi pulla isə öz şəxsi ehtiyaclarını ödəsin. Buna görə də xx xxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Yasamal rayonunda yerləşən «Zeytun 594» aptekə daxil olmuşdur. Həmin aptekə daxil olandan sonra satıcının bir nəfər cavan qız olduğunu görmüş və yalandan uşaq qidaları olan rəfə yaxınlaşıb uşaq yeməklərinə baxmağa başlamışdır. Həmin yerdən uşaq yeməyini gizlincə götürə bilməyəcəyini görüb qərara gəlmişdir ki, uşaq yeməkləri rəfindən uşaq yeməyini götürüb qaçsın. Belə ki, həmin satıcı qız ona baxsa da, həmin satıcının ondan aralıda olmasını və uşaq qidaları rəfinin aptekin çıxış qapısının yaxınlığında olmasını nəzərə alıb qərara gəlmişdir ki, uşaq qidaları rəfindən uşaq qidasını götürüb qaçaraq aptekdən çıxsın. O, uşaq yeməklərinin olduğu rəfdən cəld 01 ədəd «Friso Gold» markalı uşaq yeməyini götürüb qapıya tərəf qaçmışdır. Bu zaman həmin satıcı qız qışqıraraq ona dayanmağını bildirib satış nöqtəsindən ona doğru gəldiyini görmüşdür. O da dərhal aptekdən çıxıb aptekin qarşısında saxladığı ona məxsus mopedə minərək oradan uzaqlaşmışdır. Həmin vaxtı satıcı qızın onun arxası ilə çölə çıxıb qışqıraraq dayanmağını bildirməyini eşitsə də, o, oradan uzaqlaşmışdır. Əldə etdiyi qidanı isə Yasamal rayonunda tanımadığı şəxsə ucuz qiymətə satmış və əldə etdiyi pulu isə xərcləmişdir. Bundan başqa, xx xxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Yasamal rayonu, Azərbaycan prospektində yerləşən aptekə uşaq qidalarını oğurlamaq məqsədi ilə müştəri qismində daxil olmuşdur. Həmin aptekə daxil olandan sonra satıcının bir nəfər cavan qız olduğunu görmüşdür. Ətrafa nəzər saldıqdan sonra uşaq qidaları olan rəfə yaxınlaşmışdır. Həmin vaxtı aptekdə bir neçə müştəri də olmuşdur. Satıcı qızın başı həmin müştərilərə qarışdığından o, uşaq qidaları rəfindən 2 ədəd «Friso Cold» markalı uşaq qidasını götürmək istəyərkən həmin rəfdə olan uşaq qidalarının bəzisi yerə düşmüşdür. Buna görə müştərilərin və satıcının diqqəti ona yönəlmişdir. O, dərhal həmin 2 ədəd uşaq qidasını götürüb aptekin çıxış qapısına tərəf qaçmaq istəyən zaman müştərilərdən biri onu tutub saxlamaq istəmişdir. Lakin, o, həmin qadının əlindən çıxıb qaçaraq aptekdən çölə çıxmışdır. Aptekdə olan satıcı qız və onu saxlamaq istəyən qadın müştəri ona qışqıraraq dayanmağını bildirsələr də o, dərhal aptekin yaxınlığında saxladığı ona məxsus mopedə minərək oradan uzaqlaşmışdır. Əldə etdiyi qidanı isə «Kubinka» deyilən yerdə tanımadığı şəxsə ucuz qiymətə satmış və əldə etdiyi pulu isə xərcləmişdir. Bundan başqa, xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində Xətai rayonu ərazisində yerləşən «Şəfa» aptekə müştəri qismində daxil olmuşdur. Həmin aptekə daxil olandan sonra satıcının iki nəfər cavan qız olduğunu görüb qərara gəlmişdir ki, uşaq qidaları rəfindən uşaq qidasını götürüb qaçsın. Belə ki, həmin satıcı qızlardan biri ona baxsa da, həmin satıcının ondan aralıda olmasını, digər satıcı qızın başının nəyəsə qarışmasını və uşaq qidaları rəfinin aptekin çıxış qapısının yaxınlığında olmasını nəzərə alıb qərara gəlmişdir ki, uşaq qidaları rəfindən uşaq qidasını götürüb qaçaraq aptekdən çıxsın. O, uşaq yeməklərinin olduğu rəfə yaxınlaşmış, həmin zaman satıcı qızlardan biri ona tərəf gəlib ondan bir az aralıda dayanmışdır. O, buna görə qapıya tərəf getmişdir ki, həmin satıcı qız oradan uzaqlaşsın, lakin satıcı qızın orada dayandığını görüb qərara gəlmişdir ki, rəfdən uşaq qidasını cəld götürüb aptekdən qaçaraq çıxsın. Buna görə uşaq qidaları olan rəfə yenidən yaxınlaşmışdır. Həmin vaxtı satıcı qız bir az kənarda dayanmışdır. O, cəld rəfdən 2 ədəd «Friso Gold» markalı uşaq yeməyini götürüb aptekin çıxış qapısına tərəf qaçmışdır. Bu zaman orada olan satıcı qızlar onun arxası ilə qışqırıb dayanmağını bildirmişlər, lakin o, qaçaraq aptekdən çölə çıxmış və aptekin qarşısında saxladığı ona məxsus mopedə minərək oradan uzaqlaşmışdır. Həmin vaxtı satıcı qızlar onun arxası ilə çölə çıxıb qışqırsalar da o, buna əhəmiyyət verməmişdir. Əldə etdiyi uşaq qidalarını isə Yasamal rayonunda tanımadığı şəxsə ucuz qiymətə satmış və əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, xx xxx 2020-ci il tarixdə, saat təxminən 17 radələrində Nərimanov rayonu ərazisində yerləşən «Nərgiz» aptekə müştəri qismində daxil olmuşdur. Həmin aptekə daxil olandan sonra satıcının bir nəfər oğlan olduğunu görmüşdür. Həmin oğlan ona baxmışdır. O, ətrafa baxıb uşaq qidaları olan rəfin aptekin qapısının yanında olduğunu, satıcının ondan aralıda olmasını görüb qərara gəlmişdir ki, uşaq qidaları rəfindən uşaq qidasını götürüb qaçsın. O, uşaq qidalarının olduğu rəfə yaxınlaşmış, həmin zaman satıcı oğlan ondan nə lazım olduğunu soruşan zaman artıq onun hərəkətlərindən şübhələndiyini başa düşdüyü üçün o, dərhal rəfdən 2 ədəd «Friso Gold» markalı uşaq qidasını cəld götürüb aptekdən qaçaraq çıxmışdır. Həmin vaxtı satıcı oğlan ona qışqıraraq dayanmağını bildirsə də, o, dayanmamış və qaçaraq aptekdən çölə çıxmış, hiss etmişdir ki, həmin oğlan da onun arxası ilə gəlir. Aptekin qarşısında saxladığı ona məxsus mopedə minərək oradan uzaqlaşmışdır. Həmin vaxtı satıcı oğlan onun arxası ilə çölə çıxıb qışqırsa da o, oradan dərhal uzaqlaşmışdır. Əldə etdiyi uşaq qidalarını isə Yasamal rayonunda tanımadığı şəxsə ucuz qiymətə satmış və əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən «Zeytun 594» adlı aptek və içərisindəki bütün dərmanlar, əşyalar ona məxsusdur. xx xxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində müştəri qismində aptekə daxil olmuş bir nəfər cavan oğlan aptekin girişindən sol tərəfdə olan uşaq yeməkləri rəfindən 1 ədəd 26 manat dəyərində «Friso Gold» markalı uşaq yeməyini götürüb aptekin çıxış qapısına tərəf qaçmışdır. Bu zaman aptekdə satıcı kimi olan Zeynəb Ağazədə həmin şəxsə qışqırıb dayanmasını bilidirərək arxası ilə getmək istəyən zaman həmin şəxs aptekdən qaçaraq çıxmışdır. Zeynəb arxası ilə çölə çıxsa da, həmin şəxs aptekin yaxınlığında dayanmış mopedə minərək oradan uzaqlaşmışdır. O, həmin vaxtı orada olmasa da, bunları ona Zeynəb danışmış və sonradan aptekdə quraşdırılmış videokameralardan hadisənin necə baş verməsini görmüşdür. O, bu barədə ərizə ilə Yasamal RPİ-nin 28-ci PB-nə şikayət etmişdir. Sonradan həmin hadisəni törətmiş şəxsi ona məxsus aptekə gətirmişlər və o, həmin şəxs əyani olaraq görmüşdür. Həmin şəxs də aptekdə hadisəni necə törətməsini polis əməkdaşlarına bir daha bildirmişdir. Hadisə nəticəsində ona 26 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən «Buta Azərbaycan 31» adlı aptek və içərisindəki bütün dərmanlar, əşyalar ona məxsusdur. O, həmin aptekdə əlavə olaraq müdir vəzifəsində işləyir ki, aptekdə olan işçilərə, pullara və mallara nəzarət edə bilsin. Aptekdə bəzən əczaçı icazəli olduğu və ya əczaçı olmadığı halda o, dərman vasitələrinin satışı ilə də özü məşğul olur. xx xxxxx 2020-ci il saat saat 21 radələrində aptekə müştəri qismində bir nələr cavan oğlan daxil olmuşdur. Həmin oğlan satıcı Leylanın müştərilərlə məşğul olasından istifadə edib aptekin girişindən sol tərəfdə olan uşaq yeməkləri rəfindən dəyəri 27,2 manat və 14,4 manat təşkil edən 2 ədəd «Friso Gold» markalı uşaq yeməyini götürmək istəyən zaman rəfdəki uşaq yeməklərini yerə tökmüşdür. Həmin vaxtı müştərilər və satıcı Leyla ona tərəf baxıb nə lazım olduğunu soruşarkən, həmin oğlan cəld rəfdən uşaq yeməklərini götürüb aptekin çıxışına tərəf qaçmışdır. Bu zaman aptekdə olan qadın müştərilərdən biri həmin şəxsi tutub saxlamaq istəsə də saxlaya bilməmişdir. Leyla qışqıraraq həmin oğlana dayanmasını bildirmiş, lakin həmin oğlan satıcının iradlarına və qadın müştərinin ona saxlamaq istəməsinə baxmayaraq aptekdən qaçaraq çıxmışdır. Həmin vaxtı o da arxa otaqda dərmanların sayımını etdiyi üçün dərhal çölə çıxmış və Leyla ilə birlikdə həmin oğlanın arxası ilə getmək üçün aptekdən çölə çıxsalar da, həmin oğlan aptekin yaxınlığında olan mopedə minib oradan uzaqlaşmışdır. Həmin oğlan mopedə minən zaman Leyla onun arxası ilə səslənmiş, oğlan onlara tərəf baxsa da, buna əhəmiyyət verməyib oradan uzaqlaşmışdır. O, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və həmin gün ərizə ilə Yasamal RPİ-nin 26-cı PB-nə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Xətai rayonu, X.Məmmədov küçəsi 41 saylı ünvanında yerləşən «Şəfa» aptek və içərisindəki bütün dərmanlar, əşyalar ona məxsusdur, həmin apteki təxminən 3 ildir ki, o, işlədir. xx xxx 2020-ci il tarixdə saat saat 15 radələrində müştəri qismində aptekə daxil olmuş bir nəfər cavan oğlan aptekin içərisində olan uşaq yeməkləri rəfindən hər birinin dəyəri 26 manat təşkil edən 2 ədəd «Friso Gold» markalı uşaq yeməyini götürüb aptekin çıxış qapısına tərəf qaçmışdır. Bu zaman aptekdə satıcı işləyən Xədicə Eynulllayeva və Şahid2 həmin şəxsə qışqırıb dayanmasını bilidirərək arxası ilə getmək istəsə də, həmin şəxs aptekdən qaçaraq çıxmışdır. İlk əvvəl Xədicə və daha sonra Sevil arxası ilə çölə çıxsa da, həmin şəxs aptekin yaxınlığında dayanmış mopedə minərək oradan uzaqlaşmışdır. O, həmin vaxtı orada olmasa da, bunları ona Xədicə və Zeynəb danışmış, sonradan aptekdə quraşdırılmış videokameralardan hadisənin necə baş verməsini görmüşdür. İşlərinin çoxluğu ilə əlaqədar olaraq o, hadisə günü yox, xx.xx.2020ci il tarixdə baş vermiş hadisə barədə ərizə ilə Xətai RPİ-nin 36-cı PB-nə şikayət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 52 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 96 ünvanında yerləşən «Nərgiz 364» aptek və içərisindəki bütün dərmanlar, əşyalar ona məxsusdur. O, həmin aptekdə əlavə olaraq kassir vəzifəsində işləyir ki, aptekdə olan pullara və mallara nəzarət edə bilsin. Aptekdə bəzən əczaçı icazəli olduğu və ya əczaçı olmadığı halda o, dərman vasitələrinin satışı ilə də özü məşğul olur. xx xxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində o, aptekdə özü olan zaman içəri müştəri qismində bir nəfər cavan oğlan daxil olmuşdur. Həmin şəxsin hərəkətləri onda şübhə yaratmışdır. Belə ki, həmin şəxs aptekə girən andan aptekin giriş qapısının sol tərəfində yerləşən rəfdəki uşaq yeməklərinə baxırmış. Həmin zaman onun başı başqa işlərə qarışsa da, o, kassanın yanından həmin şəxsə nə lazım olduğunu soruşmuşdur. Həmin şəxs qəfildən uşaq yeməkləri rəfindən hər birinin dəyəri 20,19 manat olan 2 ədəd «Friso Gold» markalı uşaq yeməyini götürüb aptekin çıxış qapısına tərəf gedərkən başa düşmüşdür ki, həmin şəxs qaçıb gedəcəkdir. Dərhal o, həmin şəxsə dayanmasını bildirərək ona tərəf gedən zaman həmin şəxs sürətlə aptekdən qaçaraq çıxmışdır. O, arxası ilə çölə çıxsa da, həmin şəxs aptekin qarşısında dayanmış mopedə minərək oradan uzaqlaşmışdır. Həmin şəxs mopedi özü idarə etmiş və yanında heç kim olmamışdır. O, bu barədə ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə şikayət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 40,38 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o Xətai rayonu, X.Məmmədov küçəsi 41 ünvanında yerləşən «Şəfa» aptekdə əczaçı işləyir. Həmin aptek Asif müəllimə məxsusdur. xx xxx 2020-ci il saat saat 15 radələrində o, aptekdə iş yoldaşı Xədicə ilə birlikdə olan zaman içəri müştəri qismində bir nəfər cavan oğlan daxil olmuşdur. Həmin şəxs aptekin girişindən sol tərəfdə olan uşaq yeməkləri rəfinə yaxınlaşmış və bir müddət uşaq yeməklərinə baxmışdır. Həmin şəxsin hərəkətləri onda şübhə yaratdığı üçün Xədicə həmin şəxsin yanına tərəf getmişdir. Lakin, həmin oğlan əvvəlcə çıxış qapısına tərəf gedib oradakı dərmanlara nəzər salmış, sonradan yenə uşaq yeməkləri olan rəfə yaxınlaşıb qəfildən Xədicənin yanında uşaq yeməkləri rəfindən 2 ədəd, ümumi dəyəri 52 manat təşkil edən «Friso Gold» markalı uşaq yeməyini götürüb aptekin çıxış qapısına tərəf qaçmışdır. Xədicə və o dərhal həmin oğlana qışqıraraq arxası ilə qaçsalar da, həmin oğlan qaçaraq aptekdən çıxmışdır. Onlar həmin oğlanın arxası ilə çölə çıxsalar da, həmin şəxs aptekin yaxınlığında dayanmış mopedə minərək oradan uzaqlaşmışdır. O və Xədicə dərhal hadisə barədə Asif müəllimə məlumat vermişlər. Sonradan isə Asif müəllim bu barədə polisə şikayət etmişdir. Bu hadisədən bir müddət sonra polis əməkdaşları həmin şəxsi aptekə gətirmişlər və həmin şəxs polis əməkdaşlarına uşaq yeməyini haradan götürdüyünü göstərmiş, o, həmin oğlanı görüb tanımışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Şahid3 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Cinayət işinin 138-139-cu vərəqələrində olan Şahid3 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən «Buta Azərbaycan 31» adlı aptekdə əczaçı işləyir. Həmin aptek Zərərçəkmiş şəxs4 məxsusdur, həmçinin Nəzakət xanım aptekdə müdirlik edir. xx xxxxx 2020-ci il saat saat 21:15 radələrində o, aptekdə bir neçə müştəri ilə məşğul olan zaman içəri müştəri qismində bir nəfər cavan oğlan daxil olmuşdur. Həmin şəxs aptekin girişindən sol tərəfdə olan uşaq yeməkləri rəfinə yaxınlaşmışdır. Həmin oğlan uşaq yeməkləri rəfindən dəyəri 27,2 manat və 14,4 manat təşkil edən 2 ədəd «Friso Gold» markalı uşaq yeməyini götürmək istəyən zaman rəfdəki uşaq yeməklərini yerə tökmüşdür. Həmin vaxtı müştərilər və o, həmin oğlana tərəf baxıb, nə lazım olduğunu soruşarkən, həmin oğlan cəld rəfdən uşaq yeməklərini götürüb aptekin çıxışına tərəf qaçmışdır. Bu zaman aptekdə olan qadın müştərilərdən biri həmin şəxsi tutub saxlamaq istəsə də, saxlaya bilməmişdir. O, qışqıraraq həmin oğlana dayanmasını bildirmiş, lakin həmin oğlan satıcının iradlarına və qadın müştərinin ona saxlamaq istəməsinə baxmayaraq aptekdən qaçaraq çıxmışdır. Həmin vaxtı Nəzakət xanım da arxa otaqdan çıxıb onun arxası ilə aptekdən çölə çıxmışdır. Həmin oğlan aptekin yaxınlığında olan mopedə minib oradan uzaqlaşmışdır. Həmin oğlan mopedi tək özü idarə edirmiş. Həmin oğlan mopedə minən zaman o, oğlanın arxası ilə səslənmiş, həmin oğlan onlara tərəf baxsa da, buna əhəmiyyət verməyib oradan uzaqlaşmışdır. Nəzakət xanım dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və sonradan polis orqanlarına gedib şikayət etmişdir. Bu hadisədən bir müddət sonra həmin hadisəni törətmiş şəxsi Bakı şəhər Baş Polis İdarəsinin polis əməkdaşları aptekə gətirmişlər və o, həmin şəxsi əyani olaraq görüb tanımışdır. Həmin şəxs də aptekdə hadisəni necə törətməsini Bakı şəhər BPİ-nin polis əməkdaşlarına bir daha bildirmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən «Zeytun 594» adlı aptekdə əzaçı işləyir. Həmin aptek Zərərçəkmiş şəxs3 məxsusdur. xx xxxxx 2020-ci il saat saat 19:30 radələrində o, aptekdə olan zaman içəri müştəri qismində bir nəfər cavan oğlan daxil olmuşdur. Həmin şəxs aptekin girişindən sol tərəfdə olan uşaq yeməkləri rəfinə yaxınlaşmışdır. O, isə həmin oğlana satış nöqtəsindən nə istədiyinə baxmışdır. Bu zaman həmin oğlan qəfildən uşaq yeməkləri rəfindən 1 ədəd 26 manat dəyərində «Friso Gold» markalı uşaq yeməyini götürüb aptekin çıxış qapısına tərəf qaçmış, o da darhal həmin oğlana qışqıraraq arxası ilə qaçsa da, həmin oğlan qaçaraq aptekdən çıxmışdır. O, həmin oğlanın arxası ilə çölə çıxsa da, həmin şəxs aptekin yaxınlığında dayanmış mopedə minərək oradan uzaqlaşmışdır. Həmin oğlan mopedi özü idarə edirmiş və yanında heç kim olmamışdır. O, dərhal hadisə barədə Rövşən müəllimə məlumat vermişdir. Sonradan isə Rövşən müəllim bu barədə polisə şikayət etmişdir. Bu hadisədən bir müddət sonra polis əməkdaşları həmin şəxsi aptekə gətirmişlər və həmin şəxs polis əməkdaşlarına uşaq yeməyini haradan götürdüyünü göstərmişdir. O, həmin oğlanı görüb tanımışdır. Cinayət işinin 9-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 96 saylı ünvanda yerləşən “Nərgiz 364” aptekdir. Sözü gedən aptek hündür mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Aptekin qarşısında pilləkənlər vardır. Aptekin giriş qapısı plastik çərçivəli şüşə qapıdır. Giriş qapısının üzərində və ətrafında aptekin yazı və reklam lövhələri vardır. Aptekin qarşısında piyada yolu və 2 cərgəli asvalt örtüklü avtomobil yolu vardır. Aptekə baxış zamanı müəyyən olundu ki, giriş qapısının qarşısında satıcı və kassa aparatı, sağ və sol tərəfdə isə müxtəlif növ dərman preparatları vardır. “Friso” uşaq yeməyi aptekin giriş qapısının sol tərəfində dərmanların üst hissəsində olan rəfdən oğurlanmışdır. Hadisə yerinin foto şəkilləri çəkilərək tərtib olunmuş protokola əlavə ediləcəkdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 41 ünvanında yerləşən “Şəfa” Aptekdir. Həmin aptekin qarşısında avtomobil yolu, digər tərəflərində isə başqa obyektlər yerləşir. X1 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində bir nəfər naməlum şəxs aptekə girərək satıcının gözü qarşısında açıq-aşkar surətdə iki ədəd “Fresco” uşaq yeməyini vitrindən götürüb qaçıb gedərək onları ələ keçirmişdir. O, hadisə nəticəsində aptekə 52 manat ziyan dəyməsini bildirmişdir. Aptekin videomüşahidə kameralarından hadisənin videogörüntüsü əldə edilərək materiala əlavə olunmuşdur. Hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Protokol iştirakçılara oxunmuş, heçbir vəsatət daxl olmamış və imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 44-cü vərəqində olan “Kompakt diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-ci PB-nin təhqiqatçısı Faiq Şahverdiyev, CPM-nin 51-ci maddəsinin tələblərinə uyğun olaraq həmin protoklu ondan ötrü tərtib edir ki, xx.xx.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat 15 radələrində işlədiyi Xətai rayonu, X.Məmmədov küçəsi 41 ünvanında yerləşən “Şəfa” Aptekdən 2 ədəd “Fresco” uşaq yeməyinin naməlum şəxs tərəfindən satıcının gözü qarşısında açıq-aşkar şəkildə götürüb qaçıb gedərək onları ələ keçirməsini bildirmişdir. Tərəfindən hadisənin videogörüntüsü aptekin təhlükəsizlik kamerasından əldə edilərək diskə köçürülüb materiala əlavə olunmuşdur. Diskə baxış keçirilən zaman görünür ki, bir nəfər kişi cinsli şəxs aptekə daxil olaraq satıcının gözü qarşısında açıq-aşkar şəkildə 2 ədəd uşaq yeməyini vitrindən götürüb aptekdən qaçıb gedir. Satıcı onun arxasında qaçır, lakin həmin şəxs buna məhəl qoymayaraq götürdüyü ərzaqları aşkar şəkildə talayır. Cinayət işinin 51-53-cü vərəqələrində olan “Baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən “Buta Azərbaycan 31” aptekin qarşısıdır. Aptekin qarşısında Azərbaycan prospekti avtomobil yolu, sol tərəfində “SİS” geyim mağazası, sağ tərəfində isə Vidadi küçəsi avtomobil yolu yerləşir. Aptekin giriş qapısı şüşədən ibarətdir. Giriş qapısından içəridə qarşıda kassa, sağ və sol tərəflərdə isə müxtəlif dərman vasitələrinin düzülmüş olduğu vitrinlər yerləşir. Giriş qapısından sol tərəfdə vitrinin arxasında, vitrində səliqə ilə düzdülmüş “Friso Gold” markalı uşq yeməklərinin olması müşahidə olunur. Vətəndaş Zərərçəkmiş şəxs4 həmin uşaq yeməklərindən iki ədədinin naməlum şəxs tərəfindən oğurlandığını bildirir. Baxış süni işıqllandırma şəraitində keçirilmiş, kamera görüntüləri müəyyən olunmamış, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Baxış saat 22:01-də başlamışdır, saat 22:20-də başa çatmışdır. Cinayət işinin 125-ci vərəqində olan “Diskin könüllü təqdim edilməsi və diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X3 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrini rəhbər tutaraq həmin protokolu iş üzrə Zərərçəkmiş şəxs3 iştirakları ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar, Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən «Zeytun 594» aptekdə baş vermiş hadisənin görüntülərinin əks edildiyi 1 ədəd CD diski könüllü olaraq istintaqa təqdim etmişdir. Təqdim edilmiş diskə tərəfindən baxış keçirilməsi üçün həmin CD disk kompyüterin prosessoruna qoyulmuş və ekranda açılmış faylın 17 saniyə olduğu, görüntüdə bir nəfər cavan oğlanın rəfdən uşaq yeməyini götürüb iti sürətlə aptekdən çıxdığı, bu zaman aptekdə işləyən satıcının onun arxası ilə müəyyən edilmişdir. Cinayət işinin 137-ci vərəqində olan “Diskin könüllü təqdim edilməsi və diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X3 Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrini rəhbər tutaraq həmin protokolu iş üzrə Zərərçəkmiş şəxs4 iştirakları ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar, Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən «Buta Azərbaycan 31» aptekdə baş vermiş hadisənin görüntülərinin əks edildiyi 1 ədəd CD diski könüllü olaraq istintaqa təqdim etmişdir. Təqdim edilmiş diskə tərəfindən baxış keçirilməsi üçün həmin CD disk kompyüterin prosessoruna qoyulmuş və ekranda açılmış faylın 51 saniyə olduğu, görüntüdə bir nəfər cavan oğlanın rəfdən uşaq yeməyini götürüb iti sürətlə aptekdən çıxdığı, bu zaman aptekdə olan müştərilərdən bir nəfər qadının həmin şəxsi tutub saxlamaq istədiyi, lakin həmin oğlanın qaçaraq aptekdən çıxdığı, aptekdə işləyən satıcının və müştərilərin onun arxası ilə aptekdən çölə çıxdığı müəyyən edilmişdir. Cinayət işinin 140-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 196-197-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 210-cu vərəqində olan 64 saylı MKİS tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 211-226-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən «Zeytun 594» aptekdə, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən «Buta Azərbaycan 31» aptekdə, xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən “Şəfa” aptekdə baş vermiş soyğunçuluq hadisəsinin görüntülərinin əks edildiyi CD disklərin iş üzrə maddi sübut qismində tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkiş şəxs Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 3cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqalar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 180.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən «Zeytun 594» aptekdə, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən «Buta Azərbaycan 31» aptekdə və xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən “Şəfa” aptekdə baş vermiş soyğunçuluq hadisəsinin görüntülərinin əks edildiyi CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 55 ünvanında yerləşən «Zeytun 594» aptekdə, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 31 ünvanında yerləşən «Buta Azərbaycan 31» aptekdə və xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən “Şəfa” aptekdə baş vermiş soyğunçuluq hadisəsinin görüntülərinin əks edildiyi CD disklər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-49/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-49/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver